Öz qeyri-adi, ovsunlayıcı işlərilə tanınmış məşhur və çox istedadlı rəssam Həmа Мəlikovа Dalma Newsin müxbirinə ornamentlər, xalçalar, səyahətlər və əlbəttə ki, Azərbaycana sevgisindən söz açmışdır.
Həmа, lap yaxınlarda Moskvada Sizin rəsm sərginiz böyük uğurla, keçirilib. Orda Siz Azərbaycan xalçası motivlərinə müraciət edirsiniz. Nə üçün məhz xalçalar?
Mən öz işlərimdə xalça ornamentlərindən həmişə istifadə edirəm. Mənə elə gəlir ki, bu məndə uşaqlıqdan kök salıb. Mən balaca olanda xalça üzərində tez-tez oynayırdım və mənim üçün ordaki rəsm və naxışlara baxmaq həmişə maraqlı idi. Onlarda mən quşları, heyvanları, möcüzəli qalalar və sehrli qəhrəmanları görürdüm ki, onlar mənim üçün xalçanın ümumi kontekstində deyil, hər biri ayrı-ayrılıqda mövcud idi. Mənim fantaziyalarımın qəhrəmanları bir yerdə durmur, onlar nağılvari döyüşlərdə iştirak edirdilər. Bütün bu obrazlar uşaqlıqdan mənim başımdadır və indi mənim işlərimdə öz əkslərini tapırlar!
İkinci səbəb — Elçinnin yaradıcılıq fəaliyyəti ilə bağlı səyahətlərimizdır (Elçin Əzizov rəssamın həyat yoldaşı, Böyük teatrın solistidir — red.). Səfərə hədiyyələr, suvenirlər götürmək lazımdır, xalçaların nəqli isə çox çətindir, odur ki, milli koloritlə hansısa mobil variantlar düşünüb tapmaq istəyirdim. Sonradan GamEl yaylıqlarına köçən xalça ornamentli ilk şəkillər belə yarandı. İndi isə biz artıq GamEl svenir xəttini yaratmaq üzərində işləyirik.
Öz texnikanız haqqında bir qədər ətraflı danışın.
Ondan başlayaq ki, mən ali tibb təhsil ocağının məzunu olmuşam. Həkimlər isə, bildiyimiz kimi, sərhədsiz olurlar. Yaradıcılıqda mənim əl-qolum bağlı deyil, heç bir çərçivə və şərtqoyma yoxdur və mən rəssama nəyi etmək olar, nəyisə — yox üzərində düşünmürəm. Mən xoşuma gələni edirəm. Bir şəkildə akril, yağ, dekorativ boyalar istifadə edər, bütün bunların üzərinə lak və qatran gəzdirə bilərəm, ən başlıcasıi — istədiyim effektə nail olmaqdır. Mən ilk növbədə eksperimentatoram. Mən rəsmləri hamar olmayan səthdə yaratmağı, laklarıın boya üzərində relyefli olaraq donub laxtalanmasını xoşlayıram. Əgər söz bilavasitə üslubdan gedərsə, onda zənnimcə, bu, dekorativ-tətbiqi sənətin realizm ilə sintezidir. Mən ornamentləri Azərbaycanın müxtəlif regionlarının tamamilə müxtəlif xalçalarından sintez edərək, bu rəsmləri Avropada bir janr kimi meydana çıxan natürmortda birləşdirir, yaxud şərq ornamentləri ilə qarışdırır və öz işlərimdə realizə edirəm.
Yaxın gələcəkdə öz işlərinizi hansı şəhərdə təqdim etməyi planlaşdırırsınız?
Lüksemburqdan dəvət var. Bir sıra Avropa ölkələrində sərgi açmaq təklifi daxil olub, elə Amerikaya da dəvət edirlər. Hər bir sərgidən sonra rəsmlər azalır, onları alırlar, ona görə də növbəti ekspozisiya üçün vaxt lazımdır.
Sizin rəsmləriniz bir növ axıcı və rəvan surətdə kətanlardan yaylıqlar və qab-qacağa köçmüşdür, Həma Məlikovadan daha hansı şeylər ornament götürə biləcək?
Planlar həmişə çox olur və bu yaxşıdır! Bəli, rəsmlər dəsmal, yaylıq, qab-qacaq və çay dəstlərinə köçmüşlər. İndi üzərində bir neçə rəngdə «Gözmuncuğu» təsvir olunan yeni yaylıqlar kolleksiyası gözlənilir. Hazırda suvenir xətti yaratmaq üzərində işlər aparılır. Ora «Gözmuncuğu» şəklinin təsviri ilə nimçələr, mənim ağac üzərində mini-rəsmlərim, suvenir nərdlər, çərçivələr, və bir çox digər şeylər daxil olacaq.
Sizin işlərinizin son seriyası həmayillərlə bağlıdır və «Gözmuncuğu»adını daşıyır. Zəhmət olmasa, bu işlər barədə bir qədər ətraflı danışın.
Bizlərdən hər birimizin evində Türkiyə və ya ərəb ölkələrindən gətirilmiş gözmuncuğu asılmışdır. Mən isə həmişə istəmişəm ki, Azərbaycan gözmuncuğum olsun. Ona görə də mən onu yaratmağı qərara aldım. İnsanlar ona baxanda, alıb evdə asanda, o, nəinki pis gözdən qoruyacaq, həm də Azərbaycan ornamentlərilə tanış edəcək. Mən gözmuncuğunu xalçalardan götürdüyüm, yaxud özümün düşünüb tapdığım və əsrlərdən bəri əmin-amanlıq, xoşbəxtlik, sağlamlıq, ailə və ev rahatlığının rəmzi olan fraqmentar naxışlarla birləşdirmək istərdim.
Mənim «Gözmuncuq» işlərimin mərkəzində göz bəbəyi, kənarlarında isə — müsbət ovqat və enerji təlqin edən ornamentlər yerləşir.
Sizin nəinki Azərbaycanda, həm də xaricdə məşhur olan brendin adı «GamEl»—Sizin və həyat yoldaşınızın adlarının birləşməsindən yaranıb. Bəs o, yeni işlərin yaradılmasında iştirak edirmi?
Bəli, əlbəttə. Əvvəla, o, bizim ailədə ən başlıca adamdır. İkincisi, o, həmişə mənə nə vaxt dayanmaq lazım olduğunu bilir. Mənim bir əsəri başa çatdırmam çox uzun çəkə bilər. İdeal axtararkən son dərəcə aludə olub, nəticədə nəyisə korlamaq olar. Həyat yoldaşım bu həddi duyur və vaxtında məni dayandırır. Mən onunla hər zaman məsləhətləşirəm, iş prosesində öz ideyalarımı danışır və göstərirəm, o isə, öz növbəsində, onları dəqiqləşdirib müəyyənləşdirir. Mən rəsmlərdə dolğunluğu çox sevirəm və çox vaxt bir neçə şəkli üst-üstə qoymaq istəyirəm, amma Elçin bunu görür və hər şeyi mərhələli şəkildə həyata keçirməyi məsləhət edir. Mən başa düşürəm ki, o, haqlıdır.
Brend – bu, mənim imzamdır. O, lap əvvəldən, ən birinci şəkildən mövcud olmuşdur. Mən çəkməyə də artıq biz Elçinlə birlikdə olarkən başlamış və qərara gəlmişdik ki, hər birimiz öz istədiyimizlə məşğul olacağıq. O, dedi ki, oxumaq istəyir, mən isə çəkmək istədiyimi bildirdim. O vaxt Elçin məni çox dəstəklədi. O, çox istedadlı adamdır və mən başa düşürdüm ki, ona müvafiq olmalıyam, bu isə çox yüksək plankadır. Və mənə daim öz üzərimdə işləmək, nəsə maraqlı bir şey etmək lazım idi.
Bəs oğlunuz, o rəsmlərin yaradılmasında iştirak edirmi?
İndi artıq — bəli. Düzdür, əvvəllər o, buna tamamilə sakit yanaşırdı, onun üçün o qədər də maraqlı deyildi. İndi isə o baxır, maraqlanır, soruşur ki, mən nə üçün boyanı dəyişmişəm və bu, nə olacaq? Yeri gəlmişkən, bu yaxınlarda kataloq üçün mənim şəkillərimi lentə almışlar və foto-sesiyada o da iştirak edib.
Təhsilinizə görə Siz həkim-dermatoveneroloqsuz. Necə oldu ki, siz həkim peşəsindən incəsənətə getdiniz?
Mən ümumiyyətlə, zaman keçdikcə başa düşdüm ki, ali tibb məktəbini bitirmiş insan hər şeylə məşğul ola bilər. Sadəcə ona görə ki, bu böyük bir həyat məktəbdir və insanı daha da möhkəmləndirir. Mən həkim sülaləsindən olduğumdan ailə ənənəsini davam etdirməliydim. Beş il respublika dəri-venerologiya dispanserində işlədiyim. Elçinlə tanış olandan və Cəmil dünyaya gələndən sonra isə başa düşdüm ki, məni başqa səmt özünə çəkir. Anam, hərçənd özü professor, Azərbaycan dövlət universitetinin dermatovenerologiya kafedrasının müdiri olsa da, mənə mane olmadı. İş onun həyatının əsas hissəsidir.O öz işi ilə nəfəs alıb yaşayır: hətta evdə də o, işləməkdə davam edər — çox oxuyar, elmi məqalələr yazırdı. Lakin mən şəxsən başa düşdüm ki, bununla —hər gün 24 saat olmaqla həftənin bütün 7 günü məşğul ola bilmərəm.
İndi mən yeni bir iş çəkərkən bu, məni özünə cəzb edir. Mən hər gün ışləyiır və prosesdən zövq alaraq vaxtın necə keçdiyini hiss etmirəm. Öz işindən həzz almaq — çox böyük xoşbəxtlikdir.
Sizin üçün yaradıcılıq nədir?
Yaradıcılıq — bu müəyyən dərəcədə həyatdır. Biz hər gün nəsə yaradırıq və yaradıcılıq bizi həyatımız boyu müşayiət edir. O, hər şeydə var. O, yalnız mənim öz rəsmlərimi necə işləməyimdə deyil, həm də yeməyi necə hazırlamağımda, süfrəni bəzəməyimdə, gülləri necə sulamğçmda, özümə paltar seçməyimdə müşahidə olunur. Rəsmlərdən danışmalı olsaq isə, bu mənim işimdir ki, mən ondan həzz alıram.
Mən sadəcə olaraq fasilə edəndə iş üçün darıxmağa başlayıram. Biz Elçinlə qastrola gedəndə belə, mən hətta orada mütləq hansısa bədii mağazalar tapmağa müvəffəq oluram. Fırça və boya alıb nəsə bir şey yaradıram. Daim hansısa ideyalar yaranır ki, onları təcəssüm etdirmək istəyirəm. Görünür, yaradıcılıq məni, mən isə yaradıcılığı qidalandırırıb tamamlayırıq və bizdə daim qarşılıqlı mübadilə gedir ki, onun qarşısını almaq mümkün deyil.
Siz dünyanı çox səyahət edirsiniz, sizi ən çox hansı şəhər ruhlandırır?
Bizim bütün səyahətlərimiz Elçinin fəaliyyəti, onun konsert və çıxışları ilə bağlıdır. Məni bütün şəhərlər ruhlandırır. Mən yeni yerlər görəndə yeni informasiya, yeni enerji alıram ki, bunları öz əsərlərimdə əks etdirə bilərəm. Görülənlərin gözəlliji bədən, orqanizm və ruhu sağlamlaşdırır. Bütövlükdə, mən səyahət etməyi çox xoşlayıram və mən uzun müddət bir yerdə oturmağı sevmirəm.
Mən Florensiyanı dəlicəsinə sevirəm. Orada sanki, hansısa nağılda yaşayırsan, çünki, orda daha dünyanın heç bir yerində olmayan səma vardır. Böyük sənətkarların şah əsərlərinin nə üçün məhz orada yaradıldığı aydın olur (gülür).
Hər bir şəhər sənin ürəyinə yatan hansısa öz enerji, mahiyyət və ritminə malikdir. Mən, istər Nyu-Yorkda və ya istərsə də Florensiyada həmişə bunu çox aydın hiss edirəm. Mənim, hətta müxtəlif şəhərlərdə çəkilmiş eyni seriyadan olan əsərlərim bir-birindən boya və ya rənglərilə fərqlənirlər.
Sizin həyatınızda Azərbaycan hansı yeri tutur?
Azərbaycan həyatımda ən əsas yer tutur, çünki bu, vətəndir. Ona görə ki, bu, köklərdir, Xəzər dənizi, başqaları ilə müqayisənin mümkün olmadığı iy və ətrlər. Bu məndə genetik olaraq əsaslanıb. Odur ki, görünür mənim işlərimdə də elə bu öz əksini tapmışdır. Rəsmlərdə özünün Azərbaycana mənsubluğunu əks etdirməyə çalışmaq çox vacibdir. Bu, digər insanlara mədəniyyətimizə toxunmaq imkanı verir. Məsələn, elə həmin yaylıqlar. Onlar kiməcə hədiyyə kimi təqdim olunanda, həmin şəxs onları nəzərdən keçirməyə başlayır, ona Azərbaycan haqqında bilmək maraqlı olur.
Elçinin dediyi kimi: «Mən Bakıya ilk dəfə gələcək adamlara çox həsəd aparıram! Çünki, onlar bütün gözəllikləri görə biləcək və heyran olacaqlar». Söz yox ki, biz də gəlir və gözəlliklərdən zövq alırıq, lakin biz bütün bunları dərhal deyil, hissə-hissə alırıq.
Siz həyat yoldaşı, ana, rəssam, səyahtçi və sosial şəbəkələrin fəal istifadəçisisiniz. Bunların hamısını bir araya necə sığışdırırsınız?
Bizim evdəki kişilər əsla vasvası deyillər, yəqin elə əsas amil də budur (gülür), çünki evdə qadının başlıca funksiyası ailə ocağınnı dəstəkləməkdir. Amma mənim bəxtim gətirib, bizim evdəki kişilər məndən cidd-cəhd tələb etməyən və sözün əsl mənasında məni əlləri üzərində gəzdirən Avropa görüşlü kişilərdir. Odur ki, mən bütün hər şeyi çatdırıram. Mənə elə gəlir ki, həyat o qədər fəaldır ki, yaradıcılıq fəaliyyəti və təsərrüfat işlərini birləşdirmək çətindir və ona görə də birini seçmək lazımdır. Bəxtim gətirib ki, mənim evimdəki kişilər hər şeydə mənə dəstək və kömək göstərirlər. Axı, həyatda ən başlıcası ailədir!
Söhbəti Leyli Xəlilova aparmışdır