Azərbaycanda sentyabrın 1-dən büdcə işçilərinin maaşları artırılacaqdır. İşçilərin maaşları artıq 40% qalxacaq. Bu, təkcə dövlət qulluqçuları deyil, həm də dövlət qurumlarının texniki işçilərinə – təmizlik işləri aparanlara, bağbanlara, keşikçi və mühafizəçilərə də şamil ediləcək. İntəhası, ekspertlər ehtiyat edirlər ki, əmək haqlarının bu cür kəskin artımı inflyasiyanın artmasına gətirib çıxaracaq və daxili bazarda qiymətlərin artımını dayandırmaq olmayacq. Dalma Newsə müsahibədə ekspertlər mümkün risk və nəticələri səciyyələndirib qiymətləndirmişlər.

Hələ iyunun 18-də prezident İlham Əliyevin sərəncamı ilə ölkə üzrə minimum əmək haqqının 1 sentyabr 2019-cu ildən 180 manatdan 250 manatadək artırılması tapşırılıb. Bu sənədin həyata keçirilməsi üçün hökumət əmək haqqı tariflərinin yeni Vahid cədvəlini təsdiq edib. Əmək haqqına əlavəni sosial təminat, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, nəqliyyat, kommunal təminat, rabitə, meliorasiya və su təsərrüfatı sahələrində çalışan büdcəçilər alacaqlar.

Eyni zamanda, əmək haqqının artırılması dövlət qurumlarının dövlət qulluqçuları hesab olunmayan işçilərinə də şamil ediləcək. Bunlar təmizlik işçiləri (xadimələr), bağbanlar, mühafizəçilər və digər işçilərdir.

Dalma Newslə söhbətində Azərbaycan zəhmətkeşlərinin hüquqlarını müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirmişdir ki, istehlak bazarının iştirakçıları yaranmış vəziyyətdən istifadə edə və ərzaq məhsullarının qiymətini süni şəkildə qaldıra bilərlər.

«Hətta 40% artım sosial siyasət üçün ciddi addımdır. Ancaq bu sərəncamın arxasında müəyyən risklər ola bilər. Xüsusilə, hökumətə xəzinədən əlavə olaraq böyük miqdarda vəsait ayırmaq lazım gələr ki, bu da inflyasiyanın artmasına gətirib çıxara bilər. 

Lakin hakimiyyət əmin edir ki, əmək haqqına ciddi əlavə ödəmənin verilmə imkanı büdcə daxilolmalarının, yəni vergi yığımlarının artması hesabına yaranmışdır. Odur ki, bu, istehlak bazarındakı qiymətlərə heç bir təsir göstərməyəcək. Bununla belə, mal tədarükçüləri və satıcıların bu vəziyyətdən istifadə edərək ərzaq məhsullarının qiymətini süni şəkildə qaldıra biləcəkləri halda yaranan psixoloji aspekti də nəzərdən qaçırmaq olmaz», — deyə Sahib Məmmədov bildirir.

Sahib Məmmədov

Ekspertin fikrincə, gəlirlərin 40% artması büdcə işçilərinin həyat keyfiyyətinə müsbət təsir göstərəcək.

«Əmək haqqının istənilən hər hansı artımı insanların həyatında müsbət əks olunur və cəmiyyətdəki əhval-ruhiyyə də yaxşılaşır. Əlbəttə, demək olmaz ki, dövlət idarələrində çalışan işçilərin həyatı kökündən dəyişəcək, çünki bir çox büdcə işçilərinin maaşları, hətta əlavə xərclərin artırılmasından sonra belə, aşağı səviyyədə qalır. Buna baxmayaraq, xalq bu sərəncamı çoxdan gözləyirdi», — deyə ekspert əlavə etmişdir.

Bununla yanaşı, o, Sərəncamın qüvvəyə minməsindən sonra özəl sektorda və dövlət sektorunda orta statistik əmək haqqı ilə dövlət əmək haqqı arasındakı fərqin nə dərəcədə güclü olacağı sualına cavab verməkdə çətinlik çəkmişdir.

«Təəssüf ki, bu suala heç kəs cavab verə bilməz. Məsələ burasındadır ki, özəl sektor üçün ikili mühasibat səciyyəvidir, yaxud da xalq arasında buna “qara mühasibat” deyirlər. Çoxları zərflərdə “boz əmək haqqı”, yəni , heç yerdə qeydiyyatdan keçməyən əmək haqqı alırlar. Amma heç də bütün işəgötürənlər əmək bazarında vicdanla iş aparmırlar», – deyə Sahib Məmmədov bildirib.

Öz növbəsində, iqtisad elmləri doktoru, Rus İqtisadiyyat Məktəbinin direktor müavini Elşad Məmmədov Dalma Newsə bildirdi ki, büdcədə profisit (artıqlıq) əmək haqqının artırılmasının səbəblərindən biridir.

«2019-cu ildən Azərbaycanda həyata keçirilməyə başlanan tədbirlər sosial-iqtisadi blok baxımından həqiqətən misli görünməmiş xarakter daşıyır. Azərbaycan sosial dövlət kimi ciddi mövqe tutmağa başlayıb. Biz insan kapitalına yönələn xərclərin xeyli həcmini görürük. Azərbaycan iqtisadiyyatının imkanları əhalinin maaşlarını, müavinətlərini, təqaüdləri və stipendiyalarını , artırmağa imkan verir”, — deyə Elşad Məmmədov bildirir.

Elşad Məmmədov

«Məlum olduğu kimi, Azərbaycan Respublikasının dövlət büdcəsi böyük dərəcədə sektorunun daxilolmaları hesabına formalaşır. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Dövlət Neft Fondu 2014-cü ildən 2016-cı ilədək dünya neft bazarında ciddi dəyişkənliyin olduğu dövr istisna olmaqla, aktivlərini durmadan artırmağa başlayıb. Son illər xəzinədə ciddi profisit müşahidə olunur, deməli, hətta bu sosial ödənişlərdən sonra hökumət maaşları bir daha qaldırmaq imkanına malikdir. Gəlirlərin artması yalnız əhalinin sosial statusunun yaxşılaşması və istehlakçıların ödəmə qabiliyyətinin artırması deyil, həm də daxili bazarın yüksəlişidirr ki, bu da iqtisadiyyatın stimullaşdırılması üçün son dərəcə vacibdir», — deyə ekspert vurğuladı.

Bununla yanaşı, iqtisadçı qeyd edib ki, bu gün inhisarçılar Azərbaycan iqtisadiyyatının bəlası olaraq qalır.

“Bir sıra ekspertlər gəlirlərin kəskin surətdə artmasının ardınca inflyasiyanın da eyni dərəcədə kəskinliklə artması ilə nəticələnəcəyindən qorxurlar. Düşünürəm ki, bu peşəkar yanaşma deyil, çünki hər kəs Azərbaycanda inflyasiyanın tez-tez dayandırıldığını bilir, odur ki, qiymət artımında hər hansı bir yüksəliş barədə danışmağa dəyməz. Bundan əlavə, bazarımızdakı inflyasiya göstəriciləri çox dərəcədə Azərbaycan iqtisadiyyatının bəlası olan inhisarlara qarşı mübarizə tədbirlərindən asılıdır. Dövlət daxili bazarı əhəmiyyətli dərəcədə inhisara alırsa, yüksək inflyasiyanı uzun müddətə unutmaq olar ”- deyə Elşad Məmmədov sözünə yekun vurdu.

 

Leyla Əlizadə