Azərbaycan prezidenti İlham əliyev sosial-iqtisadi məsələlərə həsr olunmuş müşavirələrdə ölkədə nağdsız əməliyyatların sayını artırmağın zəruriliyindən dəfələrlə danışıb. Hakimiyyət iqtisadiyyatı kölgədən çıxarmağa, vergi ödəməyə, qiymət artımına gətirib çıxaran kartel sövdələşmələrinin qarşısını almağa çağırır. Məmurlar, deputatlar razılaşırlar, amma məlum olur ki, yenə də özləri bildikləri kimi hərəkət edirlər.

Belə ki, Azərbaycan cəmiyyəti ölkənin Lerik rayonunda yerləşən Relax istirahət və Turizm Mərkəzində bu yaxınlarda baş vermiş səs-küylü insidenti alovlandırdı. Məlum olub ki, bu dəbdəbəli obyekt Azərbaycan Milli Məclisinin deputatı İqbal Məmmədovun yaxın qohumlarına məxsusdur Orda Mərkəzin rəhbərliyi və Vergilər Nazirliyinin yoxlama aparılmasına icazə verilməyən əməkdaşları arasında münaqişə baş vermişdir.

Vergi işçilərini uzun müddət kiçik vergi ayırmaları təəccübləndirdi. Relax 14 hektar ərazidə yerləşir, 142 qonaq otağına malikdir, daha bir çox digər obyektlər var. 2018-ci ildə bu turizm mərkəzi cəmi 10 min 726 manat (təxminən 7 min dollar) vergi ödəyib. Bu il ərzində isə —1000 manatdan az (700 dollara yaxın).

Qarşıdurmadan sonra deputatın qohumları da daxil olmaqla 6 nəfər saxlanılıb. Deputat APA agentliyinə açıqlamasında bildirib ki, istirahət və Turizm Mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı Məmmədov Çingiz Nəriman oğludur.

Amma Azərbaycanda hakimiyyətə yaxın olan məmurlara, deputatlara və şəxslərə məxsus bu cür obyektlər minlərlə olmasa da yüzlərlədir. Bəs nə baş verir? Niyə iqtisadiyyatı kölgədən çıxarmaq mümkün olmur? Dalma Newsin müxbiri bu sualla Azərbaycan iqtisadçıları Elçin ƏliyevSamir Əliyevə müraciət etmişdir.

İlk müsahibimiz Elçin Əliyevdir.

— Prezident “iqtisadiyyatı necə deyərlər, üzünü ağ edib başını ucaltmağa” çağırır, məmurların qohumları isə eyni zamanda vergi ödəmir, üstəlik, vergi müfəttişlərini döyürlər…

— Mən uzaqdan başlayacağam. 2000-ci illərin və 2010-cu illərin əvvəllərinin bərəkətli dövrü başa çatdı. Artıq 2015-ci ildən sonra Azərbaycanın iqtisadi və siyasi elitası vəziyyəti daha real qiymətləndirməyə, yaxın 10 ildə gözlənilən riskləri dərk etməyə başladı. Təsadüfi deyil ki, 2015-ci ilin payızında islahatlar başlamış, prezidentin həm nağdsız hesablaşmalara, həm də demonopolizasiyaya və s.aid bir sıra fərmanları olmuşdu. Lakin bu fərmanlar, sərəncamlar və qanunlar uzunmüddətli bir cərəyana malik deyildi. Bundan əlavə, bu normativ aktları yerinə yetirməli olan insanlar sadəcə onları unutdular.

Yeri gəlmişkən, təsəvvür edin, nağdsız hesablaşmaların həcminin artırılması haqqında normativ aktlar ilk dəfə hələ 2005-2006-cı illərdə qəbul edilmişdir. Dövlət başçısı bunu vaxtaşırı yada salıb xatırladır.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın neft sektoru ildən-ilə azalır. 2018 – ci ildə neft hasilatının həcmi 2010-cu illə müqayisədə 25% azalıb ki, bu da fəlakətli göstəricidir. Deməli, neft hasilatının azalmasından yaranan gəlirləri birtəhər doldurmaq lazımdır. Bu — bir məqam. İkincisi isə hər şeyə əlavə olaraq neftin qiyməti də aşağı düşür. Qaz hasilatı və satışı bu boşluğu heç cür doldura bilməyəcək.

Prezident İlham Əliyevin hökumətlə keçirilən müşavirələrdəki son bəyanatları göstərir ki, o, reallığı dərk edir və buna görə də iqtisadiyyatı “bəyazlaşdırmaq” istəyir. Ancaq burada parlamentə və icra orqanlarına çox suallar vardır.

— Siz nəyi nəzərdə tutursunuz?

— Sadə bir nümunə göstərəcəyəm. 13 il bundan əvvəl Milli Məclisə Antiinhisar məcəlləsi təqdim edilib. Ancaq bu sənədi parlamentə Prezident Aparatının göndərməsinə baxmayaraq, o, indiyə qədər qəbul olunmayıbdır. Belə çıxır ki, ya ölkədə inhisarlar yoxdur, ya da onlar o qədər güclüdürlər ki, bu qanunvericilik aktının qəbulunu əngəlləyirlər. Aydındır ki, ikinci variant düzgündür. Azərbaycanda inhisarçılığın olmaması barədə nağıllara kim inanacaq? Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bizi buna inandırmağa çalışırdı. Amma heç kim ona inanmadı. Onlar, ən azı, idxal sahəsində var. Məhz bu, Azərbaycana gələn idxal məhsullarını azaltmağa imkan vermir. Bütün bunlar nağdsız hesablaşmalar və qeyri-neft sektorundan büdcəyə vergi daxilolmalarının artması ilə çox sıx bağlıdır. Hazırda Vergilər Nazirliyində irəli sürülmüş komanda ölkənin ali rəhbərliyindən kart-blanşı olan yeni nazir Mikayıl Cabbarovun gətirdiyi komandadır. Amma hətta ona belə, vergi sahəsinə o qədər də iri olmayan oliqarxlar, məsələn, deyilənə görə, həm də yanğın əleyhinə avadanlıqların təchizatı üzrə şirkətin (adını çəkməyəcəyəm, onsuz da hamı təxmin edir) sahibi olan deputat İqbal Məmmədovu salmaq mümkün olmur.

Və əgər İqbal Məmmədovun Relax istirahət mərkəzinə malik olan qohumları vergi ödəyiciləri ilə bu qədər kobud davranmağa imkan verirlərsə, təsəvvür edin, başqaları necə hərəkət edirlər?! Mən sizə açıq deyim, ümumiyyətlə, heç kimə məlum olmayan, heç kimə maraqlı olmayan deputatın qohumlarının davranışı ilə çoxları heyrətlənmişlər. Amma o, xalqın seçdiyi statusa malikdir.

Bu yaxınlarda, iyulun 31 – də Nazirlər Kabinetinin iclasında ölkə Prezidentinin diqqət yetirdiyi ayrıca məqam Kartel sövdələşmələri olmuşdur. İlham Əliyev bildirib ki, bu fenomen mövcuddur, odur ki, qiymətlər artır. Bəs sonra nə oldu? Demək olar ki, heç bir hökumət və ya hökumətyönlü KİV prezidentin bu bəyanatını sitat gətirməyib və şərh etməyib. Amma adətən onlar demək olar ki, Prezidentin hər sözünü çeynəyirlər.

Dövlət başçısının bütün çıxışlarını yenidən çap etdirdilər, sitat gətirdilər və şərh etdilər, lakin İlham Əliyevin haqqında danışdığı kartel sövdələşmələr barədə susdular. Bu, nəyi göstərir? Tapmaq çətin deyil…

— Sizcə, dövlət başçısının iqtisadiyyatı kölgədən çıxarmaq, necə deyərlər, “ona bəraət qazandırıb üzünü ağ etmək” cəhdləri uğurla nəticələnir?

— Yaxın gələcəkdə mən bunu görmürəm. Neftin qiyməti, heç olmasa, üç ay bir barrel üçün 45-50 dollar səviyyəsində qalsa, müsbət nəticələr yarana bilər. Onda dövlət orqanları ölkə Prezidentinin bəyanatlarına daha operativ reaksiya verəcəklər. İlham əliyev düzgün, konkret vəzifələr qoyur. Lakin bütövlükdə iqtisadi hakimiyyətlərin özləri onun sözlərini sadəcə olaraq təkrarlayır, lakin qəbul etmirlər.İntəhası, indi ölkənin pul qazanmaq üçün yeni imkanları, kanalları, iqtisadiyyat sektorları yoxdur. Odur ki, gec-tez reaksiya vermək lazım gələcək.

— “Ağ sxem” üzrə işləyən büdcə işçiləri və özəl şirkətlərin əməkdaşlarının əmək haqqı kartlarına köçürülməsi prinsipcə baş tutdu. Amma əmək haqqı günü insanlar dərhal bütün vəsaiti kartlardan çıxarırlar. Və yenə nağd dövriyyə. Bu nədir? Banklara inamsızlıq?

— Bəli, bu, banklara inamsızlığın əlamətidir. Texniki amil də var- ölkədə hələ də son dərəcə az olan POS-terminallar və əgər onlar varsa da, sadəcə olaraq tez-tez işləmir. Bundan əlavə, bir çox ticarət şəbəkələri onlarla kartlarla ödəniş etməkdə maraqlı deyil. Bir də ki, azərbaycanlıların nağd pula vərdişi, yaxud belə deyək, sevgisi var.

Samir Əliyev

Öz növbəsində ikinci həmsöhbətimiz, iqtisadçı Samir Əliyev qeyd edib ki, iqtisadiyyatın kölgədən çıxarılmasının qeyri-mümkünlüyünün əsas səbəbi Azərbaycanda bizneslə məmurların məşğul olmasıdır:

— Bizim qanunlarımız var, amma təəssüf ki, onlar pis işləyir. Bizdə rəqabət yoxdur. Ölkəmizdə təkcə məmurlar deyil, dövlətin özü də, məsələn, aqrar, tikinti sektorlarında sahibkarlıqla məşğul olur. Əgər dövlət bizneslə məşğul olursa, rəqabət səviyyəsi aşağı olacaq. Məmurlar öz vəzifələrindən həmişə istifadə edəcəklər. Dövlət siyasətlə məşğul olmalı və özəl sektorun inkişafını təmin etməlidir.

Azərbaycan iqtisadiyyatında kiçik və orta biznesin payı 10-15%-dən artıq deyil. Hətta bu göstəricinin 40% – dən yuxarı olduğu postsovet məkanının bir çox ölkələrindən belə geri qalırıq.

Azərbaycana islahatlar lazımdır. İndi olduğu kimi səthi deyil, institusional. Dövlət sahibkarlıq fəaliyyətini dayandırmalı, vergi yükünü azaltmalıdır. Bizdə SOCAR-dan tutmuş “Azərsu”,”Azərenerji” və sairəyədək çoxlu dövlət şirkətləri var ki, onnlar büdcədən böyük pullar alırlar, lakin bunlar səmərəsizdirlər və onların xərcləri ildən-ilə artır.

Bu dəyişikliklər baş verməyincə, “iqtisadiyyatın bölüşdürülməsi”, “kölgədən çıxmaq” haqqında danışmağa dəyməz.

 

Мəmməd Мəmmədzadə