Azərbaycanda təhsilin vəziyyəti ilə bağlı son dövrlərdə baş verənlər heç də ürəkaçan deyil. Bir müddət əvvəl liseylərin bağlanması ilə beynəlxalq olimpiadalarda iştirak edəcək şagirdlərin olmaması söyləntiləri gündəmi tutmuşdu. Qəbul imtahanlarında keçid ballarının bir xeyli aşağı düşməsi, dərslərin keyfiyyətinin aşağı səviyyədə olması, əmək haqlarının azlığı – problemlər bitmək bilmir.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ANS-in qonağı olub və baş verən hadisələrə münasibətini bildirib.
Nazir müsahibəsində qeyd edib ki, müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindədirlər.
Ali təhsil müəssisələrinə qəbul ilə bağlı məsələyə gəlincə, M.Cabbarov bildirib ki, son 20 il ərzində Azərbaycanda ali təhsil ocaqlarına qəbul olunan tələbələrin sayı 2 dəfədən çox artıb. Özü də, bu, o şəraitdə baş verib ki, həmin 20 illə müqayisədə məzunların sayı azalıb.
Mikayıl Cabbarov müəllimlərin maaş artımına da münasibət bildirib. O qeyd edib ki, müəllimliyi ilk peşə kimi seçmiş və 500 baldan çox toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd ödənilir. Nazir bununla onlara stimul verildiyini düşünür.
Nazir qeyd edib ki, müəllimlərin əmək haqqının respublikada orta aylıq əmək haqqı səviyyəsinə çatdırılması gündəmdədir. O əmindirdir ki, bu, əlbəttə ki, peşə seçiminə böyük təsir edəcək.
Mikayıl Cabbarov təhsildə korrupsiya məsələsinə də toxunub. O bildirib ki, Azərbaycan vətəndaşı, Azərbaycan adamı pul vermək istəyir və verir: «Mən, düzü, təsəvvür edə bilmirəm ki, hansısa məktəb direktoru gəlib Mikayıl Cabbarova konvertdə nəsə versin. Bunu ağlıma belə gətirmirəm».