Yoxlanılmamış informasiyanın yayılması jurnalistə və onun redaksiyasına baha başa gəlib. Söhbət redaksiyanın üzr istəməsindən və 2000 manat dəyərindəki mənəvi təzminatdan gedir.

Dövlət Neft Şirkəti (SOCAR) bildirib ki, “Yeni Çağ” qəzetinin redaksiyası və onun baş redaktoru Aqil Ələskər uzun müddət müxtəlif kütləvi informasiya vasitələrində şirkətin nüfuzuna, beynəlxalq aləmdə qazandığı müsbət imicinə xələl gətirmək məqsədi ilə çoxsaylı məlumatlar yayıb.

Bununla bağlı SOCAR Səbail rayon məhkəməsinə müraciət edib. Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib.

SOCAR-ın müraciətində qeyd olunur ki, Aqil Ələskər həm yerli, həm də xarici KİV-də şirkət əleyhinə yayımlanmış 10-dan artıq böhtan xarakterli məlumatı, habelə Türkiyə Respublikasında fəaliyyət göstərən iki telekanala müsahibədə səsləndirilmiş qərəzli və əsassız ittihamları təkzib etməli, cavabdehlər şirkətdən üzr istəməli və şirkətin işgüzar nüfuzuna dəymiş zərərin əvəzi ödənilməlidir.

Qeyd edək ki, məhkəmə araşdırması nəticəsində yayılmış məlumat və ittihamların həqiqətə uyğun olmadığı müəyyən edilib. Beləcə, redaksiya şirkətdən tələbə əsasən üzr istəməli və maddi kompensasiya olaraq 2000 manat məbləğində pul ödəməlidir.