Gürcüstanın Səhiyyə, əmək və sosial işlər Nazirliyindən bildirilib ki, yazda ölkə miqyasında əsas dərmanların qiymətində düşmə müşahidə olunacaq. Bu barədə nazir müavini Zaza Sopromadze məlumat verib. Lakin qiymətlərin nə qədər aşağı salınması ilə bağlı heç bir konkret rəqəm söylənilməyib.

Dövlət rəsmisi bildirib ki, bununla bağlı proseslər artıq başlanılıb və işlərin yaza kimi yekunlaşması planlaşdırılır.

“İşlərin hansı formada aparılması və dərmanların qiymətinin nə qədər azaldılması haqqında bir söz demək hələ ki tezdir. Bu məsələ üzərində iş gedir və ilin sonuna kimi qiymətlərin aşağı salınmasına mütləq nail olacağıq. Bundan başqa, istehlak olunan dərmanların qiymətində artım müşahidə olmayıb. Qeyd edək ki, bu məsələ özəl sektorun təşəbbüsü deyil. Proses hər iki tərəfin – Səhiyyə Nazirliyi və özəl sektorun razılığı ilə aparılır”, – Zaza Sapromadze deyib.

Xatırladaq ki, əsas dərmanların (təxminən 200 dərman) qiymətlərinin düşməsi haqqında Səhiyyə, əmək və sosial işlər üzrə nazir David Seqreenko əvvəllər də söz açmışdı və ilkin hesabat üçün 1 sentyabr tarixi müəyyənləşdirilmişdi.