Respublika Seysmoloji Mərkəzi xəbər verir ki, yerli vaxtla 09:45 radələrində İsmayıllı rayonunda, saat 09:49 radələrində isə Şəki ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6,5 və 4 bala qədər hiss olunub.
Sosial şəbəkələrdə paylaşılan məlumata görə, zəlzələ Zaqatala, Balakən, hətta bir sıra Aran rayonlarında da hiss olunub.
Qeyd edək ki, zəlzələ 1 nəfərin ölümünə səbəb olub. Göyçay rayonunun Məlikkənd kənd sakini, 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub.Təkanların təsirindən ayağı sürüşərək su quyusuna düşüb.
Quyuda elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.İbadovanı öldürüb.
Şəkidə baş verən zəlzələ ilə bağlı isə şəhər ərazisində heç bir dağıntı qeydə alınmayıb.
Zəlzələ ilə bağlı yaradılmış komissiya üzvləri artıq ərazidədir. İlkin məlumata görə, qəsəbə ərazisində bəzi evlərdə çatlar yaranıb. Hazırda araşdırma davam edir.
Şəki şəhər İcra Hakimiyyətindən həmçinin bildiriblər ki, zəlzələ ilə bağlı hələlik heç kim şəhər xəstəxanası və kənd tibb məntəqələrinə müraciət etməyib.