Analitik Ekspertiza Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təlim keçmiş və müvafiq sertifikatları olan istehsalat müfəttişləri hazırlanıb. Mütəmadi olaraq aparılacaq yoxlama planına əsasən, Azərbaycanda ilk dəfə dərman vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edən istehsalçıların və idxal zamanı dərman vasitələrinin keyfiyyətində normativ sənədlərin yoxlanması nəzərdə tutulub.

Müəyyən olub ki, son bir neçə ay ərzində 6 preparatın seriyası normativ sənədlərin tələblərinə cavab vermir.

Nazirlikdən əlavə ediblər ki, Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət (İnspeksiya) şöbəsi mütəmadi olaraq planlı və plandan kənar yoxlamalar həyata keçirir.

Plandan kənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır.

Qeyd edək ki, bu il ərzində 84 aptekdə reydlər aparılıb. Nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb.

Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə inzibati xətalar məcəlləsinin 64.1 bəndinə uyğun olaraq protokollar tərtib edilib.

Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb, bir aptekin fəaliyyəti dayandırılıb.

Yoxlamalar zamanı bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.