Böyük Vətən müharibəsi təkcə onun tərkib hissəsini böyük döyüşlər, müdafiə və hücum əməliyyatları, öz miqyası və dəyərinə görə deyil, bəşər tarixində, ilk növbədə, analoqu olmayan Sovet xalqı adlanan böyük birliyə daxil olan insanların böyük mənəvi rəşadəti sayəsində görünməmiş böyüklük qazandığına görə böyük adlanır.
Öz möhtəşəm surətdə sazlanmış hərbi maşınının başgicəlləndirici uğurlarından sərxoş olmuş Hitler rəhbərliyi Sovet İttifaqını başqa cür yox, məhz gil ayaqlar üzərində nəhəng, ancaq içiboş bir müqəvva adlandırır və «Barbarossa» planına əsasən, onun darmadağın edilməsinə guya, cəmi bir-iki ay lazım gələcəkdi.
Onların fikrincə, SSRİ-nin ən bariz zəifliklərindən biri onun çoxmillətli olması idi. O, blitskriq zamanı güclü zərbələrdən parça-parça olmalı idi, bu milli qəlpələr isə məğlubedilməz vermaxta müqavimət göstərməyə qadir olmazdı. Nasizmin qələbəsindən sonra onlara ancaq bütün «qüsurlu və natamam» xalqların qanunauyğun taleyi nəsib ola bilərdi. Məlum olduğu kimi, Auşvits-Osventsim, Maydanek, Treblinka və milyonlarla insanın məhv edildiyi digər konslagerlər, nasistlərin artıq onlarla və yüz milyonlarla «untermenshi» məhv etmək üçün Sibirdə tikməyə hazırlaşdıqları nəhəng ölüm düşərgələrinin sınaq nüsxələri idi. Beləliklə, yeni aryalılar təmizləyib özləri üçün yaşayış sahələri hazırlaşırdılar.
Lakin çoxmillətli Sovet xalqı sarsılmaz monolitlə faşizmin qarşısında durdu və bəşəriyyəti qəhvəyi vəbadan xilas etdi. SSRİ-yə daxil olan Gürcüstan Sovet Sosialist Respublikası həm ərazisinin ölçüsü, həm də əhalinin sayına görə kifayət qədər kiçik idi. Buna baxmayaraq, o, həmişə heyrətamiz etnik rəngarəngliyi ilə fərqlənmişdir. Demək olar ki, yüzədək millətin nümayəndələri parlaq palitra yaradır, Gürcüstana tamamilə xüsusi bir kolorit verirdilər. Ona bir bəla üz verdikdə və başının üstünü ölüm təhlükəsi alanda isə, onların hamısı Vətənin müdafiəsinə qalxırdılar. Ona görə qalxırdılar ki, zamana görə, və çox təəssüf ki, əqli cəhətdən də özlərinin uzaqda qalan bəzi nəsillərindən fərqli olaraq faşist ordusunun torpaqlarımızı bizimkilərə Bavariya pivəsi içirmək və mersedesdə gəzdirmək üçün deyil, öz mənfur işğalçılıq məqsədlərini həyata keçirmək üçün zəbt etməyə çalışırdığını yaxşı başa düşürdülər.
Gürcüstan özünün 700 000 oğlunu cəbhəyə göndərmiş və onların yarısı evə qayıtmamışdı. Onlar həyatlarını Qələbə naminə qurban vermişdilər. Belə hesab edilir ki, insan üçün ən əziz və qiqmətli — bu, həyatdır, amma əgər insan canını Vətən uğrunda qurban verirsə, deməli, o daha əziz və bahadır! Ölümdən yan keçə bilənlər evə qalib və qəhrəman kimi qayıtmışlar. Elə bizim hekayəmiz də bunlardan biri haqqında olacaq. Bu adam Mustafayev Bəkir Dursun oğludur (11 fevral 1898 — 10 dekabr 1978).
O, 11 fevral 1898-ci ildə Axaltsix rayonunun Qlazar kəndində bir azərbaycanlı kəndli ailəsində anadan olmuşdur. Bir çoxlarına Gürcüstan həmişəyaşıl subtropik cənnət kimi görünür, lakin bu, heç də belə deyil.
Axaltsix rayonu qışda əsl Sibir şaxtaları, yayda isə üzücü və qızmar istiliyi ilə fərqlənən bir regionda yerləşir. Belə sərt şəraitdə möhkəm, inadla çalışan əməksevər bir xarakter formalaşır. Çoxuşaqlı Mustafayevlər ailəsində çətin kəndli əməyinə uşaqlıqdan uyğunlaşıb qovuşmuşdular. Bəkir də istisna deyildi. O, demək olar ki, 20-ci əsrin yaşıdıdır və yalnız onun bütün kataklizmlərinin şahidi deyil, həm də bilavasitə iştirakçısı olmuşdur.
Birinci Dünya müharibəsi onun kiçik vətənini demək olar ki, cəbhəyanı bölgəyə çevirdi. İnqilab və Rusiya imperiyasının dağılması, menşeviklərin rəhbərliyi altında qısa müddətə müstəqil Gürcüstan dövlətinin yaranması, Gürcüstanın SSRİ-yə daxil olması.
Kəndli Mustafayevdən kollektivləşmə də yan keçmədi. Tariximizdə kənd təsərrüfatının bu nəhəng islahatı ən geniş qiymətləndirmə spektrini almışdır. O, kommunist cənnətinə geniş bir yol idi, sonra isə cəhənnəmə geniş yol kimi şərh olunmağa başladı. Əlbəttə, bu, bəlkə də son nöqteyi-nəzərdir, həqiqət yəqin ki, haradasa ortadadır. Bizə məlumdur ki, sadə kəndli Bəkir Mustafayev kolxoz sədri olubdur. Bunun üçün yuxarıda — rayon rəhbərliyində sənə həmişə inanmaları və etibar etmələri lazım idi, amma sənə sadə kəndlilərin də hörmət etmələri və sənin ardınca getmələri heç də az tələb olunmurdu. Çox mümkündür ki, o, sülh sahəsində də yüksək mükafat alardı, amma müharibə başqa cür hökm çıxardı.
Möhkəm və etibarlı arxa olmadan istənilən ordunun hər hansı bir müharibədə qalib gəlməsi mümkün deyildir. Ordunu ona tələb olunan həcmdə hər şeylə təmin etmək lazımdır. Ordu üçün ərzaq tədarükü silah tədarükündən heç də az əhəmiyyət kəsb etmir. Arxa cəbhədə qalanlar inanılmaz, necə deyərlər,əfsanəvi, qeyri-insani gərginliklə çalışırdılar, çünki onlardan hər biri özü və cəbhəyə gedənlər üçün çalışırdı. Onlar dövlət üçün çox böyük dəyərə malik idilər, məhz buna görə də onları qoruyub saxlayır və möhlət verərək , orduya aparmırdılar. Ancaq arxa cəbhədəki oğlanlar da cəbhəyə can atırdılar, nisbətən yaşlı sağlam kişilərdən isə heç danışmaq lazım deyil.
Keçmiş kolxoz sədri Bəkir Mustafayev cəbhəyə düşə bildi. O, könüllü, sıravi döyüşçü kimi getmişdi. 1942-ci ilin mart ayından qüvvədə olan orduda xidmət etməyə başlayır. O, 55-ci qvardiya atıcı diviziyasının 164-cü atıcı polkunda sıravi kimi vuruşur. Burada qeyd etmək lazımdır ki, bu diviziya SSRİ Silahlı Qüvvələrinin ən məşhur birləşmələrindən biridir. 1918-ci ildə formalaşmış və 1944-cü ilin iyulunda o, İrkutsk-Pinskoy fəxri adına layiq görülmüş və düşmənə qan udduraraq, müharibəni Lenin ordeni, üç dəfə Qırmızı bayraq, RSFSR Ali Sovetinin 2-ci dərəcəli Suvorov diviziya ordeni ilə başa vurmuşdur. Onun 22100 döyüşçüsü orden və medallarla təltif edilmiş, iyirmi beşi isə Sovet İttifaqı qəhrəmanları olmuşlar.
Bəkir Mustafayev diviziyanın möhtəşəm şöhrətini yaradan və yüksəldən şəxslərdən biri idi. O, Qafqaz, Krım, Ukrayna uğrunda döyüşlərdə iştirak etmişdir. Qvardiya sıravisi Bəkir Mustafayev öz böyük hünərini Kerç şəhəri uğrunda döyüşlərdə göstərmişdir. 3 noyabr 1943 il 164-cü qvardiya alayı öz diviziyasının tərkibində Kerç boğazından keçdi və bu əməliyyatı sürətləndirmiş oldu. Bəkir Mustafayev tərkibində olduğu 5-ci rotanın daha da irəliləməsi üçün düşmən bunkerinin qarşısını qasırğa atəşi ilə aldı. Vəziyyəti düşmənin sıx atəşi altında, yüksəklikdə yerləşən dota (top,pulemyot bə s. üçün uzunmüddətli atəş nöqtəsi – istehkam) tərəf sürünərək, ambrazurlar (divardaki qapı və pəncərə yerləri) vasitəsilə onu qumbaraya tutdu, dzot (ağac-torpaq atəş nöqtəsi) qarnizonunu tərtib edən beş faşist məhv edildi və rota hücumu davam etdirə bildi. Sıravi Mustafayev qvardiya yoldaşları ilə birlikdə alman səngərlərinə girərək əlbəyaxa döyüşdə daha dörd düşmən əsgərini məhv etdi. Əl pulemyotunu götürüb, geri çəkilən düşməni atəşə tutaraq ona böyük itkiyə məruz qoymuş oldu. Mustafayev yaralansa da döyüş meydanını tərk etmədi. Kerçen yarımadasında o, düşmənin qırxdan artıq əskər və zabitini məhv etdi.
16 may 1944 –cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə göstərdiyi qəhrəmanlıq, mərdlik və şücaətə görə sıravi Bəkir Dursun oğlu Mustafayevə Lenin ordeni və «Qızıl Ulduz» medalı təqdim etməklə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Müharibədən sonra Mustafayev Özbəkistanın Səmərqənd vilayətinin Səmərqənd rayonunun Kaynama qəsəbəsində yaşayıb işləmişdir. O, 10 dekabr 1978-ci ildə 80 yaşında vəfat etmişdir. Qəsəbənin küçələrindən biri onun adı ilə adlandırılmışdır.
Və sonda kədərli hal haqqında. İkinci Dünya müharibəsinin yekun və nəticələrinin fəal surətdə yenidən nəzərdən keçirilməsinə və yenidən qiymətləndirilməsinə çalışıldığı hamıya məlumdur. Axırına çıxılmamış faşist qalıqları və onların davamçıları abidələrlə vuruşur, onları söküb dağıdır, yıxıb üzərlərinə müxtəlif rənglər tökürlər. Əsas məqsəd insanların yaddaşında müqəddəs heç nə qoymamaqdır. 2008-ci ilin aprelində isə 55-ci Irkutsk-Pin atıcılıq diviziyası 164-cü qvardiya atıcılıq alayının sıravisi Mustafayev Bəkir Dursun oğluna məxsus 4944 nömrəli «Qızıl Ulduz» və onun sənədləri nternet-auksionlarından birində satılmışdır.
David Кupatadze (Тbilisi)