“Xalça stili” deyilən üslubda işləyən, orijinal və özünəməxsus Azərbaycan rəssamı Abbas Kazımov özünün 60 illiyini Moskvanın Şərq Muzeyində qeyd edir. Ekspozisiyaya müəllifin “Qırmızı və Qara”,” Pirosmaniyə ithaf ” və “Xalça stilində” adlandırdığı seriyadan yüzlərcə rəsm əsəri daxildir. İyunun 19- dək davam edəcək sərgi Şərq Dövlət muzeyi kolleksiyasının Azərbaycan xalçaları ilə tamamlanmışdır.
Abşeron məktəbi – silinməz iz
Abbas Kazımovu haqlı olaraq məşhur ənənələrin sədaqətli və ardıcıl davamçısı hesab edirlər. Bu məktəb XX əsrin ikinci yarısında bir çox cəhətdən Azərbaycan təsviri incəsənətinin xüsusiyyətlərini yaşadan çoxlu rəssam yetişdirmişdir. Maraqlı və parlaq rəsm ustaları ötən əsrin Avropa rəsm sənətinin yenilik və ideologiyasını orqanik surətdə qavrayaraq, bunları Hindistan və Afrika bədii xalq ənənələri elementləri ilə qaynayıb-qarışdırmışlar.
Abşeron məktəbini təmsil edən həmfikirləritək Abbas Kazımov da rəssamlığı reallığı son dərəcə qabarıq vermək təcrübəsi kimi, sünilik və uydurmaçılıqdan da xilas edir.Belə bir rəssamlığın məzmun, üslub və metodu tədricən indi əsərlərin özlərində xalça sənətinin dizaynına əsaslanan ornamentalistika prinsiplərini yaradıcı şəkildə təcəssüm etdirən rəsm sənətinə gətirib çıxarmışdır. Beləliklə, Kazımov tamamilə təbii yolla öz dünyagörüşünü inkişaf etdirərək, bədii Şərq ənənələrini klassik təsviri incəsənət ilə birləşdirib unikal stil əldə etdi. Məhz təkrarolunmaz Pirosmani melodikasının çox aydın səsləndiyi bu “xalça”stili miniatür, xalçaçılıq,tikmə və çekanka(zərb etmə) sənətlərini çox uğurlu surətdə sintezləşdirmişdir.
Əslən bakılı olan Abbas Kazımov YUNESKO nəzdində Beynəlxalq rəssamlar federasiyasının, Beynəlxalq bədii fondun və əlbəttə ki, Azərbaycan rəssamlar İttifaqının üzvüdür. Onun İlk sərgisi artıq uzaq 1979-cu ildə keçirilmiş və bu gün onun əsərlərini xarici qalereyalar, muzeylər, o cümlədən, Dövlət Tretyakov qalereyasında və şəxsi kolleksiyalarda görmək olar. O, M.Şemyakin, E. Neizvestnıy, Y. Кuperman, A. Zverev və bir çox digərlərilə sərgilənmişdir. Abbas Kazımov özünün işləyib hazırladığı təhsil metodologiyasından istifadə edərək hər hansı arzu edənlə şəkil çəkə bilər – adətən, belə rəsmlər müxtəlif uşaq müəssisələrinə hədiyyə edilir.
Sadəcə olaraq yalnız ilk baxışdan
Fil və zürafələr, atlar və adamlar – Abbas Kazımov rəsmlərinin tanımadığı süjetlər bəlkə də yoxdur. İlk baxışdan elə görünə bilər ki, yalnız uşaqlar belə çəkir və bu stil öz icrasında çox sadədir. Ancaq bu, heç də belə deyil – əslində zahiri sadəlik bədii təcəssümdə yetərincə çətin müəssər olur, müəyyən “uşaqlılığa” gəlincə isə, axı, hər hansı uşaq əzəldən istedadlı, ətraf aləmi unikal, təkrarolunmaz görmə qabiliyyətinə malikdir. Bu baxımdan “uşaqlılıq” öz zahiri primitizmini itirir və xüsusi dəyər kəsb edir.
Kazımov master-klasslar (ustad dərsləri) keçirən zaman iştirak etmək üçün onlara əlbəttə ki, imkan daxilində daha çox uşaq və ya tanınmış şəxsiyyətləri cəlb etməyə çalışır. Məsələn, 1999-cu ildə, Kann festivalı zamanı rəssamın master-klassına kosmonavtlardan Manarov, Volkov, Berezovoy və Polyakov dəvət olunmuşdu. Bu insanlar dünyadakı hər şeyi unudaraq, həvəslə şəkil çəkir və hamısı təəccüb doğuracaq dərəcədə əla alınırdı. Və burada belə bir sual yaranır – nə üçün də müxtəlif məşhur şəxsiyyətlərlərlə dünyanın müxtəlif şəhərlərində belə tədbirlər keçirilməsin? Bu cür ustad dərslərinin səmərəsi böyükdür, heç danışmasaq aydındır.
Yeri gəlmişkən, Abbas Kazımov heykəltəraşlıqla da məşğul olur. Yaltada “Yumoristlər xiyabanı” adlanan yer var, həmin xiyabanda Arkadi Аrкаnоvun jileti və Mixail Jvanetskinin portfelinə abidə qoyulmuşdur ki, bütün bunlar Kazımovun eskizləri üzrə yaradılmışdır. Rəssamlıq və heykəltəraşlıq müdrikliyinə isə o,vaxtilə Bakıdaki Pionerlər sarayı, Əzim-zadə adına gözəlrəssamlıq məktəbi və institutun bədii-qrafika fakültəsində yiyələnmişdir.
Təkcə rəssamlıqla deyil…
1975-ci ildə gənc rəssam Sovet İttifaqında belə bir əyləncənin nəinki təşviq olunmadığı, hətta qadağa qoyulduğu vaxtlar karate ilə məşğul olyr. Yəqin, sağlam kişinin belə bir “silaha” malik olması təhlükəli hesab olunurdu. Lakin Abbas karate ilə ciddi məşğul olurdu.
Müsahibələrinin birində Abbas Kazımov belə bir əhvalat danışdı: “Mən desant qoşunlarında xidmət edir və əllərimlə kərpic parçalayırdım. O vaxt Musiqili komediya teatrının baş rəssamı olan Elçin Məmmədov bir dəfə necəsə bu səhnənin şahidi olandan sonra onu həmin Bakı teatrının baş rejissoru Yuli Qusmana da göstərməyi təklif etdi. O isə mənə teatrın zallarından birində karate seksiyası açmağı təklif etdi ki, bu bir ildən artıq yaşadı və onun əsasında Azərbaycan karate federasiyası yaradıldı. Yuli Qusman Azərbaycan karate federasiyasının vitse-prezidenti, mən isə baş hakimi olduq. Biz yarışlara getməyə başladıq. O vaxt bizim məşq apardığımız gənclərin bir çoxu Avropa və dünya çempionu oldu. Bəziləri indi prezidenti qoruyurlar. 1980-ci ildə Yuli Qusman əfsanəvi “Qorxma, mən səninləyəm!” filminin çəkilişinə başladı ki, orda mənim iştirakımla karate səhnələri var idi. Qusman mənim yanımda məşq etməsəydi, karatenin nə olduğunu hardan biləcəkdi. Odur ki, filmdəki tryuklu səhnələə məhz məni dəvət etmişdi”.
Ümumiyyətlə, insan, hətta orda hər şey əla olsa belə, hansısa bir sahəyə qapılıb məhdudlaşmırsa, bu gözəl xüsusiyyətdir. Bax, elə Abbas Kazımovun da özünü təkcə rəssamlıqda tanıtmaması bütün sahələrdə hamıyaməlum istedadlı olma faktının rəsmi təsdiqidir. Əgər o, nəsə başqa bir şeylə də məşğul olarsa, mütləq əhəmiyyətli uğurlara nail olacaq – çünki ciddi işləmək istəyir və bacarırsansa, bu, daimi xarakter xüsusiyyəti və həyat yoluha dönür.
Rəssamın tanınan dəst-xətti
Bəli, Abbas Kazımov rəssamlığın son dərəcə özünəməxsus tərzinin daşıyıcısıdır və sanki onun əsərlərində emosiya və ekspressiya rəsmlərin canı və qanına hoparaq onları canlandırır. Əlbəttə belə maneraya yaxşı ali ixtisas təhsili vasitəsilə gəlmək olar ki, bu, Kazımovda var və buna görə də peşəkar portret, peyzaj yaxud janr rəsmini asanlıq və sadəliklə çəkmək olar.
İntəhası axı, incəsənətdə öz nadir, bənzərsiz və təkrarolunmaz üslubunu yaradanlar fərqlənirlər. Bir halda ki, bu stili “xalça stili” adlandırmışlar,deməli, tənqidçilər lazım bildikləri kimi hərəkət edir və təyinlərin seçimində də sərbəst olurlar,neynək,qoy elə belə də olsun.
Axı, başlıcası – gözəl rəsm əsərləri yaratmaqdır,onların r stilin hansı adı altında gedəcəkləri isə artıq onaltıncı məsələdir..
Və Abbas Kazımov öz”xalça” stilini təsdiq edərək, Azərbaycan milli miniatür sənətinin güclü layına, xalçaçılıq, tikmə, çekanka ənənələrinə söykənir. “Xalçaların çəkildiyi kimi , təmiz rənglə çəkirəm. Mənim əsas vəzifəm – şəkil üzərində təmiz rənglərin vibrasiyasını yaratmaqdır. Onda mənzərə canlanır. Yeri gəlmişkən, mən məhz təsviri incəsənətdə “xalça” stilinin yaradılması üçün Rusiya Rəssamlıq Akademiyasına üzv seçilmişəm”,-deyə Abbas Kazımov özü haqqında bildirir.
Bununla yanaşı, rəssam Sovet İttifaqı dağılan zaman faciə yaşamışdır. O, yeni dünyada bir an içində dəyişən sərhədlər arasında özünü axıradək tapmır, bu, insan üçün tamamilə yaddır. Və o, əmindir ki, bu sərhədlər müvəqqəti haldır, nə gədər çətin olsa da, yalnız dözmək, müəyyən təşəkkül və bərqərar olma dövrü keçmək lazımdır, axı, həlli vacib olan məsələlər çoxdur, paralel olaraq isə bir çox yeniləri yaranır.
“İndi bazar,kapitalizm və sairə belə adlananlar, yeri gəlmişkən mənim üçün yenilik deyil, çünki mən heç vaxt işə getməmişəm, heç vaxt əmək haqqım olmayıb və mənə heç bir təzyiq göstərilməyib. Elə hallar olurdu ki, mənim çəkdiyim şəkillərdə heç bir dissidentlik əlaməti olmasa da, onlar sərgidən çıxarılırdı, ancaq biz heç vaxt heç kimə qarşı çıxış etməmişik”,- deyə rəssam xatırlayır. Onlar öz əsərlərində sadəcə olaraq yalnız özləri, Abbas Kazımov kimi şəxsiyyətlər timsalında qalmaq istəyirdilər və etiraf etmək lazımdır ki, bu onlara çox gözəl müəssər olmuşdur.
Hazırlayanı Aydan Bayramova
Materialda istifadə olunan şəkillər Dövlət Şərq Muzeyinin (Moskva) rəsmi saytından götürülmüşdür.