Azərbaycan Mərkəzi Bankı (AMB) bildirir ki, bundan sonra kredit təşkilatı kredit almaq üçün müraciət edən istehlakçıdan ödəmə qabiliyyətinin və təyinata uyğunluğun qiymətləndirilməsi üçün zəruri məlumatları toplamalıdır.

Bu barədə AMB-nin “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” adlı sənədində bildirilir.

Bundan əlavə, kredit təşkilatı müştəri ilə bağlı məlumatları müxtəlif etibarlı mənbələrdən (gəlirini təsdiq edən sənəd, bank hesabından çıxarış, əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər, Mərkəzləşdirilmiş Kredit Reyestrinin arayışı və s.) toplamalıdır.

Sənəddə o da deyilir ki, istehlakçının borcları 50%-i keçərsə, həmin şəxslərə kredit verilməyəcək.

AMB vurğulayır ki, kredit təşkilatı müştərinin müraciəti və istəyi olmadan kredit məhsullarını müştəriyə satmamalı və satış prosesi yalnız kredit təşkilatı və onun filialının hüquqi ünvanında həyata keçirilməlidir.

Kredit təşkilatı yeni kredit məhsulunu ictimaiyyətə təqdim etməzdən 10 iş günü əvvəl həmin məhsulun xüsusiyyətləri barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.