Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəaliyyəti dayandırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, universitetin rektoru Novruz Bayramov bildirib ki, keçən il rəsmi status alan universitetin imtiyazı əlindən alınıb.

Gürcüstanın Elm və Təhsil Nazirliyində, habelə Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsinin Milli Mərkəzində qeydiyyatdan keçən və rəsmi olaraq tədris universiteti statusu alan bu təhsil ocağı bu il tələbə qəbul etməyib. Universitetdə təhsil alan 90 tələbə isə təhsillərini davam etdirmək üçün Tiflisdəki Qorqasali adına universitetə keçirilib.

Rektor N. Bayramov qeyd edib ki, indi universitet Tiflisdə fəaliyyət göstərən “Novıy VUZ” adlı ali təhsil ocağı ilə birləşib və hazırda keçmiş universitetin binasında “Avropa Təhsili” adlı mərkəz yaradılıb.

N. Bayramov universitetin bağlanma səbəblərindən də danışıb: “Universitet Gürcüstanın Elm və Təhsil Nazirliyində, habelə Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsinin Milli Mərkəzində qeydiyyatdan keçəndən sonra sabiq xarici işlər naziri Maya Pancikidze və müdafiə naziri İrakli Alasaniya vəzifələrindən azad olundular. Maya Pancikidzenin qardaşı Laşa Pancikidze də universitetin status almasında bizə kömək etmişdi. Onun qohumları vəzifədən uzaqlaşdırıldıqdan sonra bu status əlimizdən alındı”.

N. Bayramov universitetlə bağlı yaranmış problemi həll etməyə çalışarkən dələduzlara rast gəldiyini bildirib. O, dələduzların onun 300 min dollardan çox vəsaitini mənimsədiklərini da bildirib.

N. Bayramov bildirib ki, hazırda Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəaliyyətinin davam etdirilməsi üçün Gürcüstan Təhsil Nazirliyinə müraciət etmək şansı yaransa da, o bundan yararlanmaq istəmir: “Çünki bəzi dələduzlar yenidən universitetin işinə qarışacaqlar, bu da bizə sərf etmir. Universitetimiz fəaliyyətini dayandırandan sonra Marneulidə yuxarıda qeyd etdiyim dələduzların sayəsində MMC nəzdində yeni bir universitet – Heydər Əliyev adına Beynəlxalq Universitet yaradılıb. Marneuli xəstəxanasının birinci mərtəbəsində kiçik bir otaqda yerləşən bu qondarma universitet status almayıb, lakin onun qəbul elanlarına rast gəlinir”.

Xatırladaq ki, Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti 2008-ci ildən fəaliyyət göstərib. Universitet Gürcüstanda fəaliyyət göstərən orta məktəblər üçün müəllim kadrları, eyni zamanda müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayıb. Təhsil ocağında müsabiqədən keçmiş 60-dan çox professor və müəllim çalışıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here