Illustration: Коммерсантъ

Koronavirus bütün dünyada Azərbaycan vətəndaşlarını necə deyərlər, “bağlayıb”. Yerüstü və hava əlaqələrinin dayandırılması səbəbindən çoxlu sayda vətəndaş müxtəlif ölkələrdə çıxılmaz vəziyyətdə qalmışdır. Son məlumatlara görə, çarter reysləri ilə Azərbaycana 10 minə yaxın vətəndaş qaytarılıb. Ancaq ölkəyə qayıtmaq istəyənlərin sayı azalmır.

Hökumətdə etiraf edirlər ki, indiki şəraitdə Azərbaycan Respublikasının bütün vətəndaşları üçün xaricdən qayıdışı təmin etmək asan məsələ deyil, çünki dövlət əlavə karantin yerləri, хüsusi rejimli xəstəxanalar hazırlamalı, onları müvafiq logistika ilə təmin etməlidir.

Nazirlər Kabineti yanında Əməliyyat qərargahının məlumatına görə, Azərbaycan yaxın günlərdə xaricdən 200-dən 400-ə qədər vətəndaşı qaytarmağı planlaşdırır. İndiyədək çarter reysləri ilə respublikaya Rusiya, İran, Türkiyə, Macarıstan, Belarus, İtaliya və digər ölkələrdən 10 minə yaxın vətəndaşın qaytarılması təmin edilib. Koronavirusun yayılmasının qarşısını almaq üçün ölkəyə qayıdan vətəndaşlar mütləq tibbi müayinədən keçir və 14-21 gün müddətinə karantinə yerləşdirilirlər.

Bu gün təqribən neçə Azərbaycan vətəndaşının xarici ölkələrdə “bağlandığını” və evlərinə uça bilmədiyini şərh etmək çətindir, lakin bunların arasında çoxlu sayda əmək miqrantı var ki, onların bir çoxu əllərində biletlə bağlı sərhədlərin qarşısında qalıb. Dalma Newsə müsahibəsində RF-də əmək miqrantlarına pulsuz hüquqi yardım göstərən hüquq müdafiəçisi Valentina Çupik Azərbaycan vətəndaşlarının hansı çətinliklərlə üzləşdiyindən danışmışdır.

Vаlеntina Çupiк

“Mart ayında aviabiletlərə tələbat həmişə yüksək olub, axı mövsümi payız-qış işlərinə gələn bir çox miqrantlar baharın gəlişi ilə evlərinə qayıdırlar. Ona görə də nəticədə heç yerə uça bilməyən bir çox əcnəbinin əllərində əvvəlcədən alınmış biletlər var idi. Təbii ki, onların heç biri hava limanında yaşayacaqlarını güman edə bilməzdi, lakin onların bir çoxunun, sadəcə, getməyə yeri yox idi, çünki onlar öz təşəbbüsləri ilə haqq-hesablarını alıb, işdən və növbəti bir neçə saat ərzində öz doğma divarları arasında olmaq ümidi ilə kirəkeş kimi yaşadıqları mənzillərdən çıxmışdılar. Amma nəticədə onlar hava limanında qalıb yaşamalı olmuşlar. Və əgər Azərbaycan vətəndaşlarının müəyyən sayı AR hökuməti tərəfindən onlar üçün göndərilən çarter reyslərinə düşə bilmişsə, qalan miqrantlar çoxdan gözlənilən təyyarəni gözləyə bilməmiş və indi onların növbəti dəfə nə vaxt öz evlərinə düşüb ailələrini görəcəkləri məlum deyil. Martın 24-də, mən Vnukovda olarkən, tranzit zonalarında çoxlu əcnəbi,o cümlədən Azərbaycan vətəndaşları var idi ki, biz onlara ərzaqla kömək etdik, çünki bütün bu insanlar bir neçə gün ərzində birbaşa döşəmədə yatır, gündə yalnız bircə dəfə yemək yeyirmişlər, belə ki, qiymətlər çox baha olduğundan və heç də hamı gündə heç olmasa iki dəfə yemək yeyə bilmirdi”, — deyə Çupik bildirib.

Bununla yanaşı, o qeyd edib ki, Rusiyanın ali təhsil müəssisələrinin distant təhsil almağa yönəltdiyi tələbələr, həmçinin öz işlərilə əlaqədar və ya qonaq kimi RF-yə gəlmiş turistlər və digər vətəndaşlar da belə bir vəziyyətdədirlər.

Xatırladaq ki, Rusiya hökuməti Rosaviasiyaya martın 27-dən Rusiyanın hava limanlarından xarici dövlətlərin terminallarına və geriyə bütün müntəzəm və çarter uçuşlarının dayandırılmasını tapşırıb. Beləliklə, Azərbaycan vətəndaşları iki qapalı sərhəd arasında kilidləniblər. Lakin buna baxmayaraq, bəziləri hələ də hava limanlarında qalır və onların arxasınca təyyarə göndəriləcəyinə ümidlərini itirmirlər.

“Xaricdə olan rusların qaytarılması, humanitar və yük reysləri, həmçinin hökumətin ayrı-ayrı qərarları üzrə uçuşlar istisna təşkil edəcək. Buna baxmayaraq, aeroportlarda hələ də əcnəbilər, onların arasında Azərbaycan vətəndaşları da qalmaqdadır. Çünki Azərbaycana çoxdan gözlənilən reysi buraxmaqdan və əgər onlar mehmanxanalara gedərlərsə, səfirliyin onları unutmasından qorxurlar. Adamlar yaxın zamanlarda onların arxasınca heç kimin gəlməyəcəyinə inanmaq istəmirlər, çünki texniki cəhətdən bunu etmək mümkün deyil. Bundan başqa, onların çoxunun sadəcə getməyə heç bir yeri yoxdur.

Lakin qeyd etmək lazımdır ki, aeroportlara miqrantların bir hissəsini işə götürməyə hazır olan iş adamları – işəgötürənlər gəlməyə başlayıb. Bundan əlavə, restoratorlar pulsuz olaraq yemək hazırlayır və uça bilməyənlərə yemək çatdırırlar”, – deyə Çupik bildirib.

Bununla yanaşı, hüquq müdafiəçisi qeyd edib ki, Rusiya DİN-nin əcnəbi vətəndaşların Rusiya ərazisində müvəqqəti qalma müddətini 90 gün uzatmaq və patent almaq qərarına baxmayaraq, miqrantların heç də hamısı bu imkandan istifadə etmir. Çoxları nəyin bahasına olursa-olsun Vətənə qayıtmaq istəyir. Onları nə qapalı məkanda iki həftə karantində yaşamaq, nə də vətəndə işsiz qalmaq perspektivi qorxutmur.

“Həmçinin hava limanları sağlamlıq üçün təhlükəsiz deyil, çünki orada rahat qalmaq üçün şərait yoxdur, böyük bir insan yığımı hökm sürür və tibbi yardım məhduddur. İnsanlar hava limanlarına köçəndə, öz ölkələrinin hökumətlərinin diqqətini cəlb etməyə çalışanda, onlar başa düşmürlər ki, ilk növbədə, öz sağlamlığları və həyatlarını təhlükə altına qoyurlar. Buna görə də mən hər vəchlə miqrantlara hava limanlarında qalmamaları, sərhədlər yenidən açılanadək işəgötürənlərin təkliflərini qəbul etmələri və səbrli olmalarını hər cür izah etməyə çalışıram”, — deyə o bildirib. 

“Qeyd edim ki, bizim “Tongi Jahoni” təşkilatına müxtəlif məsələlər üzrə minlərlə əcnəbi müraciət edir və öz ölkələrinə qayıtmağa macal tapmamış miqrantlar arasında koronavirus xəstəliyinə tutulmaqdan qorxaraq Rusiyanı tərk edənlər yoxdur. Yəni ölkədə epidemioloji vəziyyət uğursuz olduğuna görə Rusiyadan kütləvi şəkildə getməyə başlamayıblar. Epidemiya dolayı təsirə malikdir. Neftin qiyməti aşağı düşüb, onun ardınca rubl da öz mövqelərini xeyli itirib və nəticə etibarilə bu, miqrantların evlərinə qayıtmaq qərarına təsir göstərib. Əgər əvvəllər maaşlarının yarısını onlara təvazökar həyat tərzi, gəlirlərin ikinci yarısını isə ailəyə göndərmək mümkün idisə, indiki şəraitdə qazanılanların əksəriyyəti ərzağa, patentə, otaq icarəsinə gedir. Odur ki, onlar Rusiyada olmağın mənasını görmürlər”, — deyə Çupik qeyd edib.

Bununla yanaşı, həmsöhbətimiz sərhədlərin açılmasından və dünyada vəziyyətin sabitləşməsindən az sonra köçən miqrantların böyük hissəsinin Rusiyanın əmək bazarına qayıdacağını da söyləyib.

“Təcrübə göstərir ki, MDB ölkələrinin milli valyutaları rublun ardınca gec-tez ucuzlaşır. Bu səbəbdən miqrantlar qazanc əldə etmək məcburiyyətində qalacaq, Rusiya isə əmək miqrantları üçün hələlik ən əlçatan ölkədir”, – deyə o qeyd edir. 

Bununla yanaşı, Məhkəmə icraçıları miqrantların deportasiyası ilə bağlı məhkəmə qərarlarının icrasında çətinliklərlə üzləşmişlər. Faktiki olaraq, miqrantların bu gün evlərinə qaytarılması mümkün deyil, çünki bir çox ölkələr öz sərhədlərini bağlayıb. Nəticədə, xarici vətəndaşları müvəqqəti saxlama mərkəzləri doludur və bu, hüquq müdafiəçilərində ciddi narahatlıq doğurur, çünki saxlanılan şəxslərdən kimsə koronavirusa yoluxarsa, orada olan hər kəs yoluxa bilər. Ona görə də bu məsələ Rusiya hökuməti tərəfdən ciddi diqqət tələb edir.

 

Iradə Imanova