Yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri olmuşdur. Səfər çərçivəsində Əliyevin İranın ali rəhbərliyi ilə görüşü keçirilmiş, eləcə də, təxminən qırx saziş imzalanmışdır.

Səfərin yekunları, onun regiondaki vəziyyətə təsiri barədə öz fikirlərini Dalma Newslə politoloq Tofiq Abbasov və İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani          bölüşmüşlər.

Siz bu səfəri necə qiymətləndirirsiniz, və o, regional siyasətdə hansı dəyişiklikləri vəd edir?

Ə.S. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Həsən Ruhaninin prezidentlik müddəti zamanı Azərbaycan-iran münasibətləri əhəmiyyətli dərəcədə genişlənmişdir. Əhmədinecadın prezidentliyi dövründə belə səviyyədə qarşılıqlı əlaqə müşahidə olunmayıb. Rəsmi səfərlər çoxalmış, prezidentlər təxminən üç dəfə görüşmüş, müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair demək olar ki, qırx sənəd imzalanmışdır. Həmçinin qeyd etmək lazımdır ki, prezidentlər başqa meydançalarda da görüşmüş və beləliklə, son görüş artıq sayca səkkizinci olmuşdur.

Tərəflər siyasi, iqtisadi və mədəni əməkdaşlıq, eləcə də Qarabağ münaqişəsinin nizamlanma məsələlərini müzakirə etmişlər. Bundan başqa, Xəzərin status məsələsi üzrə danışıqlar və fikir mübadiləsi aparılmışdır. Belə sıx ünsiyyət çox dəyərlidir və hər iki dövlətin maraqlarına, eləcə də bölgədə sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

Тофик Аббасов
Tofiq Abbasov

Т.А. Prezident İlham Əliyevin İran səfərini uğurlu saymaq lazımdır, belə ki, danışıqlar proqramında nəzərdə tutulan məsələlər öz həllini tapmışdır. Dövlət başçıları Həsən Ruhani və İlham Əliyevin bəyanatları tərəflərin əlaqələri möhkəmləndirməyi davam etdirmək niyyətindən xəbər verir.

Bu, bütövlükdə regiona da sabitlik vəd edir: bir çox problemlərin, o cümlədən Qarabağ münaqişəsinin həll olunmadığı şəraitdə, əsas oyunçular qlobal inkişafa maneçilik törədən xaos və qarşıdurmalara imkan və yol verməməlidirlər. Və Bakıda bu yaxınlarda Bakı-Moskva-Tehran formatında üçtərəfli görüş keçirildiyini xatırlasaq, çoxformatlı əməkdaşlığın inkişaf perspektivi tamamilə aydın və real görünməyə başlayır.

Azərbaycanla İran arasında yaxşı münasibətlər Cənubi Qafqaz regionunda neqativ meyllərin aradan qaldırılması və dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmlənməsi işinə necə kömək edə bilər?

Ə.S. Mənim məlumatıma görə, iki sənəd imzalanmışdır ki, bunlardan biri Astara-Rəşt dəmir yolu ilə bağlı idi. Məlum olduğu kimi, bu layihənin həyata keçirilməsi üçün Azərbaycan tərəfi 500 milyon dollar, İran isə, öz növbəsində, — 600 milyon dollar həcmində kredit ayırmalı idi. Layihənin ümumi dəyəri təqribən 1,1 milyard dollar təşkil edir. Bu pul layihənin realizəsini sürətləndirmək və bir il ərzində dəmir yolunu istifadəyə vermək üçün lazımdır.

Bu dəmir yolu layihəsi şimal dövlətləri, İran və cənub ölkələri arasında yük daşımalarının həyata keçirilməsində mühüm rol oynayacaq. Lakin bunun üçün əvvəlcə Astara-Rəşt, Rəşt-Qəzvin dəmir yolları tikilib başa çatdırılmalıdır ki, bu da Fars körfəzinə, oradan isə — Hind okeanına çıxış olar. Bu layihənin icrası malların tez və ucuz nəql olunmasına imkan verəcək.

Digər sənəd isə mal dövriyyəsinin şəffaflığını maksimum təmin etmək məqsədini daşıyır, beynəlxalq ticarət və investisiyaların düzgün və səmərəli fəaliyyəti istiqamətində mühüm rol oynayır.

Афшар Сулеймани
Əfşar Süleymani

Beləliklə, əgər əlaqələrin bütün tarixini izləyəsi olsaq, ümumilikdə dövlətlər arasında müxtəlif dövrlərdə, o cümlədən prezident Hatəmi dövründə təxminən 120 sənəd imzalanmışdır. Mən Azərbaycanda səfir olduğum vaxtlar Azərbaycan və İran arasında ilk dəfə olaraq müdafiə sahəsi ilə bağlı sənədlər imzalandı və o vaxt hər iki ölkənin nazirləri bir neçə dəfə görüşdülər. Buna qədər dövlətlər arasında bu cür sazişlər yox idi . İran-azərbaycan münasibətləri Hatəminin prezidentliyi dövründə də olduqca yüksək səviyyədə idi, amma Əhmədinecadın gəlişi ilə ticarət dövriyyəsinin səviyyəsi kimi əlaqərin intensivliyi də enməyə başladığı.

Hər şey rəsmi Tehranla Bakının arasındaki əlaqələrin inkişafına yeni təkan verən prezident Ruhaninin hakimiyyətə gəlişi ilə dəyişməyə başladı. Zaman keçdikcə, biz hamımız ikitərəfli əməkdaşlığın bütün müsbət nəticələrinin şahidi olacaq və həmçinin, onun genişləndirilməsini də gözləmək olar. Əsas odur ki, münasibətlərin möhkəmləndirilməsi üzrə iş ardıcıl olaraq davam etdirilsin.

Т.А. Elə regionda əməkdaşlıq kəmərinin genişləndirilməsi mənfi tendensiyaların qarşısını almağa xidmət edir. İkitərəfli proqramlardan fayda əldə edən xalqlar paralel olaraq, sabitliyin pozulma risklərini necə istisna etmək, xeyirxah qonşuluq və etimad üzərində düşünürlər. Sevindiricidir ki, son illər ərzində Bakı və Tehran bir-birinə doğru praktiki addımlar atmışlar. Odur ki, bu gün hər iki tərəf Şimal-Cənub nəqliyyat marşrutları kimi və digər strateji əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsilə məşğul olaraq gələcəyə nikbinliklə baxırlar.

Azərbaycanın İranla yaxınlaşmasına Rusiyada necə münasibət göstərəcəklər?

Т.А. Rusiya Xəzər zonasında inteqrasiya meyllərinin dərinləşdirilmə tərəfdarıdır, çünki bunlar vəziyyəti həqiqətən tənzimləyir və qarşılıqlı faydalı sövdələşmə vasitəsilə qonşu ölkələrə təhlükəsizliyin əsasını yaradır. Üçlüyün liderləri— Putin, Əliyev və Ruhani Bakıda olarkən, hər üç tərəfin maraq dairəsinə düşən məsələləri vurğulamışlar. Belə bir faktı müsbət hal hesab etmək lazımdır ki, üç ölkəni birləşdirən motivlər mübahisəli məsələlərdən daha çoxdur. Məhz elə bu, Xəzər üçlüyü formatının Avrasiyanın mühüm regionlarından birində əsas yaradıcılıq və quruculuq fəaliyyətinin vacib və etibarlı alətinə dönməsi üçün bir növ zəmin və müqəddimədir.

Hazırlayanı Nicat Hacıyev