İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı özünün Azərbaycana rəsmi səfəri çərçivəsində prezident İlham Əliyevlə danışıqlar aparmış, daha sonra isə yəhudi icmasının nümayəndələri ilə görüşmüşdür.
Azərbaycan prezidenti İlham Əliyev və İsrailin baş naziri Benyamin Netanyahunun təkbətək görüşünün sonunda Azərbaycan-israil sənədlərinin imzalanma mərasimi olmuşdur.
«Azərbaycan hökuməti və İsrail hökuməti arasında standartlaşdırma, uyğunluq və metrologiyanı qiymətləndirmə sahələrində əməkdaşlığa dair» sazişi Azərbaycanın standartlaşdırma, metrologiya və patentlər üzrə Dövlət komitəsi sədri Ramiz Həsənov və İsrailin ətraf mühitin mühafizəsi üzrə naziri Zeev Elkin imzalamışlar.
«Azərbaycan və İsrail arasında gəlir vergisinə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması» haqqında Konvensiyanı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və İsrailin ətraf mühiti mühafizə naziri Zeev Elkin imzalamışlar.
«Azərbaycan hökuməti və İsrail hökuməti arasında birgə komissiya yaratmağa dair» Anlaşma memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İsrailin ətraf mühiti mühafizə naziri Zeev Elkin imzalamışlar.
İlham Əliyev öz rəsmi çıxışında qeyd etmişdir ki, yəhudi icması Azərbaycan cəmiyyətinin mühüm bir hissəsidir. «Bu, iki ölkə arasında münasibətlərin inkişafı üçün əsas təşkil edir. Bu gün Siz Azərbaycanda yəhudi icmasının nümayəndələri ilə görüşdünüz» , – deyə İlham Əliyev İsrailin baş nazirnə müraciət edərək vurğulamışdır.
Benyamin Netanyahu isə öz növbəsində yüksək texnologiyalar və enerjini xüsusi vurğulayaraq, qeyd edib ki, Azərbaycan və İsrail arasında münasibətlər bütün sahələrdə möhkəmlənib inkişaf edir.
İsrail həmçinin öz qazının Aralıq dənizi yataqlarından ixracı üçün Azərbaycandan Qərbə çəkilən boru kəmərinə qoşulmaq imkanını nəzərdən keçirir,- deyə İsrail hökumətinin başçısı Bakıda səfərdə olarkən bildirmişdir .
Netanyahunun sözlərinə görə, bu gün Azərbaycan və İsrailin energetika sahəsindəki münasibətləri inkişaf edir və söhbət təkcə İsrailin Qüdsün neft idxalnin xeyli hissəsini təşkil edən Azərbaycan neftini almasından getmir. Baş nazir qazın ixracı üçün qurğulardan birgə istifadə və İsrailin eksport qazının hazırda Azərbaycandan Türkiyəyə çəkilən boru xəttinə potensial qoşulmasını xüsusi vurğulamışdır .
«Biz inanırıq ki, birlikdə kənd təsərrüfatı, təhsil, İT və digər bu kimi sahələrdə çox şeyə nail ola bilərik. Biz bu sahələrin istənilən birində əməkdaşlığı alqışlayırıq, çünki hesab edirik ki, nəticə etibarilə bizim əsas resursumuz konseptual məhsullar, bizim köhnəlmiş sənayeni daha səmərəli edərək onunla işləmək bacarığımızdır. Mən həmişə bizim süd istehsalını misal gətirirəm və həmişə deyirəm ki, mən məhz bizim məhsuldarlıqda Fransa, Holland və hətta Amerika inəklərini geridə qoyan çempion inəklərimizlə fəxr edirəm. Eyni şey bir çox digər sahələrdə də baş verir»,— deyə İsrailin baş naziri bildirmişdir.
Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan İsrail ilə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq neçə illərdir ki, davam edir.
«Bu əməkdaşlığın nə qədər geniş olduğunu göstərmək üçün sizin diqqətinizə bircə rəqəmi təqdim edəcəyəm. İndiyə qədər Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə təyinatlı avadanlıq alınması ilə əlaqədar imzalanmış müqavilələrin qiyməti təxminən beş milyard dollar, daha dəqiq desək, dörd milyard 850 milyon dollar təşkil edir. Bu müqavilələrin böyük hissəsi artıq həyata keçirilmişdir. Biz hələ onun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox məmnunuq », — deyə dövlət başçısı bildirmişdir.
Azərbaycan-israil münasibətlərinin tarixi
İsrail Azərbaycanı tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında münasibətlər 1990-cı ildən qurulmağa başlamışdır.
İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana ilk dəfə 1997-ci ildə səfər etmiş və bu səfər bir neçə saat davam etmişdir. O vaxt indiki baş naziri mərhum prezident Heydər Əliyev qarşılamışdı. 2009-cu ildə İsrail prezidenti Şimon Peres rəsmi səfərlə Azərbaycanda olmuş və artıq növbəti il isə İsrailin XİN-nin rəhbəri Аvidqor Liberman Azərbaycana təşrif buyurmuşdur.
İsrailin baş nazirinin Azərbaycana səfərini Dalma News-ə şərh edən politoloq Tofiq Abbasov qeyd edib ki, iki ölkənin münasibətləri tam etimad səviyyəsindədir və dövlət başçıları səviyyəsindəki son görüş göstərdi ki, iki ölkə liderləri nailiyyətlər bazasını genişləndirmək üçün birgə potensialdan istifadə məsələsinə ciddi yanaşırlar.
«Dövlət başçılarının görüşündən sonra məlum oldu ki, ölkələr həmçinin əvvəllər mənimsənməmiş yeni sahələrdə də əməkdaşlıq edəcəklər. İndi hökumətlərarası komissiyalar ölkələr arasında yeni təmas nöqtələri tapacaq və yeni səviyyəyə çıxmaq üçün qarşılıqlı əlaqələri genişləndirəcəklər», – deyə politoloq qeyd etmişdir.
Onun sözlərincə, prezident İlham Əliyev görüş çərçivəsində həmçinin, göstərmişdir ki, Azərbaycanın və İsrailin hərbi-texniki əməkdaşlığı mühüm rol oynayır.
«İsrailin müdafiə və hücum silahı Azərbaycan üçün vacibdir. Ölkəmiz böyük miqdarda İsrail silahı əldə etdiyini və onun dövlətimizin ümidlərini tamamilə doğrultduğunu heç zaman gizlətməmişdir.
İsrailin özünə gəlincə, bu ölkə yarandığı gündən qonşu ərəb ölkələri ilə çox mürəkkəb qarşılıqlı əlaqələrdədir, odur ki, İsrail üçün digər müsəlman dövlətlərilə yaxşı münasibətlərə malik olmaq vacibdir. Ona öz təsir zonasını genişləndirmək və müsəlman dövlətləri arasında tərəfdaşlar əldə etmək lazımdır», – deyə ekspert əlavə etmişdir.
İsrail baş nazirinin Azərbaycan səfərinə İranın reaksiyasından söz açan ekspert qeyd edib ki, bunu birtərəfli qiymətləndirmək və guya tərəflərdən birinin digərinin acığına nəsə bir şey etməsi kimi təqdim etmək olmaz.
«Hər bir ölkənin öz maraqlarının həyata keçirilməsində öz yüksək məqsədləri və prioritetləri var. Bu halda, İranın Ermənistanla tapdığı kimi, Azərbaycan və İsrail də qarşılıqlı əlaqələr üçün münbit zəmin tapa bilir. Və bu problemi qabardıb şişirtmək, hətta hardasa qeyri-ciddidir, çünki nə Azərbaycan İsraillə, nə də İran Ermənistanla münasibətlərindən imtina etməyəcək. Bu reallıqlarla heç nə etmək olmaz», — deyə analitik sözünü yekunlaşdırmışdır.
İranın reaksiyası
İsrail rəsmilərinin səfərləri İranı həmişə çox narahat etmişdir. Rəsmi Tehranın bu məsələ ilə bağlı mövqeyi indiyə qədər dəyişməz qalmışdır. Bununla əlaqədar bir sıra İran rəsmiləri olduqca kəskin bəyanatlar etmişlər, amma İran tərəfi nə deyirsə desin, rəsmi Bakı Tələviylə münasibətlərindən imtina etmək niyyətində deyil.
Politoloq Elxan Şahinoğlu bu məsələni şərh edərkən bildirib ki, İran rəsmilərinin narahatçılığı Azərbaycanda İsrail səfirliyinin mümkün açılışı ilə bağlıdır, İsrail baş nazirinin son səfəri isə bu prosesi sürətləndirə bilər.
«Bakı İsrail səfirliyinin açılması məsələsində İranın sərt mövqeyini nəzərə alır. İranda başa düşmək istəmirlər ki, Azərbaycan İsraildən müasir silahlar alır ki, bu bizə öz ərazilərimizin azad edilməsi üçün lazımdır. Və aprel müharibəsində də İsrail silahı öz səmərəliliyini göstərdi. Üstəlik, İsrail Azərbaycan neftinin ən böyük ixracatçısıdır», — deyə politoloq bildirmişdir.
Ekspert həmçinin əlavə etmişdir ki, Netanyahunun Bakı səfəri çərçivəsində İsrail-fələstin münaqişəsinin müzakirəsi də keçmiş və Azərbaycan tərəflər arasında öz barışdırıcı missiyasını təklif etmişdir. «Əslində bu, rəsmi Bakı üçün dünya müsəlmanlarının problemlərinin qayğısız olmaması və Fələstin məsələsinin də həmçinin Azərbaycan üçün mühüm olmasına dair bir növ Tehrana messic idi», — deyə Şahinoğlu bildirmişdir.
İsrailin baş nazirinin Bakı səfərinin əsas maddələrindən danışarkən isə, ekspert onların iki olduğunu demişdir.
«Birincisi – İlham Əliyevin Azərbaycanın 5 milyard dollar dəyərində İsrail silahı alması barədə bəyanatıdır ki, bu, Ermənistanın əsas ismarışı olmuşdur. Həmin bəyanatla prezident göstərib ki, Azərbaycan «İskəndərlərə» qarşı İsraildən müdafiə kompleksləri almağa qadirdir.
İkincisi isə, iqtisadiyyat sahəsi ilə bağlıdır ki, Netanyahu İsrailin öz qazını Avropaya Türkiyə ərazisindən keçən Azərbaycan boru xətti vasitəsilə nəql etmək niyyətini ilk dəfə bəyan etmişdir. Bu bəyanat Türkiyə-Azərbaycan-İsrail üçbucağını gücləndirməli, eləcə də hər iki ölkənin enerji sahəsindəki əməkdaşlığını yeni səviyyəyə çıxarmalıdır», — deyə analitik sözünə yekun vurmuşdur.
Nicat Hаcıyev