Azərbaycanın paytaxtı təkcə yerli sakinlər deyil, xaricilərə də həyat və iş üçün cəlbedici istiqamətdir. Təəccüblü deyil, çünki burada əsas şirkətlərin baş ofisləri, qulluq və xidmət, ticarət sahələri, universitetlər və teatrlar yerləşir. Biznes mühiti və təhsil infrastrukturu əsasən şəhərin mərkəzi rayonlarında inkişaf etmişdir. Nəticədə, paytaxt ətrafı urbanizasiya sarıdan geri qalır. Bakının ətrafında da belə şərait yaradılmalıdır. Bu, bir çox problemləri həll, o cümlədən paytaxtı nəqliyyat çökmələrindən xilas edər. Bu barədə Dalma Newslə söhbətində memarlıq və şəhərsalma sahəsində tanınmış mütəxəssis, sənətşünaslıq doktoru, professor Elçin Əliyev bildirmişdir.

— 2020-ci ildə Bakının Yeni Baş planının hökumətə təqdim edilməsi planlaşdırılır. Bu, şəhər üçün nə qədər vacibdir və icraçılar nəyə diqqət yetirəcəklər?

— Şəhər və ölkə üçün ən ümdə məsələ qəbul edilmiş sənədlərə ciddi riayət olunmasıdır. Paytaxt mərkəzinin dar küçələrinin ortasında yağışdan sonra göbələk kimi çoxalan yöndəmsiz çoxmərtəbəli binalar nəinki şəhərin memarlıq görkəmini korlayır, həm də onun ekologiyasını xeyli pisləşdirir, küləklərin istiqamətlərini bağlayır və günəş işığının qarşısını üstələyir. Səbəb ondan ibarətdir ki, sıfırıncı illərin əvvəlində “tikinti bumu”nun ilk mərhələlərində heç də bütün inşaatçılar 90-cı illərin ortalarında qəbul edilmiş baş planın tələblərinə əməl etmirdilər.

Növbəti dəfə bu vəziyyətin təkrarlanmasına yol verməmək vacibdən də vacibdir. Hazırlanmaqda olan baş plan şəhərin inkişafı üzrə maraqlı həll yolları təklif edir, çünki onun işlənməsinə dünya səviyyəli mütəxəssislər cəlb olunub və dövlət yeni sənədin işlənib hazırlanmasına ciddi nəzarət edir.

Ancaq təyin edilmiş qayda və tələbləri yerinə yetirmək mədəniyyətimiz olmazsa, vəzifəli şəxslər yüksək vəzifələrdən istifadə edərək onu pozmağa davam etsələr, ümumi plan istədiyimiz nəticəni gətirməz.

Elçin Əliyev

Burada şəhərin mərkəzində məkrli tikililərə aid tarixi bir lətifə yada düşür. Adi insanlar arasından çıxmış, ancaq ömrünün sonunadək yöndəmsiz və cahil qalmış zəngin rus taciri və mesenatı Savva Morozov Moskvada özünə bahalı ev tikir: parlaq, cəlbedici, zövqsüz. Öz tikilisi ilə dəlicəsinə fəxr edən Savva gəlib onun yaratdığına baxmaq üçün anasına dəvət göndərir. Anası isə ağıllı qadın idi və oğlunun “fərasətinə” bələd olduğundan dəvəti qəbul etməmş, yalnız məktubla cavab vermişdi: “Savuşka, oğlum, əvvəllər sənin axmaq olduğunu yalnız mən bilirdim, indi isə — bütün Moskva”. Bu ev indiyədək Moskvada XIX əsrin sonu – XX əsrin əvvəllərinin zövqsüz memarlıq nümunəsi sayılır.

Bir daha qeyd edim ki, bu məsələdə əsas planın detallarının geniş müzakirəsinə deyil, qanunlara, o cümlədən şəhərsalma qaydalarına əməl edilmə mədəniyyətinə diqqət yetirmək lazımdır. Həm şəhərsalma, həm də etik norma və qaydaları pozmuş, məsələn, şəhərdə hansısa qeyri-mütənasib yüksək bina tikmiş adamların cəzalandırılması lazımdır. Bu cür presedentlər gələcəkdə paytaxtın simasına müsbət təsir göstərər.

— Belə bir fikir var ki, ali məktəblər paytaxtdan şəhər kənarına köçürülə bilər. Necə düşünürsünüz, bu mümkündürmü və universitetləri Bakı hüduduna köçürməyə dəyərmi?

— Birmənalı olaraq, bu addımı atmağa dəyər. Siz təsəvvür edə bilərsinizmi ki, səhərlər şəhərin mərkəzində nə baş verir— hər gün qızını məktəbə yola salan bir adam kimi sizə deyirəm. Bir çox ali və orta məktəblərin yerləşdiyi şəhərin mərkəzində nə sürüb keçmək, nə də maşını yer tapıb saxlamaq mümkün deyil. Son illər ölkənin iri ali məktəblərinin şəhər kənarına köçürülmə tendensiyası tamamilə düzgün müşahidə olunub. Onların arasında M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin şəhər kənarında yerləşən Bakı filialı da var. Universitetlərin şəhər kənarlarına köçürülməsi universitetə “irəliləməyə”, tədris prosesini düzgün qurmağa, indiyə qədər şəhərin digər təhsil müəssisələrində olduğu kimi, tarixi binaların köhnə otaqlarında darkeşlikdənsə, tələbələr üçün daha yaxşı şərait yaratmağa imkan verir.

Ümumiyyətlə, baş planın inkişaf etdiriciləri şəhər ətrafındakı qəsəbələrin inkişafına diqqət yetirməlidirlər. Bakının mərkəzi küçələrində iri şirkətlərin baş ofisləri, xidmət və ticarət sahələri, universitetlər və teatrlar fəaliyyət göstərir. Ona görə də bir çox insanlar burada yaşamaq və işləmək istəyirlər. Bu gün biznes mühiti və təhsil infrastrukturu əsasən şəhərin mərkəzi rayonlarında inkişaf etmişdir. Nəticədə, paytaxt ətrafında urbanizasiya geridə qalır. Bakının ətrafında da belə şərait yaradılmalıdır. Bu, bir çox problemləri həll edər, o cümlədən, paytaxtı nəqliyyat kollapslarından xilas edər.

— Son illər Bakı sürətlə dəyişir, şəhər abadlaşır, bir çox problemlər öz həllini tapır. 10-15 ildən sonra paytaxtı necə görürsünüz?

—Şəhərin mərkəzi tarixi məhəllələrinin simasısının dəyişməsini istəməzdim. Bakılıların əvvəlki nəsillərindən bizə miras qalmış gözəlliyi qoruyub saxlamaq lazımdır. Qoy şəhər inkişaf etsin, lakin bu dəyişikliklər şəhərin bu gün tanınan “simasının”, onun tarixi görünüşü və aurasının itirilməsinə səbəb olmamalıdır. Əlbəttə, Bakıya yeni, müasir memarlıq gəlir, biz bunu son illər Heydər Əliyev prospektində, Dənizkənarı bulvarda tikilmiş gözəl müasir binalarda görürük ki, bu, sevindirməyə bilməz.

 

Leyla Əlizadə