Bolqarıstan hökuməti Azərbaycana energetika əməkdaşlığı üzrə layihələr paketini təqdim edib. Azərbaycan tərəfinə AZS tikintisində iştirak etmək, neft-qaz anbarlarının, neft emalı zavodlarının tikintisinə investisiya qoymaq təklif olunub. “Trend” Bolqarıstanın Azərbaycandakı səfiri Emil Kərimovun sözlərinə istinad edərək xəbər verir.
“Bolqarıstan hökumətin ümumi planı çərçivəsində 1 ildə bir milyard kub metr həcmində Azərbaycan qazını almaqda maraqlıdır. Gələcəkdə bu rəqəm artırıla bilər”, – səfir bildirib. O qeyd edib ki, indi Azərbaycan tərəfi layihələri və onların gəlirliliyini araşdırır.
Hal-hazırda Yunanıstan-Bolqarıstan interkonnektoru üzrə Azərbaycan qazının çatdırılmasıyla bağlı danışıqlar davam edir. Söhbət “Şah Dəniz” qaz yatağının ikinci fazasından çıxarılan qazdan gedir.
Gözlənildiyi kimi, IGB Trans-Adriatik boru kəmərinə (TAP) qoşulacaq və təyin olunan xətt üzrə Avropaya qaz nəql olunacaq.
Bundan başqa, Bolqarıstan Avropaya Azərbaycan qazını çatdıracaq boru kəməri inşa etmək fikrindədir.