Azərbaycanın həbs yerlərində vəziyyət necədir? Məhbuslar üçün iş varmı? Onlar nə qədər qazanırlar? Dalma Newsin bu və digər suallarına Azərbaycanın Hüquqmüdafiə mərkəzinin direktoru Eldar Zeynalov cavab verdi.
Cənab Zeynalov, Azərbaycanda məhbusların işlə təmin olunması ilə bağlı durum haqqında danışın.
Ondan başlayım ki, Azərbaycan qanunvericiliyinə görə, ictimai-faydalı əmək əvvəlkitək məhkumların islah edilmə vasitələrindən biri hesab olunur. Bundan başqa, «Cəzaların icrasına dair məcəllədə» ictimai faydalı əməklə məşğulluq məhkum hüquqları siyahısına daxil edilmişdir. Əməyə münasibət islah olma göstəricisi olmaqla, saxlanmanın önəmləşdirilmiş şəraiti təyin edilərkən, cəzaçəkmə müəssisəsindən məzuniyyət verilərkən, şərti olaraq vaxtından əvvəl azad edilərkən və s. hallarda nəzərə alınır. Bütün bunlardan sanki məhbuslar üçün iş yerləri açılmasına maraq yaranmalıdır. Amma paradoksal haldır ki, hakimiyyətin ölkənin iqtisadi inkişafı, işsizliyin aradan qaldırılması və s. barədəki bəyanatları fonunda koloniyalarda istehsalat aşağı düşürdü. Bir neçə il əvvəl aparılan tədqiqat göstərdi ki, əgər 1990-cı ildə əməyə orta hesabla 67,8% ( bəzi koloniyalar üzrə isə hətta 87%-dək) məhkum cəlb olunmuşdusa, 15 il sonra bu göstərici vur-tut cəmi 35,5% təşkil etdi ki, onların böyük bir hissəsi koloniyaların təsərrüfat xidmətininin (10%) və süvenir istehsal edən kustarların payına düşürdü. Elə həmin 15 il ərzində sənaye istehsalının həcmi 335 dəfə aşağı düşdü. Koloniyaların yarısında indi istehsal sahələri, ümumiyyətlə yoxdur. Belə sahələrin hələ də mövcud olduğu yerlərdə isə, istismar müddəti 10 ildən artıq olan köhnəlmiş avadanlıq 93%-i ötür.
Bir sözlə, bizim koloniyalarda əməklə təminatın vəziyyəti fəlakətlidir. Əgər əvvəllər əmək GULAQ, istismar və katorqa haqqında nəşrlərə qida verən ağır, məcburi borc və vəzifə idisə, indi çətin əlçatan bir hüquqa dönmüşdür.
Əlbəttə, məhkumların arasında əməyə mənfi münasibət bəsləyənlər həmişə olub və hələ də var. Amma elə adamlar da var ki, törətdikləri cinayət onları adi əmək mühitindən qoparmış və onlar öz ailələrinə yük olmaq istəmir, borclarını mülki iddialar üzrə ödəməyi arzulayırlar ki, tez azad olub evə getmək imkanına malik olsunlar. Dövlət hətta onları iş yerlərilə təmin edə bilmir. 2017-ci ilin fevralında ölkə prezidenti sərəncam verib ki, ona əsasən digər məsələlərlə yanaşı, koloniyalarda istehsal sahələri bərpa edilməli və ya yenidən yaradılmalı idi ki, bunun üçün hətta özəl kapital cəlb etməyə icazə verilmişdi. Lakin artıq bir il ötsə də, bu sahədə irəliləyiş nəzərə çarpmır.
Bəs məhbusların əmək haqqı necədir?
Azərbaycanın penitensiar sistemində məhbuslar üçün həmkarlar ittifaqları yaradılması, tətillərin keçirilməsi və ya məzuniyyəti kurortda keçirmək üçün cəzaçəkmə müəssisəsini tərketmə imkanları istisna olmaqla, işçilərin azadlıqda malik olduqları bütün hüquqlar saxlanılır (hərçənd, ümumi rejimli koloniyalardan kənarda bəzi kateqoriyalı məhkumlar üçün 7 gündən artıq ödənişli məzuniyyət müddəti mümkündür).
Məhkumlar əməyə cəlb edildikdə onların cinsi, yaşı, əmək qabiliyyəti, sağlamlığı və imkan daxilində, ixtisası nəzərə alınmalıdır. Nəzəri cəhətdən, həmçinin cəzaçəkmə müəssisəsindən kənarda olan istehsalat obyektlərində – təbii ki, mühafizə altında və təcrid olunmaqla işləmək imkanı da nəzərdə tutulmuşdur. Hərçənd, kişi və qadınların pensiya yaşı indi 65 yaş təşkil edir, lakin koloniyalarda 60 yaşdan yuxarı məhkum kişilər və 55 yaşlı qadınlar işləməyə bilər, ya da könüllü işləyə bilərlər. 18 yaşdan cavan olanlar, əlillər, hamilə və körpə əmizdirən qadınlar üçün məhdudiyyətlər nəzərdə tutulmuşdur.
Məhkumların iş vaxtı, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydaları əmək qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir. İstirahət və qeyri-iş bayram günləri nəzərə alınır.
İşləyən məhbuslara əmək stajı yazılır. Əmək haqqı əmək qanunvericiliyinə uyğun hesablanıb verilir. Bu zaman tam iş günü üçün əmək haqqı müəyyən olunmuş minimum əmək haqqı məbləğindən az olmamalıdır. Natamam iş vaxtı üçün ödəniş isə işin görüldüyü vaxtla mütənasib həyata keçirilir.
Məhbusların əmək haqqından gəlir vergisi tutulur, Dövlət sosial müdafiə fondu və digər məcburi ödənişlər üçün pul köçürülür, habelə şəxslərin icra vərəqəsi və başqa icra sənədləri (məsələn, uşaqlar üçün aliment) üzrə saxlamalar aparılır.
Lakin tutulmağa məxsus bütün məbləğdən asılı olmayaraq, 50% dən az olmamaq şərtilə məhbusların əmək haqqı, pensiya və digər gəlirləri onların şəxsi hesablarına , 60 yaşdan yuxarı kişilərin və əlli beş yaşından yuxarı qadınların, I və II qrup əlillərin, yetkinlik yaşına çatmayanların, hamilə və koloniya nəzdindəki uşaq evində uşağı olan qadınların şəxsi hesablarına isə azı 60%-i keçirilir. Əmək haqqının ölçüsündən asılı olmayaraq, məhkumlara dövlət hesabına orqanizmin normal həyat fəaliyyətini təmin edən üç dəfəlik yemək təqdim olunur. Məhbuslar həmçinin paltar,ayaqqabı və ən zəruri əşyalarla təmin olunurlar. Bundan başqa, peşə və ya ixtisası olmayan məhkumlar üçün koloniyalarda peşə hazırlığı təşkil edilir.
Vəziyyət əmək haqlarının 25%-nin sosial müdafiə fonduna, 14% -nin gəlir vergisi və sairəyə çıxılan azadlıqdaki işçilər ilə müqayisə olunandır. İntəhası, məhkumları həm də adminstrasiyanın hesabına yedizdirir və geydirir, üstəlik təhsil də verirlər.
Amma problem ondan ibarətdir ki, həbsxana sistemi indi işçiləri nə tam iş günü, nə də az-çox gəlirli istehsalatla təmin edə bilmir.
Belə ki, əgər bizim ayda minimum 130 manat əmək haqqı müqabilində məhbus cəmi 33 manat alırsa, əgər o, yarım iş günü işləyirsə və ondan əmək haqqının yarısı tutulursa bu, qanun
nöqteyi-nəzərindən normaldır. Amma həbsxana dükanlarındaki qiymətləri görəndə adamların ürəyi sıxılır.
Bundan başqa, qanuna görə, məhkumlar haqqı ödənilmədən koloniyaların abadlaşdırılma və mədəni-məişət şəraitinin yaxşılaşdırılması üzrə köməkçi işlərə cəlb edilə bilərlər. 10 il bundan əvvəl ödənişlə və pulsuz işləyənlərin nisbəti 1:3 idi, və düşünmürəm ki, ötən müddət ərzində nəsə dəyişmişdir.
Məhbusların saxlanma xərcləri necədir?
Ötən il Penitensiar Xidmətin büdcəsi 80 milyon manat və ya bir məhbusa bir gün üçün təxminən 10 manat (5 avro) təşkil etmişdir. Hər şey buraya daxildir: həm yeməklə geyim, həm mühafizəçilərin maaşı və həm də kommunal xidmət xərcləri. Düzdür, tibbi xidmət xərcləri digər büdcə maddəsi üzrə gedir, yəni real olaraq məhbuslara bir gədər çox xərclənir.
Bu, o deməkdir ki, qazancının 50%-i dövlətə köçürülməklə məhbusun həbsxanada özünü təmin edə bilməsi üçün o, ayda təxminən 600 manat qazanmalıdır. Bu, təxminən ölkədə orta əmək haqqına bərabərdir ki, belə məbləğdə məvacibi yarıboş sexlər və ötən əsrin dəzgahları ilə nəinki həbsxanada, hətta azadlıqda belə təmin etmək müşkül məsələdir.
Lakin iqtisadi böhran adamları sıxır və keçən il məhbusların məşğulluq məsələsinin qaldırılması məhz bununla izah olunur, halbuki, hüquq müdafiəçiləri bu barədə 20-25 il danışıb xatırlatmışlar. Axı, buna qədər prezidentlik müddəti dövründə hətta 600 min iş yeri yaradılması üzrə iddialı və ambisioz proqram belə həbsxanalardan yan keçmişdir.
Ümid etmək qalır ki, bizi heç olmasa, indi eşidəcək və təkliflərimizə diqqət yetirəcəklər.
Azərbaycanda məhbuslara maliyyə xərclərini yoxlayırlarmı?
Heç şübhəsiz. Hər hansı işgüzar aktivlik olan yerdə həmişə yarım düjün əli qovluqlu müfəttiş tapılar. Lakin əgər kağız üzərində, hesabatda hər şey qaydasındadırsa, heç yoxlayana tələbat da böyük deyil. Hədsiz təşəbbüs məmura ziyan vura bilər, amma onun olmamasına görə xüsusi olaraq cəzalandırmırlar. Bütün dünya bürokratları məhz elə «nəsə etməməyi bacarırsansa – etmə» prinsipi ilə yaşayırlar.
Həm də həbsxana – bu rejim obyektidir ki , ora hər kəsi ümumiyyətlə buraxmazlar. Üstəlik, maliyyə məsələlərinə kənar burunu soxmağa isə əsla icazə verməzlər. Ümid eləmək qalır ki, iqtisadi böhran şəraitində dövlət nəzarəti orqanları özlərini bir qədər yığışdırıb daha iradlı və fəhmli olacaqlar.
Ancaq bu sahədə bizdə bəzi ümumiləşdirici rifah göstəriciləri var. Məsələn, qidanın, tibbi xidmətin keyfiyyətinə dair şikayətlərin sayının nəzərəçarpan dərəcədə azalması, ölüm səviyyəsinin aşağı düşməsi göstərir ki, bu sahəyə daha çox vəsait qoymağa başlamışlar.
Problemləri necə həll etmək?
Gəlin, məhbusların məşğulluqu üçün nəyin səciyyəvi olması üzərində düşünək. Onlar mobil deyillər (başqa şəhər və ya ölkəyə getməyəcəklər), həmkarlar ittifaqları və tətillər tərəfindən korlanmamışlar, iş seçimində iddiasızdırlar.Eyni zamanda, işçilərin yaşayış yeri, geyim və yeməklə bağlı problemlərinin bir hissəsini hökumət öz üzərinə götürür.
Bu, azadlıqda tələb olunan hər hansı biznes üçün ideal başlanğıc imkanları yaradır, ancaq az gəlirlidir və işçilər tərəfindən bir o qədər məhəl qoyulmur. Bizdə axı məşğulluq bazarlarında işsizliyin dəhşətli dövrlərində belə, işsizlər az ödənişli iş yerlərinin təkliflərindən yan keçirdilər. Nə etməli, mentalitetimiz belədir .
Məsələn, sənaye zonalarından aqrosənaye zonalarına keçmək olar. Kənd yerlərindən olan bir çox məhbuslar adətən Bakı kimi «çörəkli» şəhərlərə qaçan öz həmkəndlilərinin fermerçilik işinin öhdəsindən tam gələ bilərdilər. Və ya bir müddət bundan əvvəl anonslaşdırılan və coşqun entuziazma səbəb olan pambıq kimi texniki bitkilərin becərilməsini götürək. Nə üçün? Çünki hər hansı bir məmur başa düşür ki, kəndliləri pambıq tarlasına Özbəkistandaki kimi polislə qovub aparmaq lazım gələcək.
Digər tərəfdən, həbsxanalarda yalnız şəhər darvazaları altından olan marqinal və tərkdünyalar deyil, həm də «ağ yaxalıqlılar» («белых воротничков»), ümumiyyətlə ali təhsilli adamlar da çoxdur. Məcəlləyə müvafiq olaraq, belə məhbuslar üçün onların ixtisaslarına yaxın işlər təşkil etmək olardı . Etmək üçün Yazılı məsləhətlər vermək, tərcümələr etmək, mühazirələr oxumaq, binanı layihələşdirmək, rəsm çəkmək üçün nəhəng dəzgahlı sənaye sexləri lazım deyil. Təki, yalnız vəziyyəti dəyişmək arzusu olsun.
Мəmməd Мəmmədzadə