Emil Qədirov — «Qоlоs» («Səs») layihəsinin finalisti, Aleksandr Qradskinin yetirməsi, bu gün üçün Müslüm Maqomayev mahnılarının ən yaxşı ifaçılarından biri sayılan artist. Onun gitara ilə perfomansları (çıxışları) isə minlərlə tamaşaçı toplayır. Biz Emillə onun musiqi istedadı, böyük səhnədəki çıxışları və doğma şəhəri Bakı haqqında danışdıq.
Emil, öz istedadınız, seçdiyiniz peşə haqqında danışın. Siz musiqiyə necə gəldiniz?
Əslində mən musiqiyə tamamilə şüurlu olaraq gəlmişəm. O mənada ki, bu lap əvvəldən mənim çox xoşuma gəlirdi. Yadımdadır, uşaqlıqda mən çox istəyirdim ki, gitara çalım. Bu, deyəsən 10 yaşımda baş vermişdi.Mən valideynlərimin yanına gəlib dedim ki, musiqi ilə məşğul olmaq istəyirəm. Onlar mənə seçim azadlığı verdilər və musiqi aləti bağışladılar. Zaman keçdikcə ilk çətinliklər və səddlərlə qarşılaşanda, mən belə bir fikrə gəldim ki, musiqi mənim üçün deyil və mən onu tərk etməliyəm. Ancaq bir müddət sonra özümü ələ alıb təhsilin əvvəlində ortaya çıxan bütün çətinliklərə üstün gəldim və başa düşdüm ki, getdikcə hər şey qat-qat asan və maraqlı olur. Mən ümumiyyətlə, hesab edirəm ki, əgər həyatda hər hansı belə xüsusi bir səddi aradan qaldırsan, başa düşərsən ki, bu, doğurdan da sənin istedadın, düzgün seçimindir və sənə həqiqətən də bununla məşğul olmaq lazımdır.
Siz məşhur «Qolos» şousunun finalisti olmusunuz. Keçdiyiniz yol və təcrübə barədə danışın.
«Qolos» layihəsi sözün əsl mənasında mənə böyük təkan oldu, mənim həyat və yaradıcılığımda bir növ tramplin rolunu oynadı. Əlbəttə, bir çoxları məni layihədən sonra tanımağa başladı. Və doğma ölkəm — Azərbaycanda da, Rusiyada da məni tez-tez tanımağa və konsertlərə dəvət etməyə başladılar. Bir çox insanlar mənim konsertlərimə gəlməyə, musiqi dinləməyə, mənə xoş və xeyirxah arzular diləyərək yazmağa başladılar. Lakin qeyd etmək lazımdır ki, belə layihədə iştirak etmək son dərəcə çətin, psixoloji cəhətdən çox böyük məsuliyyətdir.
Öz müəlliminiz — misilsiz Аleksandr Borisoviç Qradski barədə danışın. Siz ondan hansı mühüm məsləhətləri almısınız? Nə öyrənmisiniz?
Aleksandr Borisoviç son dərəcə gözəl müəllim, əfsanəvi musiqiçi, yəqin bütün ağlagələn və gəlməyən janrlarda: rok və klassikadan tutmuş estrada və cazadək olan janrlarda oxumuş və indinin özündə də oxumaqdadır. Aleksandr Qradski mövcud ola bilən istənilən musiqidən baş çıxarır. Mən bu günədək ondan məsləhətlər alıram. Hətta şou bitdikdən sonra da biz onunla gözəl münasibətlərimizi davam etdiririk: dostuq edir, ünsiyyət saxlayırıq və o məni hər vasitə ilə dəstəkləyir. Bundan başqa, mən Aleksandr Qradski Teatrının solistiyəm və hazırda biz onunla təbiətin, talein mənə bəxş etdiyi istedad üzərində fəal işləyir və inkişaf etdiririk . Belə dahi musiqiçi ilə tanış olmaq və dostluq etmək böyük xoşbəxtlikdir.
Sizin baritonu tez-tez əfsanəvi Müslüm Maqomayevin səsi ilə müqayisə edirlər. Əslində, «Qolos» şousunun münsiflər heyətini elə bu səs fəth etmişdir. Belə miqyaslı məşhur ulduzla müqayisə olunmaq Sizə necə təsir bağışlayır?
Sözün düzü, ulu Müslüm Maqomayev ilə müqayisə bir artist kimi mənim üçün çox xoşdur, lakin biz hamımız başa düşürük ki, onun səviyyəsindən çox- çox uzağıq. O, sadəcə, dahi musiqiçi deyil, o, əfsanə, bəşəri, ümumdünya miqyaslı dəyərdir. Müslüm Maqomayev kimi insanlar min ildən bir dünyaya gəlirlər. Bütün bunlara baxmayaraq, mən hər halda öz mahnılarımı oxumaq və öz janrımda, öz repertuarımda inkişaf etmək istəyirəm, ancaq hansısa inkişaf vektoru kimi Müslüm Maqometoviç daim həm həyat, həm də yaradıcılıqda cəhd göstərməyin lazım gəldiyi hər şeydə nümunə və örnək olacaq.
Bir neçə ay əvvəl siz Bakıda beynəlxalq «Jara» («İsti») festivalında çıxış etmisiniz. Bu, irimiqyaslı hadisə idi. Bakı tamaşaçıları Sizə necə təsir bağışladı?
Mən artıq ikinci ildir ki, dostum Emin Ağalarovun şəxsi dəvəti ilə «Jara» festivalının iştirakçısı oluram və buna görə ona çox minnətdaram. Bu, yayda Xəzər dənizinin sahilində keçirilən çox gözəl bir festivaldır ki, həm onun tamaşaçıları, həm də ondan gələn enerji çox mehriban və hərarətlidir. Bakıda, sadəcə başqa cür ola da bilməz. Doğma torpaqda, doğma tamaşaçı üçün çıxış etmək isə, ikiqat zövq və səadət bəxş edir. Bu gün festival beynəlxalq status qazanmış və bu çox sevindirici haldır ki, belə miqyaslı layihələr Azərbaycanda — mənim doğma ölkəmdə həyata keçirilir.
Bu il «İsti» festivalında Rusiya artistlərilə yanaşı, səhnəyə Azərbaycan səhnəsinin nümayəndələri də çıxmışlar. Siz Azərbaycan şou-biznesinin durumunu necə qiymətləndirirsiniz?
Çox yaxşı sualdır. Azərbaycanda olan bir sıra ifaçılar ölkəmizi çox ləyaqətlə təmsil edirlər. Bu ifaçılar təkcə Azərbaycanda deyil, həm də xaricdə, beynəlxalq səhnə və arenalarda özlərini yüksək səviyyədə göstərirlər. Mən başqalarını incitməmək üçün onların adlarını çəkməyəcəyəm. Layiqli insanlar çox deyil, lakin Allaha şükür ki, belələri var. Mən çox ümid edirəm ki, Azərbaycan şou-biznesi yalnız bizneslə kifayətlənməyərək, konsertlər, mədəni və kütləvi tədbirlər istiqamətində irəliləyəcək. Təəssüf ki, bu gün Azərbaycanda bütün musiqi sənayesi toy biznesinin təsiri altındadır. Amma Bakıda yaşayan 6-7 nəfər əsl ifaçı incəsənət naminə çalışır və çıxış edirlər. Mən onların qarşısında baş əyir, onlara və onların əməyinə böyük hörmət bəsləyirəm.
Azərbaycan ifaçılarının hansı biri ilə duet yazmaq istərdiniz?
Bax, bu artıq bir növ Azərbaycan ifaçılarından kimin layiqli olmasına dair suala cavabdır. Sözün düzü, xeyli çox gözəl mahnılar var ki, mən onları bizim ifaçılarla birlikdə oxumaq istərdim. Lakin artıq dediyim kimi, ad və soyadları çəkmək istəmirəm. Əgər mən nə vaxtsa kiminləsə duet yazmalı olsam, dinləyicilər və tamaşaçılar bundan xəbər tutacaqlar. Ümidvaram ki, mənə belə bir şans düşəcək, lakin hələlik bu barədə qabaqcadan danışmaq istəməzdim.
Bəs söz Bakıdan gedərsə, bu şəhər sizin üçün nə deməkdir?
Bu, əlbəttə ki, uşaqlıq şəhərimdir. Bu, mənim valideynlərimin, mənim özümün şəhəridir. Mən Bakıda doğulub-böyümüş, orta məktəbi Bakıda bitirmiş, bütün gəncliyim orada keçmiş, bir insan və bir artist kimi məhz bu şəhərdə yetişmişəm ki, buna son dərəcə şadam. Bakı mənim qəlbimdə və yaradıcılığımda böyük və dərin izlər qoymuşdur. O ənənələr ki, mən və mənim ürəyimdə yaşayır, mən onları saxlamağa çalışıram. Odur ki, hər dəfə öz doğma şəhərimə gələndə, mən enerji ilə yüklənir və bu böyük enerji yükü sonradan uzun müddət kifayət edir. Ümumiyyətlə, Bakı — bu, xüsusi enerjiyə malik, çox mehriban və qonaqpərvər şəhərdir.
Azərbaycanda sizin üçün ən sevimli yer hansıdır? Gəlişinizdən dərhal sonra yollanacağınız yer varmı?
Bəli, əlbəttə, elə yerlər var. Mənim üçün ən əziz və sevimli yer: Bulvar və Şəhidlər Xiyabanındaki baxış meydançasıdır. Moskvadan uçub gələrkən, mən daim orada gəzir və sevimli şəhəri quş uçuşu yüksəkliyindən seyr edirəm. Məni bu şəhərlə xeyli başqa yerlər də bağlayır.
Siz məşhur şounun ulduzuna dönmüş, ölkənin ən məşhur ifaçıları ilə işləməyə imkanı tapmış, kliplər çəkmiş və konsertlər verirsiniz… Emil Qədirovun gələcəyə hansı planları var?
Yaxın il üçün İsrailə böyük qastrol turu planlaşdırıram. Orada təxminən 12 konsert keçiriləcək. Fevral ayında Bakıda böyük konsert verəcəyəm ki, o, Muğam mərkəzində keçiriləcək. Martın 2-də Moskvanın heyranedici salonlarından biri — Vegas City Hallda böyük konsert olacaq və mən ümid edirəm ki, bu konsert böyük uğurla keçəcək.
Söhbəti Leyli Xəlilova apardı