Ən çox müzakirə edilən və hər il gözlənilən «Eurovision» beynəlxalq mahnı müsabiqələrindən biri başa çatmışdır. Layihənin qalibi Niderland nümayəndəsi Dunkan Lourens 492 bal toplayan Arcade kompozisiyası ilə çıxış edib. İkinci yerdə İtaliya (465 bal), üçüncü yerdə isə Rusiya (369 bal) qərarlaşıb. Azərbaycanın «Eurovision»dakı təmsilçisi Çingiz Mustafayev isə 302 balla səkkizinci yeri tutub.

Müğənni müsabiqədə Truth («Həqiqət») mahnısını ifa edib. Onun bek vokalistləri (öz səsi və ifası ilə solisti müşayiət etməklə dəstəkləyənlər) timsalında xarici məşhurlar — bu il «Dansk Melodi Grand Prix»in (Danimarka) finalında iştirak edən— Pernil Lilu, Melodifestivalen 2012 (İsveç) finalına qədər irəliləyən Sara Linni, həmçinin «Eurovision—2018»də Avstriyanın təmsilçisi Sezar Sempsonla işləyən Patrik JanSedrik Hammar çıxış etmişlər. Müğənninin nömrəsi üçün səhnə qrafikası üzərində GST Moskva Kreativ komandası işləmişdir. Onun müsabiqə nömrəsinin xüsusi visual effektlərinə «Eurovision-2016» müsabiqəsində qalib gəlmiş Camalanın nömrələri üçün xüsusi effektlər işləyib hazırlayan «Front Pictures Creative Studio» komandası məsul olmuşdur. Bir sözlə, Azərbaycan təmsilçisinin ləyaqətlə çıxış edə bilməsi üçün hər cür şərait yaradılmışdı.

Azərbaycan tamaşaçıları, mədəniyyət və incəsənət xadimləri Çingiz Mustafayevin mahnı və nömrəsi haqqında yüksək rəy və fikirlər söyləmiişlər, odur ki, hamı onun özü kimi Çingizdən qələbə gözləyirdi. Hətta bahisçilərin(bukmekerlərin) proqnozlarına görə, müğənni həmişə dördüncü və ya beşinci yeri tutmuşdur. Ancaq təəssüf ki, bu, müsabiqədir, odur ki, nəticələr əvvəlcədən proqnozlaşdırıla bilməz.

Dalma Newsə verdiyi müsahibədə Çingiz Mustafayev etiraf edib ki, Azərbaycanı mahnı müsabiqəsində layiqincə təmsil etmək üçün əlindən gələni etmiş və buna nail olmuşdur.

«Mən öz qələbəmə əmin idim, amma nə etmək, istədiyimiz heç də həmişə yerinə yetmir. Olduqca çox stress var idi və çox güc sərf olundu. Təəssüf ki, hər şey məndən asılı deyildir. Sosial şəbəkələrdə bir çoxları yazırlar ki, mən, onlar üçün hələ də birinciyəm və bu mənim üçün xoşdur. Bütün bu müddət mənə dəstək olan hər kəsə minnətdaram»,- deyə Çingiz Mustafayev bildirmişdir.

İfaçını, həmçinin bütün müsabiqə boyu onun yanında olmuş məşhur şoumen və ifaçı Murad Arif də dəstəklədi. Onun sözlərincə, bütün Azərbaycan Çingiz ilə fəxr edir, çünki o, çox parlaq idi.

—«Bizim üçün o, ulduz və bizim qəhrəmanımızdır. Mən bütün bu müddət ərzində onun yanında olmuşam və onun daim öz üzərində çalışdığını, məşq etdiyini görmüşəm. O, hətta istirahət belə etmirdi, çünki başa düşürdü ki, onun üzərinə böyük məsuliyyət düşür. Çingiz doğrudan da birinci yerə layiq idi», – deyə Murad Arif Dalma Newsə müsahibəsində bildirib.

Bu il çoxlu sayda mədəniyyət xadimləri — «Rast» qrupunun rəhbəri Rəşad Həşimov, Azərbaycanın xalq artisti Faiq Ağayev, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, xoreoqraf Emin Hüseynov, Rejissor Ülviyyə Könul və prodüser Yalçın Cabbarov Azərbaycan tərəfindən müsabiqənin ekspert münsiflər heyətinin tərkibinə daxil idilər. Onların hər biri Çingiz Mustafayevin çıxışından razı idi və hesab edirdi ki, o, layihənin ən yaxşı ifaçıları üçlüyünə daxil olmalıdır.

Rejissor Ülviyyə Könül Dalma News ilə söhbətində etiraf etdi ki, həyatında ilk dəfə olaraq Azərbaycan nümayəndəsinin həm mahnısı, həm çıxışı, həm də səhnənin tərtibatı onun çox xoşuna gəldi. Onun sözlərinə görə, çıxışda hər şey bir-birini tamamlayırdı.

«Çingiz üçün çox uğurlu mahnı seçdik. O dərhal mənim xoşuma gəldi. Tamaşaçıların rəylərinə görə, kompozisiya da onların ürəyincə idi. Hər şey yüksək səviyyədə edilmişdi. Mən İsveç və Hollandiyanı Çingizin əsas rəqibləri hesab edirdim, ancaq hər şey heç də belə olmadı. Yeddinci yer də pis deyil, çünki biz qaliblər onluğundayıq, amma hesab edirəm ki, o, qaliblərin üçlüyünə daxil olmalı idi. Rusiya nümayəndəsi Sergey Lazarev üçüncü yeri tutsa da, nə onun mahnısı, nə də səhnə tərtibatı mənim xoşuma gəlmədi»,- deyə Ülviyyə Könül bildirdi.

Xalq artisti Faiq Ağayev hesab edir ki, məyus olmaq lazım deyil, çünki müsabiqənin heç də bütün iştirakçıları ən yaxşıların onluğuna düşməyib, Çingiz Mustafayev isə buna nail olub. Onun sözlərinə görə, ifaçının mahnısı müasir trendlərə uyğun səsləndirilib və yazılıb, buna görə də tamaşaçılar onu dərhal bəyənib sevmişlər.

«Mən Çingizi səhnəyə çıxdığı ilk gündən tanıyıram. O, çox istedadlı ifaçıdır və bunu bir daha nümayiş etdirdi. Mən əmin idim ki, o, müsabiqənin liderlərinin beşliyinə daxil olacaq. Çingizə gələcək karyerasında uğurlar arzulayıram. İndi onun yaradıcılığında yeni yol başlayır», — deyə Faiq Ağayev hesab edir.

Bütün müsabiqə boyu Çingiz Mustafayevi dəstək qrupuna «Avroviziya-2011» müsabiqəsinin qalibi Eldar Qasımov da daxil idi. Müğənni Dalma News ilə söhbətində həmkarına üzülməməyi məsləhət görmüş, çünki Azərbaycan tamaşaçıları və onun digər ölkələrdən olan pərəstişkarları üçün o, yenə də qalib və ən yaxşıdır.

 

Каmilla Səidоvа