Bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətləri sürətlə artırılır. Mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək qaldırılıb.

Hələlik sonuncu olaraq məhsullarının qiymətini qaldıran “Azərsun” Holdinqdir.

Məsələn, çəkisi 100 qram olan 80 qəpiklik “Azərçay” artıq mağazaların vitrinlərində 1 manata qoyulub. Bu, məhsulun 25 faiz bahalanması deməkdir. Holdinq bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırıb.

Bununla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirləri həyata keçirir.

Qeyd edək ki, nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində müvafiq tədbirlər görüləcək.