Bu gün Azərbaycan dilində təmiz və gözəl nitqi getdikcə daha gec-gec eşitmək olar. Danışıq dili yalnız xarici sözlərlə deyil, həm də bir növ yenilik naminə süniləşdirilmiş sözlər və internet jarqonu ilə doldurulur. “Dəbli” sözlər dövriyyəyə o qədər möhkəm daxil olurlar ki, hətta televizorun ekranlarından belə savadsız nitq yayımlanır.

“CirtdanTV”— Azərbaycan dilinin qorunub saxlanma layihəsinin təsisçisi İlkin Haqverdiyev Dalma Newsə müsahibəsində dövlət və vətəndaşların Azərbaycan dilini xarici sözlərin nüfuzundan necə təmizlədiyini və 10 ildən sonra dünyada bu dilin daşıyıcılarının nə üçün daha çox olacağını söylədi.

— Altı ildir ki, siz Azərbaycan dilinin populyarlaşdırılma və qorunma məsələsi ilə fəal məşğul olursunuz. Öz layihəniz haqqında ətraflı danışa bilərsinizmi?

— 2013-cü ildə Azərbaycan Respublikası Turizm Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “CirtdanTV” onlayn layihəsi yaradılmışdır. Hazırda “CirtdanTV” Azərbaycan dilində cizgi filmləri və audiokitabların sayına görə ilk üçlüyə daxildir. Hal-hazırda gündəlik davamiyyət üç-dörd min arasındadır.

Bizim məqsəd və vəzifələrimiz çoxdur. Məsələn, gələcəkdə biz uşaq bağçaları və məktəblərlə sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Bu gün əsas auditoriya — 3 yaşdan 14 yaşadək olan uşaq və yeniyetmələrdir. Soruşacaqsınız ki, niyə məhz uşaqlar? Birincisi, uşaqlarımız gələcəyin dil daşıyıcılarıdır və mədəniyyətimizin taleyi məhz onlardan asılıdır. İkincisi, ana dilində kitab oxuyanda, nağıllar danışılanda və cizgi filmləri göstəriləndə, dil kiçik yaşlardan daha yaxşı mənimsənilir. Yeri gəlmişkən, bizim materiallardan həm də öz övladları üçün keyfiyyətli əyləncə-təhsil kontentinin axtarışında olan gənc analar istifadə edirlər. İstifadəçilər arasında həmçinin böyüklər də var ki, onlar Azərbaycan dilini öyrənmək və ya təkmilləşdirmək məqsədilə bizim materiallardan istifadə edirlər. Ümumiyyətlə, istifadəçilərin coğrafiyası genişdir.

— Son illər Azərbaycan dilinin vəziyyəti cəmiyyət və dövlətdə ciddi narahatlıq doğurur. Əhalinin söz ehtiyatı tədricən milli xarici sözlərlə zibillənməsi sayəsində miskinləşməyə başlayır. Sizin fikrinizcə, problemi necə həll etmək olar?

— Bu, doğrudan da son illərin aktual problemidir. Ancaq qeyd etmək lazımdır ki, təkcə Azərbaycan dili yox, bir çox başqa dillər, o cümlədən rus dili də dəyişikliklərə məruz qalır. Xoşbəxtlikdən və ya təəssüf ki, biz qloballaşma və İnformasiya texnologiyaları dövründə yaşayırıq, ona görə də bu prosesi dayandırmaq mümkün deyil. Bu, tamamilə təbii bir prosesə dönmüşdür..

Milli dilin ölməsinə yol verməmək bizim əlimizdədir. Bunun üçün ümumi qəbul olunmuş norma və qaydalara riayət etmək lazımdır.

—Azərbaycan dilini məhz türk və rus dillərinin sıxışdırdığı həqiqətdirmi?

— Deməzdim ki, sıxışdırırlar, amma necə deyərlər, zibilləyib tıxaclar yaratmaları dəqiqdir. Bizdə əhalinin kifayət qədər böyük faizi rus, türk və ingilis dillərində danışır. Ancaq danışıq dilində ən az istifadə olunan ingilis dilidır. Ona görə də demək olar ki, rus və türk dilləri Azərbaycan dilinə fəal təsir göstərir. Dili xarici sözlərlə əsasən, gənclər zibilləyirlər. Onlardan bir çoxu məsələn, “форточка” (nəfəslik), və ya “светофоp” (işiqfor) kimi adi ibtidai sözləri tərcümə etməkdə çətinlik çəkirlər,.

Lakin ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycan dili əsasən türk dili sayəsində daha da zəifləşir. Çünki Azərbaycan dili daşıyıcıları danışıq və məktublarda türk söz və ifadələrini tez-tez istifadə etməyə başlamışlar. Ən dəhşətlisi ondan ibarətdir ki, vətəndaşlarımız türkcəni öz ana dilini pis bilməkdən deyil, şüurlu surətdə istifadə edirlər.

İlkin Haqverdiyev

— Nəyi nəzərdə tutursunuz?

— Məsələ ondadır ki, əhalinin xoşbəxtlikdən hələ ki, çox deyil, müəyyən faizi həmsöhbətinə öz biliklərini nümayiş etdirmək üçün türk sözlərindən məqsədli şəkildə istifadə edir. Bu, əsasən, necə deyərlər, türk seriallarında böyüyən nəsldir. Əminəm ki, hər şeyi başlı-başına buraxsaq, Azərbaycan dili daha çox çirklənər.

Məlum olduğu kimi, bir neçə il bundan əvvəl Azərbaycan yerli telekanallarda necə deyərlər, xarici “sabun operalarının” yayımını dayandırmışdı. Lakin bundan ölkədə türk media məhsullarına maraq azalmayıb, əksinə, tələbat böyük olaraq qalır. Ona görə ki, yerli telekanallarda keyfiyyətli məhsul istehsal olunmur, odur ki, insanlar xarici seriallara və filmlərə İnternetdə baxmağa məcburdurlar. Həm TV, həm də Şəbəkədə Azərbaycan dilində kontentin keyfiyyəti yaxşılaşlmayana qədər, Azərbaycan mədəniyyəti dağılmaq təhlükəsi altında olacaq.

— Dil məsələsi həmişə siyasi cəhətdən anqaj edilib və hər bir dövlətin bu barədə öz hərəkət istiqaməti var. Bəs, Azərbaycanın vektoru – hərəkət istiqaməti necədir?

— Hazırda dövlət iki istiqamət tutur: Azərbaycan dilinin milliləşdirilməsi və optimallaşdırılması. Bir tərəfdən hökumət milli dil biliklərini nəinki yerli, həm də xaricdə qorumaq üçün çalışır. Söz uzun müddət xaricdə yaşayan və Vətəni ilə əlaqəsini itirərək ana dilini unutmuş soydaşlarımızdan gedir.

Digər tərəfdən, dövlət yeniliklərin əleyhinə deyil. Tarixən elə olmuşdur ki, Azərbaycan dili nəinki təkcə qədim türk sözlərindən, həm də başqa dillərdən götürülmüş sözlərdən ibarətdir. Bu gün hamı üçün aydındır ki, xarici dil lüğətinin müəyyən dərəcədə mənimsənilməsi dilin lüğət ehtiyatını zənginləşdirir, odur ki, Azərbaycan dilində xarici sözlərin işlədilməsi, internet jarqonlarının tətbiqi qədər qorxulu deyil.

Hökumət başa düşür ki, məsələ çox həssas məsələdir, axı söhbət dilin– milli dəyərin qorunmasından gedir. Buna görə də dövlət dili lüzumsuz tətbiq və mübadilələrdən qorumağa çalışır, lakin eyni zamanda onu zənginləşdirməyə imkan verir.

– Azərbaycan dilinin gələcəyini, məsələn, 10 ildən sonra necə görürsünüz?

— Azərbaycan dilinin təşəkkül tarixi çox uzun və mürəkkəbdir. Yalnız son 100 il ərzində bizim əlifba beş dəfə dəyişib. Qarşıda bizi çətin sınaqlar gözləyir. İnternet mühiti dillərə güclü təzyiq göstərəcəkdir. Ancaq buna baxmayaraq, keyfiyyətli dil mühitini inkişaf etdirmək asan olmasa da, Azərbaycan dili daşıyıcılarının sayı daha da çoxalacaqdır.

— Bəs həmvətənlər arasında Azərbaycan dilinin itirilməsi nə dərəcədədir?

— Xeyli, amma çox hissəsi, təmiz və düzgün olmasa da, Azərbaycan dilində başa düşür və danışır. Bu, sevindirməyə bilməz, çünki mümkün deyil ki, Azərbaycan dili onlar üçün doğmalıqdan çıxıb, xarici dilə dönsün. Yeri gəlmişkən, etnik azərbaycanlılarla yanaşı, əvvəllər AR-da yaşayan digər millət nümayəndələri də bizim dilimizdə çox gözəl danışırlar. Məsələn, bu gün AR hüdudlarından kənarda yaşayan rus əhalisinin böyük bir qismi Azərbaycan dilini yaxşı bilir. Onların nitqlərində tez-tez bizim regionun əhalisi üçün səciyyəvi olan aksentləri, parazit sözlər və ifadələri eşitmək olar.

 

Leyla Əlizadə