Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı qruplaşmalara qoşulduqlarına, İŞİD terror təşkilatına xidmət etdiklərinə görə Azərbaycanın beş vətəndaşına hökm oxunub.

Sputnik” bildirir ki, təqsirləndirilən şəxslər – Elşən Qurbanlı, Kamran Əzizov, Tural Məmmədov, Nadir ƏlixanovBəhruz Rəsulov 12-14,5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 28, 283-1.3-cü və 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məhzəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq) maddələri ilə cinayət işləri başlanıb.

Qeyd edək ki, ittiham aktının materiallarına əsasən, ötən ilin sentyabrında qanunvericilikdə nəzərdə tutulmamış silahlı birləşmələrin və ya qrupların yaradılması və onların işinə dəstəkdə şübhəli bilinən 26 Azərbaycan vətəndaşı sırasında qeyd olunan şəxslərin adları çəkilib.