Ötən əsrin 80-ci illərində Bakıda sovet bard musiqisinin «Bakı şansonu» kimi tanınan xüsusi növü yaranaraq inkişaf və intişar tapır. Sovet dövrünün Bakı subkulturunu və şəhərin dil ənənələrini səciyyələndirərkən qeyd etmək olar ki, bu janrın mahnıları ən çox rus dilində ifa olunurdu.

Vaxtilə Bakı şansonu yalnız Azərbaycan estradasının ayrılmaz hissəsi deyil, həm də xaricdə Azərbaycan musiqisinin özünəməxsus vizit vərəqəsi idi. Lakin zaman keçdikcə bu janr necə deyərlər, qeyb oldu, hərçənd, Rusiyada o hələ də çoxlarını heyran edir və adamların xoşuna gəlir (hətta «Şanson» telekanalı da var), bir çox müğənnilər onu eynilə təqlid edirlər.

Çoxları müğənni Boris Davidyanı (Bokanı) Bakı şansonunun banisi hesab edirlər. Boris hələ uşaq vaxtı musiqi ilə maraqlanmış və musiqi məktəbini bitirmişdi. Onun həyət və binaların girişində gitara ilə oxuduğu mahnılar böyük uğur qazanırdı. Boca ilk albomunu 1972-ci ildə yazmışdı. O, xüsusi olaraq heç bir şey etmək fikrində deyildi – sadəcə olaraq özəl bir ziyafətdən Davidyanın öz musiqiçi dostları ilə çıxışının yazısı meydana çıxmışdı ki, bir neçə gündən sonra o, bütün Bakıda səslənmişdi.

Бока
Бока

Bokanın fikrincə, bu təsadüfdə nəsə bir alın yazısı, bir gerçəklik, ədalətli bir qismət payı vardı: əgər bu banketdə də olmasaydı, albom başqa birisində yazılacaqdı, çünki onun yayılmasında maraqlı olan adamlar vardı.

Maraqlıdır ki, Bakıda hətta azərbaycanlılar da indiyə qədər onu səmimiyyətlə xatırlayır və Boris müvafiq təklif olarsa, doğma şəhərdə konsertlə çıxış etməyin mümkünlüyünü istisna etmir. Müğənni bir müddət İrəvanda, sonra Moskvada yaşamış, lakin son illərdə Los-Anceles ətrafında — Qlendeyldə məskən salmışdır.

O, dünya üzrə bir çox qastrol səfərlərində olur: Avstriya, Türkiyə, Rusiya… Bir çox musiqiçi həmkarları ilə dostluq edir. Mixail Qulko, Mixail Şufutinski, Lyubov Uspenskaya, Villi Тоkаrеv, Anatoli Моqilovski onun dostları arasındadırlar.

Bakı şansonu üslubunda rusdilli mahnılar 90-cı illərdən sonra MDB ölkələri, Avropa, ABŞ və İsrailin Qafqaz mühacirləri icmalarında öz populyarlığını davam etdirmişdir.Təəssüf ki, son zamanlar Azərbaycanın özündə bu stil demək olar ki, yox olmağa başladı. Yalnız Əyyub Əsədov, İlqar Sahil, Arzu Rzayev, Ceyhun BakinskiSəməd Səmədov kimi tək-tək ifaçıların sayəsində paytaxtın sözün əsl mənasında bu xüsusi mədəni layını saxlamaq mümkün olur.

Müğənni Arzu Rzayev hesab edir ki, «Bakı şansonu» mahnıların unikal, əzəli Azərbaycan ifa tərzidir.

«İş burasındadır ki, Boka bizim özümüzdən əvvəl bu stilin bütün cazibə və üstünlüklərini dərk edib anlamış və onlardan uğurla istifadə etməyə başlamışdı, biz, Azərbaycan ifaçıları isə xeyli sonra «oyanmışdıq». Belə ki, azərbaycanlılar Bokanı yox, Boka bizi təqlid edib yamsılayırdı. Açığı, mən şanson oxuyarkən, mənən və ruhən istirahət edərək fikrən geri —bizim Bakının qızıl illərinə qayıdıram»,- deyə o, Dalma Newsə açıqlamasında bildirmişdir.

Арзу Рзаев
Арзу Рзаев

Bakı şansonunun vaxtilə elə Boka Davidyanın repertuarından olan mahnıların ifası ilə populyarlıq qazanmış Səməd Səmədov daha orijinal bir fikir söylədi.

«Əvvəllər, Sovet dövründə Bakı şansonu üslubunda mahnılar yox idi və biz Bokanın repertuarından mahnı oxumalı olurduq. Amma indi bəstəkar Elçin İmanov var ki, o bu janrda bir çox hit mahnılar yazmışdır»,- deyə Səməd Səmədov Dalma Newslə söhbətində qeyd etmişdir.

Bakı şansonunun tanınmış ifaçısı Artur Amiryan «Şanson-plyus»a müsahibəsində qeyd edib ki, bu mahnılarda müxtəlif millətlərdən olan insanların bir ailə kimi yaşadıqları, hər bir kəsin çörəyi bir-birilə bölüşdüyü, bayramları birgə qeyd etdikləri, hamılıqla kimisə son mənzilə yola saldıqları, onlardan hər birinin öz maddi vəsaiti ilə öyünməyib , ilk növbədə öz insani keyfiyyətlərini göstərdiyi məşhur Bakı həyətlərinə çox şey həsr olunmuşdu. Bakı şansonunun əsl simasını məhz bunlar təcəssüm etdirirdi.

«Bakı dünyada ən beynəlmiləl şəhər sayılırdı. Mən hansı şəhərlər haqqında eşitməmiş və ya indi hansı şəhərləri görməmşəm?! Ancaq Bakı elə Bakıdır. Əgər sən Bakıda doğulmusansa, bu — ömürlükdür. Hətta heç kimin ağlına belə gəlməzdi ki, 80-ci illərin sonunda belə bir şey baş verə bilərdi. Əlbəttə, bu, bizim ağrımız, iki xalqın, normal insanların ağrısıdır», – deyə Amiryan vurğulamışdır.

Amiryanın fikrinə bəstəkar Elçin İmanov da şərikdir. Onun fikrincə, Bakı şansonu yalnız beynəlmiləl mühitdə yarana bilərdi. «Nə üçün o Yerevanda yaradılmamışdı? Çünki Yerevan və Tbilisidən fərqli olaraq, Bakı həmişə beynəlmiləl şəhər olmuş, hər bir xalq doğma şəhərin mədəni ənənələrinin yaradılmasına öz töhfəsini verə bilmişdi. Lakin, təəssüf ki, bu ənənələr unudulmağa başladı. Unutmaq lazım deyil ki, Bakıda dəyişməli olmuş demoqrafik vəziyyətin müəyyən nəticələri var: bir çox sırf şəhər adət-ənənələri bir növ itirilmiş, bu musiqini başa düşüb sevən köklü bakılıların sayı azalmışdır.İndi mən də başqa mahnılar yazmağa çalışıram, ancaq hələ də şanson üslubunda mahnılar yazıram, çünki mən onlarda öz uşaqlığımı, köhnə Bakı məhlələrini, xoş atmosferi görüb, sanki yenə də uşaqlığıma qayıdır və ruhən istirahət edirəm», — deyə bəstəkar ATV telekanalına bildirmişdir.

Эльчин Иманов
Эльчин Иманов

Azərbaycan şansonunun şahzadəsi (musiqi tənqidçiləri Azərbaycan müğənnisi Ceyhun Bakılını belə çağırırlar) hesab edir ki, neçə ki, bakılılar var, Bakı şansonu heç vaxt ölməyəcək. Onun sözlərinə görə, son illər bu janrın pərəstişkarları daha da çoxalmışdır.

«Mənim konsertlərimdə həmişə anşlaqdır. Bu yaxınlarda mən İsrail və Moskvada böyük uğurla keçən qastrol səfərlərində olmuşam. Yeri gəlmişkən, konsertlərimdə xeyli erməni də var idi. Bakı şansonu — bu, hansı millətdən olurlarsa olsunlar, məhz bakılıların musiqi və mədəniyyətidir», — deyə müğənni Dalma Newsə müsahibəsində bildirmişdir.

Sonda qeyd etmək olar ki, Azərbaycanda Bakı şansonu janrı heç də ən yaxşı dövrlərini yaşamasa da, tərəfdarları, ona sadiq qalanlar bu janrı nəyin bahasına olursa-olsun qoruyub saxlamağa çalışırlar. Axı, bu janr caz və mədəniyyətin digər istiqamətləri kimi, Bakı tarixinin ayrılmaz hissəsidir.

Hazırlayanı Мəqsud Tаlıblı (Bakı)