ABŞ-ın “Stratfor” özəl kəşfiyyat-analitik şirkətinin ekspertləri dərc etdikləri məqalədə bildirir ki, regionda mübahisənin mərkəzi Ukraynadan Qafqaza – Gürcüstan, Ermənistan və Azərbaycana keçə bilər. APA “RİA Novosti”yə istinadən xəbər verir.
Məqalə müəllifləri qeyd edirlər ki, Rusiya 2008-ci ildə baş vermiş Gürcüstan-Osetiya hərbi münaqişəsindən sonra Ermənistanda öz hərbi iştirakını möhkəmləndirərək orada güclü iqtisadi və siyasi mövqelərə nail ola bilib. “Ermənistan, Abxaziya və Cənubi Osetiyada hərbi iştirakı, həmçinin Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq Rusiyaya bölgədə əsas xarici qüvvə mövqeyinə malik olmağı təmin edir”, – məqalədə deyilir.
Qeyd olunur ki, ABŞ və Aİ Ukraynadakı üsyan zamanı qərbyönümlü hökumətin xeyrinə rusiyapərəst hakimiyyətinin devrilməsini dəstəkləyib. Qərb dövlətləri açıq-aydın bildiriblər ki, onların dəstəyi tək Ukrayna ilə kifayətlənməyəcək. Daha sonra Qərb Mərkəzi və Şərqi Avropada hərbi bazalar yaratmağa başladı.
Ekspertlər iddia edirlər ki, Ukraynada böhran başladıqdan sonra nisbətən sakit keçən iyirmi illik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi gərginləşib.
Məqalə müəllifləri Rusiyanın bu məsələdə təmkinli diplomatik mövqe nümayiş etdirdiyini qeyd edirlər: “Moskva iki ölkəni dialoqa çağırır, lakin eyni zamanda, hər iki ölkəyə hərbi tədarükləri davam etdirir”.