Bakının siması bir çox əcnəbi və hətta yerli sakinlərin gözünə əsasən neft bumu dövründə formalaşmış müasir və dinamik inkişaf edən paytaxt kimi görünür. Amma şəhərə yaxşı bələd olub, onun tarixini yaxşı bilənlər Sovet dövrünün “izi” olmadan Azərbaycanın paytaxtını təsəvvür edə bilmirlər. Sənətşünaslıq doktoru, memarlıq sahəsində tanınmış mütəxəssis Elçin Əliyev Dalma Newsə verdiyi müsahibədə Bakının Sovet irsinin dəyərinin nədən ibarət olması və onu necə qoruyub saxlamaqdan söz açmışdır.

— Bakının Sovet memarlığı digər postsovet ölkələrinin memarlığından nə ilə fərqlənir?

— Öz tarixi, yerləşdiyi yerin unikalllığı ilə— lap müsəlman Şərqi və xristian Qərbi sivilizasiyalarının qovuşuğunda, sovet və regional memarlığın üslubu və birləşməsi ilə. Robert Rojdestvenskinin yazdığı kimi:

«Sən onu görməmisənsə, mən sənə deyə bilərəm:

Ay Bakını görməyən, bəs dünyada nə görübsən sən ?!»

Əsas dənizkənarı magistral boyunca gəzirsinizsə, unikal binalarla rastlaşa bilərsiniz. Məsələn, XIX əsrin sonu – XX əsrin əvvəllərində alman memarı Yohan Edelin layihəsi üzrə İsabəy Hacınskinin “Art Nouveau” üslubunda tikilmiş dəbdəbəli evi, küçənin digər tərəfində isə Stalin memarlığının klassik nümunəsi, Azərbaycan memarı Mikayıl Useynovun layihəsi əsasında 1950 – ci illərin əvvəllərində tikilmiş yaşayış evi. Bir qədər sonra – 1920-ci illər konstruktivizm dövrünün abidəsi, Lenin məqbərəsinin müəllifi Aleksey Şusevin yaradıcılığı —«İnturist» mehmanxanası… Şəhərin dəniz qapıları – Dəniz vağzalının binası, hazırda dəbdə olan Azərbaycan memarları Vadim Şulgin, Martin Tovmasyanİrena Orlova – Stroqanova layihəsi olan “Sovet modernizmi” nin nümunəsini də qeyd etməmək olmaz.

Xoşbəxtlikdən, hazırda ölkə rəhbərliyi tərəfindən bizə əvvəlki nəsillərdən qalmış qiymətli mədəni irsin qorunması üçün böyük işlər görülür. Məsələn, son illər Bakıda XIX əsrin sonu – XX əsrin əvvəllərinin bir çox memarlıq abidələrinin yerləşdiyi tarixi şəhər mərkəzinin məhəllələrinin bərpası üzrə irimiqyaslı layihə həyata keçirilir.

Elçin Əliyev

Bakı sovet hakimiyyətinin sənaye mərkəzlərindən biri idi və bu, şəhərin xarici görkəminə təsirsiz ötüşə bilməzdi. Təəssüf ki, ölkəmizin memarlıq tarixinin bu dövrü hələ tamamilə öyrənilməmiş bir istiqamətdir. Ümumiyyətlə, dünyada Stalindən sonraki sovet arxitekturasını uzun müddət səhvən naqis və qüsurlu hesab edirdilər. Lakin XXI əsrdə ona çox böyük maraq göstərilir. Məsələn, 2012-ci ildə Avstriyanın Vyana şəhərində təşkilinə Azərbaycanın bu dövr memarlığına dair çoxlu materiallar göndərməklə mənim də kömək etdiyim “Soviet Modernism 1955-1991. Unknown Stories” sərgisi keçirilmişdir.

1970-1980-ci illərdə öz qüdrətinin zirvəsində olan SSRİ–də tamamilə sadə, qənaətcil, yeni sənaye əsasında və Sovet İttifaqının artan imkanlarını ifadə edən yeni memarlıq üslubu inkişaf etmişdir. Bu dövrün bir çox binalarını itirməyimizə baxmayaraq, Bakıda «Moskva» univermağının binası, Mərkəzi Statistika İdarəsinin binası (memar Tələt Xanlarov), Partiya arxivi binası (Yusif Qədimov), «Коммунист» nəşriyyatı binası (Ömər Ömərov),Moskva prospektində yaşayış binası (Aleksandr Belokon), Respublika sarayı-indiki Heydər Əliyev adına saray (Vadim Şulqin, Boris Qinzburq, Eduard Melxisedokov), “Gülüstan” şadlıq sarayı (Hafiz Əmirxanov, Nazim Hacıbəyov, Teodor Şarinski, Fira Rüstəmbəyova), Yüngül Atletika manej binası (Memar Zeynəb Quliyeva), Şərq Bazarı binası (Pavel Yarinovski, Uruzmaq Revazov), Velotrek (memar Zeynəb Quliyeva), Xoreoqrafiya məktəbinin binası (Abram Surkin), Dövlət Sirkinin binası (Ənvər İsmayılov, Faina Leontyeva) və s., hələ çox sadalamaq olar.

Аzərbaycan Milli memarlığı bütün İttifaqda olduğu kimi eyni prinsiplərlə inkişaf edirdi, lakin özünəməxsusluğunu məşhur Abşeron əhəng daşı olan yerli materialımızın ayrı – ayrı memarlıq detallarına, elementlərinə, dekorativ xüsusiyyətlərinə vurğulayırdı. İsti iqlim və ilin çoxlu sayda günəşli günlərinin olması, açıq məkanın, balkonların və lodjiyaların çoxluğu sayəsində Sovet memarlarının Bakıda yaratdıqlarını daha zərif və vizual olaraq “asan” etmişdir.

Bütün digər sovet həmkarları kimi, Azərbaycan memarları da informasiya vakuumunda yaratsalar da, xarici memarlıq dünyası ilə əlaqələr, demək olar ki, minimuma endirilmişdi — bütün dünyada olduğu kimi, memarlıq üslubu əvvəlki mərhələlərə xas olan quruluğu və ciddiliyi dəf edərək inkişaf etdi və ayrı — ayrı memarların yaradıcılığında yeni prinsiplər – məsələn, üzvi formalara uyğunluğu irəli sürdü.

Bu dövrün aparıcı memarlarından biri olan Əlibəy Novruzinin ideya və işlərində memarlıq qurğularının əvvəllər əldə edilmiş əyri xətlərə meyllilik, formaların axması, ciddilik və məqsədəuyğunluğu qorunub saxlanılırdı. Bu mənada, Abşeron yarımadasının sahilində inşa üçün təbii kondisionerləşdirilən kino–konsert zalının layihəsi, hətta müasir standartlara görə zalın dəniz balıqqulağısı şəklində inqilabi forması səciyyəvidir.

Təəssüf ki, ağır şəraitdə – ideoloji və maliyyə məhdudiyyətləri şəraitində çalışaraq, Azərbaycan ustaları hələ də kağız üzərində qalmış işlərinin böyük əksəriyyətini reallaşdıra bilmirdilər. Çox böyük səylər nəticəsində, o cümlədən o vaxt respublikaya rəhbərlik edən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin əzmkarlığı sayəsində Bakıda o dövr üçün bu gün bizim qoruyub saxlamağa borclu olduğumuz müasir binalar tikilirdi.

— Azərbaycanda sovet memarlığı irsinin qorunub saxlanma problemi nə dərəcədə aktualdır?

— Bu problem bizdən yan keçməmişdir. Elə bir müddət əvvəl tarixi irsin qorunması üçün cavabdeh olan idarələrin rəhbərləri cinayət məsuliyyətinə cəlb edilmiş, mədəniyyət naziri istefaya göndərilmişdir. Əminəm ki, bizim “daşları yığmaq” və itirilmiş memarlıq incilərini bərpa etməli olacağımız vaxt gələcək. Bunun parlaq nümunəsi bir neçə il öncə bərpa olunmuş və bu gün də Bakının vizit kartı olan 1920-1930-cu illərin “İnturist” mehmanxanasıdır . Bakı memarları Moisey QusmanKonstantin Sençixinin layihəsi olan “Dinamo” idman cəmiyyətinin tarixi binası da çox gözəl bərpa olunmuşdur.

Bir mütəxəssis üçün memarlıq layihələndirilməsi öz fikir və görüşlərini ifadə etmək üçün bir fürsətdir. Filosof və ya yazıçı başqalarını düşünməyə məcbur etmək üçün sözlərdən istifadə edir. Ancaq eyni sözləri memarlığa da şamil etmək olar. Bizim keçmişdən gələn məlumatları, əvvəlki nəsillərin baxış və görüşlərini silməyə, onlarla əlaqəni itirməyə haqqımız yoxdur. Ona görə də bu gün bütün qüvvəmi, o cümlədən tarixi irsin qorunmasına yönəldirəm. Kiçik bir nümunə: axı, memarlıq abidəsi olan binanın üzərində bütöv bir mərtəbə tikmiş adama necə təsir etmək olar? Mən Bakıda Nizami və Səid Rüstəmov küçələrinin kəsişdyi sahədə yerləşən rahat “stalinkanı” nəzərdə tuturam. Müvafiq təşkilatlara məktublar yazmaq, şikayət etmək, bu cür faktlara diqqət cəlb etmək lazım gəlir…

— Siz hansı əsas tendensiyaları və problemləri qeyd edərdiniz?

— İnkişaf etməkdə olan cəmiyyətin əsas problemi – dialoq aparmaq və rəqibin arqumentlərini dinləmək bacarığının olmamasıdır. Bizdə insanlar, mütəxəssislər, məmurlar və ictimaiyyət arasında dialoq mədəniyyəti çox aşağıdır. Məsələn, ölkə rəhbərliyinə ünvanlanmış şikayət ərizəsi istisna olmaqla, məmurlara heç bir əks əlaqə, heç bir təsir vasitəsi yoxdur. Başlıcası, o cümlədən memarlıq və şəhərsalma sahəsində yaranmış problemlərin və həll yollarının açıq müzakirəsidir. Axı biz hamımız öz şəhərimizi, öz ölkəmizi sevir və yalnız Azərbaycanın inkişaf edib çiçəklənməsi üçün çalışırıq.

Şəhərsalma prosesində ictimai iştirak güclənərsə, vəziyyəti yaxşılığa doğru dəyişmək olar. Bunun üçün isə biz Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri nəzdində memarlıq-şəhərsalma şurasını canlandırmalı və ora təkcə şəhərin baş memarı, şəhər rəhbərləri, iri layihə təşkilatlarını deyil, həm də müstəqil memarlar və ictimaiyyət nümayəndələrini də daxil etməliyik. Həm memarlıq abidələrinin, həm tarixi irsin itirilməsinə, həm də Bakıda keyfiyyətsiz layihələrin tikintisinə yalnız açıq şəkildə və uca səslə son qoymaq mümkün olacaqdır.

İradə İmanova