Birlik dövlətlərinin daxili işlər nazirləri Şurasının sentyabrın 2-də Minskdə keçiriləcək iclasında doqquz ölkənin: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın DİN heyəti, eləcə də MDB İcra Komitəsinin, MDB-yə üzv ölkələrin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizə üzrə koordinasiya bürosunun, Belarus dövlət orqanlarının nümayəndələri iştirak edəcəklər. Oxu.Az xəbər verir ki, bu barədə Belarus DİN informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər.

Şuranın iclasından öncə MDB ölkələrinin polis rəhbərləri Qələbə monumentinin qarşısına çiçək və çələng qoyma mərasimində iştirak edəcəklər. Bundan sonra onların Belarusun baş naziri Andrey Kobyakov ilə görüşləri planlaşdırılıb.

İclasın gündəmində MDB dövlətlərinin hüquq-mühafizə idarələrinin qarşılıqlı fəaliyyətində əsasən, kiber cinayətkarlığa, nəqliyyat vasitələrinin oğurlanmasına, yeni psixoaktiv, psixotrop maddələrin və narkotik vasitələrin dövriyyəsinə, eləcə də idman komandalarının qeyri-rəsmi birliklərinin qanunsuz əməllərinə qarşı mübarizə prioritet məsələlərdəndir.

Forumun çərçivəsində bir sıra ikitərəfli danışıqlar baş tutacaq. İclas yekun sənədlərin imzalanması ilə sona çatacaq.