Azərbaycanda artıq bir neçə müstəqil teatr fəaliyyət göstərir ki, onların hər biri öz tematikası və unikallığı ilə seçilir. Ən sonuncularından biri də təsisçisi YUĞ Azərbaycan Dövlət Teatrının keçmiş direktoru Tərlan Rəsulovun olduğu dOM theatredir. О, uzun müddət aktyorlarla məşğul olmaq və standart olmayan tamaşalar qoya bilmək üçün öz platformasını yaratmaq istəyirdi. Nəhayət, onun arzusu gerçəkləşdi.

Bu teatr onunla fərqlənir ki, onun artistləri teatr səhnəsində oynamırlar, onlar müxtəlif yerlərdə – muzey, qalereya, restoran və kafelərdə tamaşalar göstərirlər.

Dalma Newsə verdiyi müsahibədə təsisçi Tərlan Rəsulov öz teatrı haqqında ətraflı məlumat vermişdir.

Тərlan Rəsulov

— Teatrınızı yaratmağa nə vaxt qərar verdiniz?

— Mən 2016-cı ildə çoxdankı ideyamı reallaşdırmaq və Azərbaycanda yeni müstəqil teatr yaratmaq qərarına gəldim. Bizim layihələrimizdən biri əlilliyi olan insanlar üçün İcma teatrının yaradılması idi, lakin sonra biz yeni aktyor texnikasının ilk dəfə sınaqdan keçirildiyi meydançaya çevrilməyi qərara aldıq.

—dOM theatre Azərbaycanın digər müstəqil teatrlarından nə ilə fərqlənir?

— Bizimki immersiv teatrdır. Belə formatlı teatrın prinsiplərindən biri tamaşaçıların azadlığı və onların tamaşanın özünün daxilində olmalarıdır. İmmersiv tamaşalarda zal və səhnəyə bölünmə yoxdur. Bunun əvəzinə— qonaqların aktyorlarla bərabər hərəkət edə biləcəyi vahid məkan vardır. Bundan əlavə, adətən bu cür tamaşalar bir neçə süjet xəttinin mövcudluğunu nəzərdə tutur.

İmmersiv teatrın yaradılma təcrübəsi ilə hələ ötən əsrin ortalarında məşğul olurdular, lakin nəzəriyyənin ən miqyaslı və geniş tanınan təcəssümü Britaniya Punchdrunk truppasının “Artıq yatmamaq” tamaşası idi. Premyera 2003-cü ildə Londonda keçirilib, sonra şou bu günə qədər davam etdiyi Nyu-Yorka köçürülüb. Hazırda bu cür teatrlar Rusiyada çox populyardır.

İmmersiv tamaşalar-qeyri-adi və maraqlı təcrübədir. Bəzən tamaşanın iştirakçısı olmaq üçün özünü ruhən ələ almaq, bəzən isə sadəcə müşahidə etmək lazımdır və bu halda hər şey öz qaydasına düşür. İndiyə qədər Azərbaycanda heç kim belə tamaşalar göstərməmişdi. Buna görə də qərara gəldik ki, azərbaycanlıların da immersiv tamaşaların iştirakçısı olmaq vaxtı gəlmişdir.

— Azərbaycan ictimaiyyəti üçün belə bir janr qeyri-adidir. İnsanlar belə tamaşalara necə reaksiya verirlər?

— Əvvəlcə çox çətin idi. Azərbaycan tamaşaçılarının çoxu bir növ qapalıdırlar,çox vaxt sıxılıb, utanırlar, ona görə də bəzən aktyora onları danışdırmaq çətin olur. Amma bunun üçün bizdə elə artistlər var ki, tamaşaçılarla bir yerdə otururlar və heç kəs bu adamların əslində bizim teatrdan olduqlarını anlamırlar. Məsələn, bizim son tamaşalarımızdan biri də “İki amerikalı və çizkeyk” tamaşasıdır. Biz onu adi kafedə göstəririk. Onun cəmi iki əsas qəhrəmanı var. Tamaşa göstərir ki, bir oğlan bütün Azərbaycan ənənələrinə riayət etmək , yəni öz sevgilisi ilə evlənmək , sonra isə onunla bir evdə yaşamaq istəyir. Onun bəyəndiyi qız isə, əksinə, əvvəlcə onu daha yaxşı tanımaq və yaslnız bundan sonra onunla həyat qurmaq istəyir. Sevgi, nigah – çox aktual mövzulardır. Hər bir insan öz həyatında sevmiş, əzab-əziyyət çəkmişdir, ona görə də bu tamaşada hər kəsin deməyə sözü var. Biz bu tamaşanı artıq bir neçə dəfə göstərmişik və o hər dəfə böyük uğur qazanır. Hər bir tamaşaçı onun gedişində tamaşanın qəhrəmanlarından birinə çevrilir. Aktyorlara hər hansı bir məsləhət verməyə, öz məhəbbət tarixçəsini danışmağa başlayır və bu zaman qarşısında adi bir insan deyil, aktyorun olduğunu unudur. Bu,adamların xoşuna gəlir, odur ki, tamaşalarımıza gələnlərin sayı artır.

Bizim tamaşalarda insanlar özlərini sərbəst hiss edirlər. Onlar nəinki yalnız aktyorlarla ünsiyyət qura bilir, hətta kafedə sərbəst dolanaraq , çay içir, yemək yeyirlər.

— Nə üçün teatrınızın indiyəcən öz meydançası yoxdur?

— Bəli, yoxdur, heç olmayacaq da. Hesab edirəm ki, teatr üçün meydançanın olması-demək olar ki, ölümdür, divarlar məhdudlaşdırır. Şükürlər olsun ki, bizi ASMART Yaradıcılıq Mərkəzi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Actors Agency və YARAT Müasir İncəsənət Mərkəzi dəstəkləyir. Bizim aktyor olmaq istəyən gənc uşaqların toplaşdığı yaradıcı Polygon platformamız var. Biz orada onlara çox şey öyrədirik və sonra onlar bizim tamaşalarda oynamağa başlayırlar. Bizdə daimi truppa yoxdur, ona görə də hər dəfə bizim tamaşalarda müxtəlif adamlar oynayırlar. Bütün bunlarla yanaşı, gələcəkdə bizim platformamıza tamamilə müxtəlif konsepsiyalara malik yaradıcı insanlar gələcəklər. Biz də çalışacağıq ki, onların özünü ifadə etməsi üçün şərait yaradaq.

— Yeni başlayan aktyorlarla işləmək çətin deyil?

— Hər bir insanın istedadı var, sadəcə, onu açıb üzə çıxarmaq lazımdır. Həvəskar aktyorlarla, demək olar ki, iki ay işlədikdən sonra, hətta onların ən qapalısı belə, layihələrimizdə fəal iştirak etməyə başlayır. Biz onlara səhnədə sərbəst olmağı və improvizə etməyi öyrədirik. Bizim heç bir məhdudiyyətimiz yoxdur.

— Nə kimi planlarınız var?

— Planlar çoxdur. Teatr mövsümü artıq başa çatdığından biz bir qədər istirahət etməyi qərara aldıq. Ancaq tezliklə yenidən işə başlayacağıq. Bizim həyata keçirmək istədiyimiz layihələr olduqca çoxdur.

 

Каmilla Seyidova