Bir neçə gündən sonra Azərbaycan başqa ölkələrlə bərabər nasist Almaniyası üzərində qələbənin 75-ci ildönümünü qeyd edəcəkdir. Müharibə zamanı minlərlə azərbaycanlı cəbhələrdə mərdliklə vuruşurdu. Onlardan biri də bu il 98 yaşı tamam olmuş veteran Hümbət Əliyevdir. Müharibə illərində o, atıcılıq hissələrində xidmət etmiş, Qafqazda vuruşmuşdur. Böyük qələbə günündən artıq çox illər keçməsinə baxmayaraq, Hümbət Əliyev cəbhədə keçirilən hər dəqiqəni xatırlayır.

Koronavirusun pandemiyası üzündən Azərbaycanda elan edilmiş karantin ilə əlaqədar veteran bütün vaxtını evdə keçirir və ümid edir ki, heç nəyə baxmayaraq, mayın 9-da öz həmkarları ilə görüşüb onlarla birlikdə “Ölməz alay” aksiyasında iştirak edə biləcək. Böyük Vətən müharibəsinin 75 illiyi ərəfəsində atıcı Hümbət Əliyev öz xatirələrini Dalma Newsin müxbiri ilə bölüşüb.

— Böyük Vətən Müharibəsi iştirakçısı olmanız necə baş verdi?

— Mən 21 yanvar 1922-ci ildə Füzuli rayonunun Kürmahmudlu kəndində anadan olmuşam. Təəssüf ki, bir çox uşaqlardan fərqli olaraq, mənim uşaqlığım o qədər də sadə olmamışdı. Mən 15 yaşındaikən atamı itirmiş, anamı və beş bacımı dolandırmağı öyrənməli olmuşam. Səhərdən gecəyarıyadək müxtəlif işlərdə işləyirdim: gah mal-qara otarır, gah da bağçamızda özüm becərdiyim tərəvəzi satırdım. Ancaq ailə böyük olduğundan pul çatmırdı. Müharibə başlayan zaman ailəmdə yeganə kişi olduğum üçün əvvəlcə məni cəbhəyə aparmadılar, lakin bir müddətdən sonra mənə də çağırış vərəqəsi gəldi. Onda mənim 17 yaşım vardı. 1942 – ci ildə Mozdok cəbhəsinə yollanaraq, orada atıcı qoşunlarında,müharibə qurtaranda isə 1948-ci ilə qədər Sovet Ordusu sıralarında xidmət etmişəm.

— Heç yaralanmısınızmı?

— Bəli, təəssüf ki. Zənnimcə, yaralı olmayan müharibə iştirakçısı yoxdur. Heç birimiz ölümdən qorxmurduq, çünki artıq ona alışmışdıq. Müharibədə hər dəqiqə bizim üçün həyatın sonu ola bilərdi.

Məni bəxtəvər hesab etmək olar. Atıcı olmaq çox çətindir. Əzmkarlıq, dözümlülük, səbirlilik kimi keyfiyyətlərə malik olmaq lazımdır. Bütün bunları mənə cəbhədə öyrədiblər. Hərbi əməliyyatlardan birində mən çox ağır yaralandım. Düşünürdüm ki, artıq heç vaxt ayağa qalxa bilməyəcəyəm, amma həkimlər mənim həyatımı xilas etdilər. Məni ölməyə qoymayan,əksinə, mənə kömək etmək üçün əllərindən gələni əsirgəməyən həkimlər və həmkarlarıma bu günədək minnətdaram. Sağaldıqdan sonra dərhal cəbhəyə qayıtdım.

— Cəbhədə sizinlə nə kimi hadisələr baş verib? Nəvələrinizə hansı tarixçələrdən söz açırsınız?

— Mənim olduqca çox əhvalatlarım var. Əvvəlcə onları öz iki uşağıma, sonra nəvələrimə, indi isə artıq sayı 16 olan nəticələrimə danışıram. Müharibə dövründə bizim üçün ən çətini yemək tapmaq idi. Biz aclıq çəkirdik. Bir dəfə dostumla meşədə xurma tapdığımızı xatırlayıram. Onların yarısını yedik, qalan hissəsini isə ertəsi gün gəlib yemək üçün ağacın altında basdırdıq. Ertəsi gün qazıb xurmanı çıxaranda orda ancaq tumların qaldığını gördük. Xurmanı qarışqalar yemişdilər. Biz onda çox məyus olduq.

Mən uşaqlarıma, indi isə nəticələrimə həmişə həyatımı tamamilə dəyişmiş və məni qəhrəman etmiş bir əhvalatı fəxrlə danışıram. Avtomatla ərazidən necə yan keçdiyim və beş zabit gördüyümü xatırlayıram. Əvvəlcə fikirləşdim ki, bunlar özümüzkilərdir, sonra yaxınlaşanda alman nitqi eşitdim. Bütün patronları onlara buraxdım. Bundan sonra mənə “İgidliyə görə” medalı verdilər, ondan sonra həmçinin “Döyüş xidmətlərinə görə” və “Qafqazın müdafiəsinə görə” medallarınına layiq görüldüm. İndiyə qədər onları hər dəfə fəxrlə taxıb əzizlərimə göstərirəm.

— BVM bitəndən sonra nə ilə məşğul olmusunuz?

— Ailəmə 1948-ci ildə qayıtdım. Məni evdə çox yaxşı qarşıladılar: göz yaşları, gül-çiçək, musiqi və yeməklərlə. 1950-1961-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil aldım. 1950-1960-cı illərdə İmişli rayonunun Qızılkənd orta məktəbinin direktoru, sonra Fizuli rayonundakı kənd məktəbində fizika və kimya müəllimi, partiya komitəsinin katibi vəzifələrində çalışmışam. Elə orda gələcək həyat yoldaşımla tanış oldum, evləndim və tam 40 il xoşbəxt bi həyat yaşadıq. Təəssüf ki, o, artıq vəfat edib və indi mən öz böyük qızımla birlikdə yaşayıram. O, mənə qayğı göstərir. 98 yaşım olsa da, şükürlər olsun ki, mən özüm də hər şeyin öhdəsindən gələ bilirəm.

— Həyatınızdan razısınızmı?

— Bəli, həyatımda çox çətinliklər olmasına baxmayaraq, razıyam. Müharibə yalnız mənim həyatımı deyil, bütün digər həmkarlarımın da həyatını dəyişdi. Mən hələ də cəbhədə keçirdiyim hər dəqiqəni xatırlayıram, bəzən yuxuda, təəssüf ki, artıq sağ qalmayan dostlarımı görürəm. Pensiya məbləğindən razıyam. Hər dəfə Azərbaycan Prezidenti İlham Əliyev bizə maddi yardım göstərir və bu il Böyük Vətən müharibəsinin 75 illiyi ilə əlaqədar veteranlara pul ayrılmışdır. Bizi unutmadıqları üçün təşəkkür edirik.

— Siz Böyük Vətən müharibəsinin 75 illiyini necə qeyd etmək istəyirsiniz?

— Biz veteranlar bu günü səbirsizliklə gözləyirdik, amma təəssüf ki, karantin bütün planlarımızı pozdu. Rusiyada artıq mayın 9-da keçiriləcək parad başqa vaxta keçirilib. Düşünürəm ki, Azərbaycanda da heç bir tədbir olmayacaq — biz küçəyə çıxa bilmərik, çünki bizdə koronavirus pandemiyası təhlükəsi var. Həmin gün telefonda həmkarlarımı təbrik edəcək, köhnə şəkillərimə baxacağam. Qohumlarım hər il məni təbrik etməyə gəlir və bu il də belə olacaq. Bütün ailəmizlə Qələbə gününü masa arxasında qeyd edəcəyik.

— Bəs siz gənc nəslə nə arzulamaq istərdiniz?

— O hərbi nəslin adamları yalnız bir şeyi istəyirlər — müharibə olmasın. İstəyirəm ki, onlar bizdən — yaşlı nəsildən nümunə götürsünlər, axı bizim böyük həyat təcrübəmiz var və kömək edə bilərik. Arzu edirəm ki, onlar layiqli varislər olsunlar, axı bizim etdiklərimizin hamısı onlar üçün edilmişdir.

 

Каmilla Səidова