Cənub bölgəsində maraqlı bir layihənin icrasına başlanıb – qeyri-hökumət təşkilatları və arıçıların özlərinin birliyi ehtiyacı olan ailələrə arıçılıqla məşğul olmaq imkanı yaradıblar. Onlara arı ailələri və lazımi avadanlıqlar verilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Arıçılar İttifaqı ilə Türkiyənin TİKA təşkilatı arasında 5 ildir davam edən regionlarda arıçılığın inkişaf etdirilməsi proqramı çərçivəsində bu il cənub bölgəsinin 6 rayonu üzrə əsasən imkansız və imtiyazlı təbəqədən olanlara min arı ailəsi paylanılacaq.

Artıq Astarada 27 arıçıya 270 arı ailəsi və lazım olan arıçılıq ləvazimatları,1 ilə çatacaq dərman preparatları, metodiki vəsait təqdim edildi. İndiyədək proqram çərçivəsində 3 bölgədə 100 adama 10 ədəd olmaqla min arı ailəsi paylanılıb.

“Biz istəmirik ki, arıçı sata biləcəyi qədər bal istehsal eləsin. Biz istəyirik ki, arıçının balı tədarük olunsun, qablaşdırılsın. Arıçı bacardığı qədər bal istehsal eləsin. Onda Azərbaycanda bal istehsalı 2-3 dəfə artar. Balın maya dəyəri də aşağı düşəcək”, – deyə Azərbaycan Arıçılar İttifaqının sədri Şamil Quliyev qeyd edib.