Bu yaxınlaradək Azərbaycan bankları uzunmüddətli planlar qurmağa cəsarət etmirdi. Manatın devalvasiyası və bir sıra kredit müəssisələrinin müflisləşməsi sanki bütün bazar iştirakçılarının əl-qolunu bağlamışdı. Lakin çoxlarının təəccübünə baxmayaraq, bank sahəsi sürətlə bərpa edilib və hətta müsbət dinamika göstərməyə başlayıb. Xüsusilə, 2019-cu ilin sonuna doğru əmanətlərin həcmi 7% – dən çox artıb. Lakin bank böhranının tam başa çatmasından danışmaq hələ tezdir,- deyə Dalma Newsə müsahibəsində “Antikollektor” hüquq firmasının rəhbəri, “Azərbaycanın bank hüququ” kitabının müəllifi Əkrəm Həsənov bildirib.

“Tənzimləyicinin məlumatına görə, 1 dekabr 2019 – cu il tarixinə Azərbaycan fiziki şəxslərinin bank əmanətləri 8,682 milyard manat təşkil edib ki (onlardan 8 mlrd 170 mln.manat rezidentlərin, 511 mln. manatdan çoxu qeyri–rezidentlərin əmanətləri olub – Avt.) bu da ötən ilin analoji dövrünün göstəricisindən 609 milyon manat çoxdur. Təbii ki, böhran dövrünə, yəni manatın devalvasiyasına qədər göstəriciyə nail olmaqdan danışmaq hələ tezdir”, – deyə Əkrəm Həsənov qeyd etmişdir.

Ekspertin fikrincə, əmanətlərin artması Azərbaycan banklarının əhalinin kommersiya maliyyə müəssisələrinə zəifləmiş inamını qaytara bildiklərindən xəbər vermir.

“Əhali öz əmanətlərini, ilk növbədə, hökumətə etibar edir. Son dörd il ərzində Azərbaycanda fiziki şəxslərin əmanətlərinin tam sığortalanması sistemi fəaliyyət göstərir ki, bunun analoqu heç vaxt olmayıb. İnsanlar daha 2015-ci il hadisələrinin təkrarlanacağı təqdirdə öz kapitallarını itirə biləcəklərindən qorxmurlar. Bundan başqa, son üç il ərzində milli valyuta sabit olaraq dollara nisbətdə 1,70 manat səviyyəsində saxlanılır. Bu onu göstərir ki, Mərkəzi Bank manatın məzənnəsi daxili və dünya bazarının iqtisadi göstəricilərinə reaksiya vermədiyi halda, öz köhnə strategiyasına uyğun olaraq fəaliyyətini davam etdirir. Lakin sıravi vətəndaşları nizamlayıcının kursu inzibati yolla nə üçün saxlaması və bunun iqtisadiyyata necə təsir göstərməsi maraqlandırmır. Vətəndaşlar üçün ən vacib məsələ sabitlikdir və burda onları anlamaq olar”, – deyə ekspert bildirir.

Lakin hökumətin iqtisadi bloku və ekspertlər anlayırlar ki, bu halda sabitlik Azərbaycanın milli iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. “Azərbaycan iqtisadiyyatı da manat kimi sabit səviyyədə qalmaqdadır. Biz çox ləng və zəif irəliləyirik. Biznesmenlər, hətta bankirlər iqtisadiyyata kifayət qədər investisiya qoymurlar ki, bu da biznes mühitini daraldıb məhdudlaşdırır. Bir tərəfdən, biznes uzunmüddətli layihələrə vəsait yatırmağa risk etmir. Digər tərəfdən, “yastıq altında” saxlamaq da çıxış yolu deyil. Buna görə də, onlar üçün qısamüddətli mənfəət timsalında banklar ideal və mükəmməl bir seçimdir. Yəni, biznes pulları iqtisadiyyatın inkişafına getmir, sadəcə banklarda dövr edib fırlanırlar. Öz növbəsində, maliyyə institutları biznesin kreditləşdirilməsində az maraqlıdırlar, onlar istehlak kreditlərinin verilməsi ilə kifayətlənmşlər. Hökumət bu barədə narazılığını açıq bildirir. Yalnız son aylar ərzində dövlət başçısı bank sistemini bir neçə dəfə tənqid edib. Prezident xüsusilə, iqtisadiyyatın real sektorunun, o cümlədən qeyri- neft sektorunun kreditləşdirilməsi üzrə bankların işindən narazıdır”, – deyə Həsənov qeyd edib.

Əкrəm Həsənov

Bununla yanaşı, Mərkəzi Bankın rəhbəri bu günlər bildirib ki, noyabrın 28-də prezidentin fərmanı ilə ləğv edilmiş maliyyə bazarlarına Nəzarət Palatasının nəzarət funksiyasının ötürülməsi tam başa çatıb. Dalma News müsahibinin fikrincə, Mərkəzi Bankda kadr dəyişiklikləri baş verməyincə, iki strukturun birləşməsi əsaslı müsbət dəyişikliklər verməyəcəkdir.

“2016-cı ildə Mərkəzi Bankın funksiyaları Bank bazarını ciddi böhrana gətirib çıxaran bir sıra səhvlər səbəbindən palataya təhvil verilib.Söhbət təkcə milli valyutanın devalvasiyasından getmir. Mərkəzi Bank, ümumiyyətlə, öz funksiyalarını kifayət qədər yerinə yetirmirdi. Xüsusilə, bank sisteminə pis nəzarət edirdi ki, bu da problemli kreditlərin artmasına gətirib çıxarmışdı. Palatanın ideyasına görə, bazarda qayda- qanun yaratmaq lazım idi, amma nəticədəə hər şey əksinə oldu. Göründüyü kimi, bu strukturda sənayenin problemlərini həll etməyə tamamilə hazır olmayan insanlar işləyirdi. Buna görə də, banklar Palatanın funksiyalarının Mərkəzi Banka, daha peşəkar və təcrübəli struktura keçməsi barədə xəbərləri yaxşı qəbul etdilər. 2020-ci ilin aprelində Mərkəzi Bank sədrinin səlahiyyət müddəti başa çatır və tənzimləyiciyə yeni bir şəxsin rəhbərlik edəcəyi gözlənilir. Əgər bu baş verərsə, bank sektorunda keyfiyyət dəyişiklikləri baş verə bilər”, – deyə ekspert bildirib.

Xatırladaq ki, ötən il bank sektorunda ən gözlənilən və irimiqyaslı islahat 28 Fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli üzrə əlavə tədbirlər haqqında” Prezident tərəfindən qəbul edilmiş fərman olmuşdur. İslahat yalnız vətəndaşları borclardan azad etmədi, həm də maliyyə sektorunu işləməyən aktivlərdən qismən təmizlədi ki, bu da bazarın canlanmasına gətirib çıxardı.

Fərmana əsasən, devalvasiya ilə əlaqədar olaraq, fiziki şəxslərin başlıca kredit borclarının əsas məbləğindən on min dollara qədər olan hissəsi dövlət büdcəsi vəsaiti hesabına manatla ödənilmişdir. Borcluların ümumi məbləği 205 mln. manat təşkil edən faiz borcları və cərimələri silinmiş, 42 min nəfərin kredit borcu isə tamamilə bağlanmışdır. Bundan başqa, 123,1 min borclunun 242,3 mln.manat məbləğində krediti yenidən strukturlaşdırılmışdır. Fərman çərçivəsində Azərbaycan vətəndaşlarına həmçinin 644,5 mln.manat məbləğində kompensasiya ödənilib. Lakin bank sektorunun ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 3 faiz azalsa da, problemli kreditlər hələ də maliyyə sabitliyinin zəif cəhəti olaraq qalır.

 

Lеyla Əlizаdə