Azərbaycan, azərbaycanlılar və Bakı nefti Böyük Vətən müharibəsində böyük və əvəzsiz rol oynamışdır. Müharibənin ilk günlərindən Azərbaycan xalqı digərləri ilə bərabər faşist Almaniyasına qarşı mübarizə aparmışdır. Gələn il bütün dünyada mühüm bir hadisə – Böyük Vətən müharibəsində qələbənin 75 illiyi qeyd olunacaq. Dalma News müxbiri bu münasibətlə Böyük Vətən müharibəsi veteranı, cəsur təyyarəçi Damət Nəbiyevlə söhbət etmişdir.

— Böyük Vətən müharibəsi başlayanda neçə yaşınız var idi?

— Mən 1925-ci ildə Azərbaycanın Yevlax rayonunun Varvara kəndində anadan olmuşam. 17 yaşım olanda müharibə başladı və mən dərhal könüllü olaraq Qızıl ordu sıralarına yazıldım. Onda mən rus dilini qətiyyən bilmirdim və yalnız Azərbaycan dilində danışırdım, lakin sonra artıq öyrənməli oldum. Bizi Sumqayıt şəhərinin ehtiyat alayına gətirdilər. Bir ay sonra iki zabit Gürcüstanın hərbi aviasiya məktəbinə iki əsgər seçdi. Bu oğlanlardan biri mən idim. Heç də hamı yaxşı öyrənə bilmirdi. Bütün kursdan yalnız bir rus, iki qazax və məni seçdilər. Biz komandiri Vitali Sorokinin olduğu hərbi təyyarənin ekipajına çevrildik.

Bizim təyyarə 3 ton bomba yerləşdirə bilərdi. Biz bu heyətlə Birinci Belarus cəbhəsi aviadiviziyasının 221-ci qırmızıbayraqlı polkunun Səkkizinci qvardiya alayının tərkibində 200-dən artıq döyüş uçuşu keçirmişik.

— İlk döyüş uçuşunuz harada həyata keçirilmişdi?

— Mənim ilk döyüş uçuşum Varşavaya olmuşdu. Mən Ukrayna, Polşa döyüşlərində iştirak etmiş və ta Berlinə gedib çatmışam. Dördüncü uçuş zamanı təyyarəmiz vuruldu və mən yanan təyyarədən tullandım. Bizi tapıb alayın yerləşdiyi əraziyə gətirdilər və biz döyüş uçuşlarını davam etdirdik.

Biz Krakov, Lodz, Poznani rayonlarında alman-faşist qoşunlarının məhvini davam etdirdik və onları azad edərək alman ərazisinə daxil olduq. Artıq Berlin alınandan sonra alayımız döyüş əməliyyatlarını dayandırdı. Müharibə bitəndən sonra geri dönə bilmədik və Almaniyanın Falkenberq şəhərində qaldıq.

— Bəs son uçuşunuz nə vaxt baş vermişdir?

— Bugünki kimi xatırlayıram … Mənim son uçuşum 2 may 1954 ildə, Qələbə gününə düz bir həftə qalmış olmuşdur.

—Zəhmət olmasa, ən parlaq döyüş epizodları barədə danışın.

— Varşavaya yeddinci uçuşum zaman bizi yenidən atəşə tutdular, odur ki, biz Visla şəhərində təcili olaraq yerə enməli olduq. Təyyarənin bir mühərriki zədələnmişdi, buna görə də mən onu çətinlklə yerə endirdim. Dostum yaralandı, amma xilas ola bildik. Dostlarımın çoxu həlak oldu. Onlar demək olar ki, qalmamışlar.

— Bəs Sizdə yaralanmalar olubmu?

— Əlbəttə, olub. Paraşütlə tullanan zamanı mən həm döş qəfəsi, həm də başımdan xəsarət aldım, amma ən başlıcası, sağ qaldım. Biz həmişə inanırdıq ki, qələbə bizimlədir, ona görə də bizim əziyyətlərimiz bütün bunlara dəyərdi.

— Sevindirici kimi hər hansı bir hadisə yadda qalıbmı?

— Ən sevindirici hadisə müharibənin sona çatması idı. O anda bütün patron ehtiyatları işə düşdü — atıldı! Bu bir növ salyut — atəşfəşanlıq idi! Bu, yalnız müharibə zamanı ola biləcək ən sevindirici hadisə idi.

— Müharibə bitəndən sonra Almaniyada uzun müddətmi qaldınız?

— 1946 cı ildə Baş Komandan İosif Stalinin əmri ilə bizim alayımız Ukraynaya – Zaporojye şəhərinə köçürüldü, beş aydan sonra isə dağıldı. Leninqrad yaxınlığındaki Puşkin instrumental kəşfiyyat məktəbinə ayrıca bir təyyarə hava əlaqəsi göndərildi.

Səhhətimə görə, 1949-cu ildə uçuş işindən uzaqlaşdırıldım,çıxarıldım, çünki sağ əlimdə, bazu sümüyüm sınüq, kürəyimdə isə qəlpə yaraları var idi. Mən xidmətimi Yerüstü qoşunlarda davam etdirməli oldum.

— Bəs Azərbaycana nə vaxt qayıtdınız?

— Mən öz ölkəmi çox sevirəm, ona görə də artıq xaricdə qala bilməzdim. 1950-ci ildə müdafiə nazirinə, Sovet İttifaqı Marşalı Jukova müraciət etdim ki, məni Bakı şəhərinə keçirsinlər. Allaha şükürlər olsun ki, xahişim yerinə yetirildi. Mən Bakıya qayıtdım və xidmətimi artıq burada davam etdirdim. 1973-cü ildə ehtiyatda olan mayor rütbəsində Sovet Ordusu sıralarından tərxis olundum.

— Birlikdə xidmət etdiyiniz kiminləsə ünsiyyət saxlayırsınızmı?

— Təəssüf ki, yox. Onların hamısı artıq vəfat ediblər. Müharibədə çox sayda dostlarım var idi, amma ildən-ilə daha da azalırlar.

— Müasir gənclərə nə arzulamaq istərdiniz?

— Ən başlıcası odur ki, bir daha müharibə olmasın, hamı xoşbəxt yaşasın və sağlam olsun.

 

Каmilla Sеyidova