Uzun zaman idi ki, turistlər Göygölün, Göygöl də turistlərin üzünə həsrət qalmışdı. Vətəndaşlar öz vətənində olan qoruğa girə bilməməkdən şikayətlənirdilər.

Bu gündən etibarən Milli Parka turistlərin girişinə qoyulmuş məhdudiyyətlər aradan götürülüb.

Bu barədə Oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Əraziləri Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, vətəndaşların içəri girişinə qadağa qoyulmasının əsas səbəbi o idi ki, insanlar ağacları kəsir, ətrafı çirkli saxlayır, gölü çirkləndirirdilər. Bu məhdudiyyət təbiətin yenidən bərpa edilməsi üçün idi.

H.Əlizadə qeyd edib ki, Göygöl Milli Parkına girişdə hələ də məhdudiyyətlər var: “Turistlər ərazidə yalnız müəyyən marşrutlar üzrə hərəkət edə bilər, əlavə olaraq müəyyən yerlərdən istirahət etmək üçün istifadə edə bilərlər”.

Şöbə rəisi deyib ki ərazi vətəndaşların çirkləndirməməsi üçün tam nəzarətə götürülüb. Müxtəlif yerlərdə zibil qutusu quraşdırılıb, Milli Parkın ərazisinə daxil olan turist qruplarına pulsuz zibil torbası verilməsi nəzərdə tutulub.

Hikmət Əlizadə Milli Parkın ərazisinə yollanan turistləri Azərbaycanın simvollarından olan Göygölü mühafizə etməyə, onu qorumağa və ərazini çirkləndirməməyə çağırıb.

Maraqlıdır ki, artıq qoruqda olan bir sıra vətəndaşlar sosial şəbəkələrdə insanların təbiətlə düzgün davranmadıqlarından, su və pivə qablarını göl kənarına atdıqlarından yazırlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 aprel 2015-ci il qərarına əsasən, Göygöl Milli Parkına 2 manat ödəniş etməklə daxil olmaq mümkündür.