Son günlər Azərbaycanda ölkənin Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yerində müvəqqəti qeydiyyatdan keçməyin zəruriliyi və əks təqdirdə, qaydanı pozanların cərimələnəcəklərini bildirilən xəbərdarlıq fəal müzakirə olunur.

Reaksiya o qədər ciddidir ki, Azərbaycanın informasiya resurslarından biri olan First News Agentliyi (Birinci Xəbər Agentliyi) suallarla Bakı Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyevə müraciət etmişdir:

Qeydiyyatdan hamıyamı keçmək lazımdır, bu, yalnız kirayədə yaşayanlaramı aiddir? Qadının başqa bir ünvanda qeydiyyatdan keçdiyi , ancaq həyat yoldaşının mənzilində və ya əksinə, ər həyat yoldaşının mənzilində yaşadığı halda necə olsun? Valideynlərinin yanında qeydə alınmış, lakin ayrı yaşayan uşaqlara qeydiyyat lazımdırmı və əgər bir şəxsin bir neçə mənzili varsa, nə etmək — bunlardan hansında qeydiyyatdan keçmək lazımdır?

Elşad Hacıyev qeyd-şərtsiiz cavab verib ki, “Yaşayış yeri üzrə qeydiyyat istisnasız olaraq hamıya aiddir”. Daxili İşlər Nazirliyində qeyd ediblər ki, faktiki olaraq yaşayış yeri üzrə qeydiyyat tələblərinin pozulması inzibati məsuliyyətə— 30 manat məbləğində cəriməyə səbəb olur.

İdarədə “Yaşayış və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna istinad edilir ki, bu qanuna əsasən, yaşayış yerində müvəqqəti olaraq 60 gündən artıq qalmaq istəyən şəxslər yeddi iş günü ərzində yeni yaşayış yeri üzrə DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində qeydiyyatdan keçməlidirlər. Əks halda, 30 manat (təxminən 15 avro) cərimə nəzərdə tutulur.

Lakin, Dalma News müxbirinin açıqladığı kimi, hər halda, qanunda bu cür ifadə ilə belə bir norma yoxdur. Bu barədə bizə ekspertlər də bildirdilər.

Dalma Newsin müxbiri DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə öz sorğusunu göndərib: “əgər insan bir mənzildə qeydiyyatdan keçibsə, lakin qonşuluğunda onun şəxsi mülkiyyəti olan başqa bir mənzili də varsa və faktiki olaraq , o, iki evdə yaşayırsa, necə olmaq?”. DİN-in cavabı təəccübləndirdi: “daha çox vaxt keçirdiyiniz ünvanda qeydiyyatdan keçin”.

Yəni, vaxt ayırıb ayın sonunda yekun vurmaq və qeydiyyat prosedurundan keçmək lazımdır, çünki mülkiyyətçi bir mənzildə digərinə nisbətən 2 saat daha çox vaxt sərf etmişdir?

“Yenilənmiş Qaydalar” yüz minlərlə azərbaycanlıya aid olub toxunacaq. Çox miqdarda insan ölkənin bir rayonunda qeydə alınmış, lakin başqa bir yerdə yaşayır və işləyir. Bundan başqa, yay mövsümündə Bakı sakinləri rayonlara, yaxud bağ evlərinə yola düşürlər. Və onların hamısımı bir daha qeydiyyat prosedurundan keçməlidir? Və üstəlik, pozuntu halında cərimələr ödəməlidirlərmi? Bəs bu pozuntular necə qeydə alınacaq? Məntəqə müvəkkillərinin köməyilə mənzilləri dolaşmaq yolu iləmi? (yeri gəlmişkən, material hazırlanarkən məlum oldu ki, Bakının bəzi yataq rayonlarında bu, artıq baş verir – müəllif).

Dalma Newslə söhbətində miqrasiya məsələləri üzrə Azərbaycan eksperti Azər Allahverənov qeyd edib ki, yeniliklərin hazırda nə qədər adama aid olacağını demək çətindir, lakin söz yüz minlərlə insandan gedə bilər:

«Ölkədə daimi qeydiyyata alındığı yer üzrə yaşayan vətəndaşların sayı barədə hətta təxmini məlumat belə yoxdur. Bununla yanaşı, bizim qanunvericiliyə görə, məcburi müvəqqəti qeydiyyat haqqında əsasnamə əvvəllər də olub, bu,”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunu”nda qeyd edilib. Amma orada söz mehmanxana, sanatoriya, istirahət evi, kempinq, turist bazası, yataqxana, xəstəxana və digər bu kimi yaşayış sahələrinə gələn vətəndaşlardan gedir. Anketləri bu müəssisə və təşkilatların administrasiyaları doldurub hakimiyyət orqanlarına təqdim edir”.

Аzər Allahverənov

Azər Allahverənov qeyd edir ki, indi elektron qeydiyyat sistemi tətbiq edilir və bu, proseduru yüngülləşdirməlidir. “Bu, çox yaxşıdır, informasiya bazası yarana bilər, bundan sonra biz daimi qeydiyyat yerində olmayan insanların dəqiq sayını deyə bilərik. Lakin elə bir qanun da var ki, onun 10-cu maddə müvəqqəti qeydiyyat tələb olunduğu halları dəqiq ifadə edir. Və kirayəçilər, bir neçə mənzil sahibləri və s.bu qayda altına düşmürlər, bu barədə qanunda heç bir şey göstərillmir”, — deyə müsahibimiz qeyd edir.

«Gəlin, belə bir vəziyyəti götürək – insan mənzildə kirayə ilə yaşayır və müqavilə imzalayıb. Deməli, onsuz da dövlət bu haqda bilir və o, sistemə düşüb. Bəs əgər müqaviləni imzalamamışsa, müvəqqəti yaşayış yeri barədə orqanları məlumatlandırmamışsa, bundan sonra nə olacaq? Ondan icarə müqaviləsi tələb edəcəklərmi? Digər tərəfdən, insan dostunun, yaxud qohumunun ona verdiyi başqa mənzildə bir müddət yaşaya bilər. Bu, özəl mənzildir, lakin “kirəkeşi” qeydiyyatdan keçirəndən sonra ev sahibi üçün “baş ağrısı” yaranır. Belə çıxır ki, mənzili təmənnasız vermək , yəni pulsuz vermək olmaz? Lakin axı, bu düzgün deyil”, – deyə Azər Allahveranov vurğulayıb.

Müsahibimiz hesab edir ki, ictimaiyyətdə rezonans məhz xeyli açıq sualların mövcudluğundan irəli gəlmişdir. Qanunda göstərilən hallar istisna olmaqla, müvəqqəti qeydiyyat məcburi deyil, tövsiyə xarakteri daşımalıdır. Cərimələr isə yalnız qanun pozuntusu halında tətbiq edilməlidir.

«Daha çox misal gətirim. Qonşu rayondan olan bir dostum qonaq gəlmiş və mənimlə yaşayır. Onun mənimlə nə qədər yaşadığını kim deyə bilər? 59 gün? Yoxsa 61 gün? Yeni qaydaların praktik tətbiqinin mənfi nəticələrə səbəb olmaması üçün hər şeyi rəflərə peşəkar şəkildə qoymaq lazımdır. Əgər bir şəxs iki ay müddətinə Gəncədən və ya Qazaxdan Bakıya gələrək yenidən doğma şəhərinə qayıdıb təkrarən paytaxta gəlirsə, bu müvəqqəti qeydiyyata nə ehtiyac var? O, yenidən neçə dəfə qeydiyyatdan keçməlidir?! Yaxud yayda tez-tez bağa gedən bakılıları götürün. Gedəndə – qeydiyyat, gələndə – qeydiyyat. Elektron qeydiyyatın olduğu aydındır, lakin bundan heç də hamı necə istifadə edəcəyini bilmir, insan kütlələri ASAN mərkəzlərinə (“vahid pəncərənin” analoqu – red.) gedəcək. Bütün il boyu orada nə qədər izdiham olacaq. Bunlar milyonlarla olmasa da, yüz minlərlə insandır, xüsusən yay dövründə “, – deyə Azər Allahveranov bildirir.

Bununla yanaşı, tanınmış Azərbaycan hüquqşünası Abbas Atakişiyev Dalma News agentliyinə bildirib ki, qanunda yaşayış yeri üzrə müvəqqəti qeydiyyat haqqında əsasnamə mövcuddur. Bu, yalnız ölkə ərazisində 15 gündən artıq olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün məcburidir. Lakin bu, yaşayış yeri üzrə daimi qeydiyyatda olan Azərbaycan vətəndaşlarından tələb olunmur.

Аbbas Аtakişiyev

«Əlbəttə, əgər ölkə vətəndaşı 60 gündən çox daimi qeydiyyatda olduğu yerdə deyil, mehmanxanada, sanatoriyada və digər ictimai yerlərdə yaşayırsa, o, mütləq qeydiyyatdan keçməlidir. Həm də bu, qalma müddətindən asılı olmamalıdır. Və tutalım, əgər valideynlərinin yanında qeydiyyatdadır, amma başqa bir mənzildə, məsələn, ona məxsus olan mənzildə yaşayırsa, onda bu qayda ona şamil edilməməlidir. Çünki o, inzibati ərazini dəyişmir”, – deyə Abbas Atakişiyev vurğulayıb.

Ekspert qeyd edib ki, 1996-cı ildə qəbul edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun hazırlanması ilə məşğul olub. Sənəd “sovet qeydiyyatı” nı istisna edir: “əgər siz qonaq getmisinizsə, orada bir müddət qalmışsınızsa, onda siz sənədləri dəyişmirsiniz. Amma könüllü olaraq qeydiyyatdan keçə bilərsiniz. Bu, sizin də xeyrinizədir. Birdən, Allah eləməmiş, nəsə bir şey baş vermiş oldu, onda bu qeydiyyat sizi harada axtarıb tapmağa lazım gələr”.

Bəs indi DİN-in haqqında danışdığı müvəqqəti qeydiyyatdan imtina edilməsinə görə cərimə? Abbas Atakişiyev hesab edir ki, mənzil sakinlərinin nəzarət qaydasında yoxlanılması mənasızdır: “İnsan deyə bilər ki, bu gün gəlib. Və sonra nə? Əgər o, iki aydan artıq yaşayırsa, bu halda da inzibati məsuliyyətə cəlb oluna bilməz, çünki inzibati xətanın törədildiyi andan iki aydan çox vaxt keçib”.

«Mən 1996 – cı ildə Milli Məclisdə (Azərbaycan parlamentində — red.) çıxış edəndə xüsusi olaraq qeyd etmişəm ki, müvəqqəti qeydiyyat total və nəzarətli olmayacaq», – deyə Abbas Atakişiyev sözünü yekunlaşdırmışdır.

 

Мəmməd Мəmmədzadə