2019-cu ildə Best of the World beynəlxalq müsabiqəsində qalib gəldikdən sonra məşhurlaşan azərbaycanlı modelyer Nuru Əhmədovun karyerası sürətlə yüksəlmişdir. Müsabiqədən dərhal sonra ona təkcə azərbaycanlı deyil,həm də xarici dizaynerlərdən də əməkdaşlıq təklifləri gəldi. Ancaq ən yaraşıqlı kişi model biznesini tərk edib, özünü aktyorluq fəaliyyətinə həsr etmək istəyir. Dalma Newsə verdiyi müsahibədə model, yarışmada qalib gəldikdən sonra həyatının necə dəyişdiyini, niyə Türkiyəyə köçdüyünü, nə üçün podium və fotosessiyaları böyük kinoya dəyişmək qərarına gəldiyini cöylə

Nuru Əhmədov məşhur Azərbaycan manekençisi, həm yerli, həm də xarici brendlərin simasıdır. 2019 — cu ildə o, 40 ölkədən olan modellərin iştirak etdiyi beynəlxalq müsabiqədə “Dünyanın ən gözəl kişisi” titulunu qazanmışdır. Bu, Azərbaycanın həmin müsabiqədə ikinci qələbəsidir, ilk dəfə ən gözəl kişi adına 2007-ci ildə Rüstəm Cəbrayılov layiq görülmüşdür. Qeyd edək ki, münsiflər heyəti yalnız iştirakçıların zahiri əlamətlərini deyil, həmçinin onların peşəkar model fəaliyyətini də nəzərə alırdı.

«Müsabiqədə qalib gəldikdən sonra İngiltərə, Hollandiya, Türkiyə və digər ölkələrdən çoxlu əməkdaşlıq təklifləri aldım. Seçimimi Türkiyə üzərində dayandırdım, çünki orada mənə özümü aktyor fəaliyyətində sınamağı təklif etdilər. İş ondadır ki, mən model biznesindən çıxmaq və özümü böyük kinoya həsr etmək istəyirdim, ona görə də mənə düşən şansdan istifadə etmək qərarına gəldim. Hazırda Türkiyə elə bir yerdir ki, mən orada kinematoqrafiyada ilk addımlarımı rahat və səmərəli həyata keçirməyə, aktyorluq təhsili almağa və özümü kinoda sınamağa başlaya bilərəm.

Ancaq gələcəkdə Kaliforniyada, məhz ümumdünya mədəni ictimaiyyətinin rəğbətini qazanmış, çoxsaylı və nüfuzlu mükafat sahiblərinin, dünyanın ən güclü mütəxəssislərinin dərs verdikləri Los-Ancelesdə ixtisaslaşmış təhsil almağı planlaşdırıram», — deyə Nuru Əhmədov bildirir.

Nuru Əhmədovun verdiyi məlumata görə, tezliklə onun Türkiyənin aparıcı agentliyi ilə müqavilə imzalaması planlaşdırılır ki, bu ona ixtisası üzrə təhsil almaq və işə düzəlməkdə kömək edəcək .

O etiraf edir ki, müsabiqədə qələbəyə qədər Azərbaycanı tərk etməyi planlaşdırmırdı, vətəndə yaşamaq və inkişaf etmək istəyirdi. Bundan başqa,” valideynlər bizi elə tərbiyə ediblər ki, biz həmişə onların yanında və onların qanadı altında olmalıyıq”, — deyə o, müxtəlif nəşrlərə müsahibəsində bildirib. Lakin o, Best Model of The World 2019-daki qələbədən bir müddət sonra xaricdən yaxşı təkliflər gəldiyi zaman öz planlarını və fikirlərini yenidən nəzərdən keçirmişdi.

«Hər şeydən əvvəl, valideynlərimin məni anlayıb dəstəkləmələri məni Azərbaycandan getməyə sövq etdi. Bu, mürəkkəb qərar idi, amma mən başa düşürəm ki, gələcəyim bundan asılıdır, axı hazırda xaricdə məni evdəkindən daha çox perspektiv gözləyir», — deyə Nuru bildirib. 

Qeyd edək ki, Nuru Əhmədov əvvəlcə «Best Model of Azerbaijan-2019»un qalibi olub və yalnız bundan sonra Azərbaycanı müsabiqənin beynəlxalq finalında təmsil etmək imkanı qazanıb. O, həmçinin “Mister Grand Azerbaijan” milli gözəllik müsabiqəsinin qalibidir.

«Best Model of The World-2019-da qalib gəlmək mənim üçün gözlənilməz və eyni zamanda çoxdan gözlənilən idi. Məndən tez-tez soruşurlar ki, münsiflər heyəti “Dünyanın ən gözəl kişisi” adını niyə məhz mənə vermişdir? Amma mən bu suala cavab verə bilmərəm, yəqin ki, həmin sual münsiflər heyətinə verilsə daha yaxşı olar.

Nə qədər qəribə olsa da, nədənsə, həmkarlarım qələbəmə əvvəlcədən əmin idilər. Onlar mənim müsabiqəyə nə qədər ciddi hazırlaşdığımı, necə deyərlər, özümü necə fəda etduyimi görürdülər, ona görə də əmin idilər ki, mən qələbə ilə qayıdacağam. Ümumiyyətlə, mən heç vaxt modelləşdirmə sahəsində işləməyi planlaşdırmamışam, Gözəllik və moda mənim üçün yad idi. Bu sahəyə təsadüfən gəlmişəm» , – deyə o bildirir.

«Təxminən yeddi il əvvəl dostum yerli moda jurnalı tərəfindən keçirilən müsabiqədə iştirak etməyi təklif etdi. Bir neçə fotoşəkil çəkmək lazım idi və kimin fotoşəkli ən yaxşı olarsa, o, Fransaya səyahət şansı qazanacaqdı. Mən əyləncə naminə iştirak etməyə qərar verdim və münsiflər heyəti məni seçəndə təəccübləndim. Beləliklə, mən model biznesinə düşdüm. Özüm də bunu gözləmədən vaxt keçdikcə bir çox brendlərin siması, bir sıra model müsabiqələrinin qalibinə döndüm. Ancaq mən ömrümü heç vaxt bu işə həsr etmək istəmirdim, ona görə də vaxtımın çox hissəsini təhsilə ayırmağa çalışırdım. Maliyyə şirkətində işləməyi planlaşdırırdım, ona görə də “Maliyyə və kredit” fakültəsinə daxil oldum, lakin sonradan başa düşdüm ki, peşə seçimi ilə səhv etmişəm. İndi mənim məqsədim kinematoqrafiyaya getməkdir və ümid edirəm ki, kino mənim bütün həyatımın məhvərinə dönəcək »,- deyə Nuru Əhmədov sözünə yekun vurdu.

 

Nigar Hüseynova