Texniki tərəqqi ilə paralel qadınların cəmiyyətdəki rolunun da sürətlə dəyişdiyini görməmək mümkün deyil. Bu gün bu nəcib cinsin öz imkanlarını reallaşdırması üçün daha çox seçim və imkanlar yaranmışdır,onlar daha sərbəst, müstəqil və azaddırlar. Avropa qadınları kimi, indi artıq şərq qadınları qarşısında da ev ocağı çərçivəsindən kənar da vəzifələr durur.

Əvvəllər kimyaçı və model, indi isə məşhur, tələb olunan və ehtiyac duyulan tanınmış Azərbaycan fotoqrafı Könül Rüstəmova öz əsərlərində qadın bədəninin gözəlliyini nümayiş etdirməklə sübut edir ki, qızlar qətiyyətli, inamlı və müəyyən dərəcədə daha hünərli və cəsarətli olmuşlar. Dalma Newsə müsahibəsində fotoqraf Qafqaz qadınlarının stereotip rəyləri necə pozmasından, Azərbaycanda model tapmağın nə üçün çətin olmasından və cəmiyyətin bir qədər açıq-saçıq şəkillərə necə reaksiya götərməsindən söz açdı

— Siz elə uzun müddət dеуil ki, fotoqraf işləyirsiniz, amma artıq tələbata və böyük sayda maraqlı işlərə malik professional rəssamsınız. Bütün bunların necə başladığını danışa bilərsinizmi?

— Bir çox fotoqraflar kimi, mən də bu işlə məşğul olacağımı heç vaxt ağlıma gətirə bilməzdim. Təhsilimə görə mən kimyaçıyam. Bakı Dövlət universitetini bitirəndən sonra Geologiya və geofizika institutunda baş laborant vəzifəsində işləməyə başladım. Amma cəmi bir neçə aydan sonra başa düşdüm ki, bu işlə məşğul olmaq istəmirəm. Əmək haqqı az, həm də mənim üçün maraqsız idi, nəsə yeni və parlaq bir şey istəyirdim.

Artıq yerli şirkətlərdən birində işlədiyim zaman mən təsadüfən bir mоdel studiyasına düşdüm. Və bir müddət çox tez-tez müxtəlif fotosessiya və baxışlarda iştirak etdim ki, bu da mənə çox xoş gəlirdi. Bu gün işdə bu təcrübə mənə çox kömək edir. Ancaq fotoqraf olmazdan əvvəl, səkkiz il müxtəlif şirkətlərdə– ofis menecerdən başlayaraq, layihələr üzrə rəhbərədək müxtəlif vəzifələrdə işlədim.

2014-cü ildə sosial şəbəkələrdə xidmətləri inkişaf etdirməklə məşğul olduğum holdinqdə həmkarımın kamerası əlimə düşdü. Bu andan başlayaraq hər şey dəyişdi. Rəhbərliyi inandırdım ki, şirkətin xidmətlərinin uğurlu təşviqi üçün mənə fotokurslara getmək lazımdır və təhsilin xərcini ödəməyi xahiş etdim. Beləliklə, mənim ilk müəllimim Özbəkistanlı fotoqraf oldu. Mən ictimai iaşə sahəsində işlədiyimdən, mənə food-foto (qida-şəkil) janrında çəkməyi öyrənmək lazım idi. İki il ərzində mən ərzaq və interyerlərin çəkilişini edirdim, sonra isə başa düşdüm ki, başqası üçün işləmək mənlik deyil, həm də elə food-foto da mənim üçün marağını itirmişdi. Beləliklə, iki il əvvəl rəsmi olaraq işsiz qaldım, ancaq əvəzində sevimli janrım—fotoportretlə ciddi məşğul olmağa başladım. Bu gün deyə bilərəm ki, mən, nəinki sadəcə olaraq fotoşəkil çəkirəm, yox, mən onunla yaşayıram.

Könül Rüstəmova

— Siz öz portfolionuzu necə yaratmağa başladınız? İlk modelləri harada tapırdınız?

— Bir çox fotoqraflar çəkiliş obyekti timsalında öz yaxınları və dostlarına müraciət edirlər və bu baxımdan, mən də istisna deyiləm. Mənim rəfiqələrim — mənim ilk modellərimdir. Yadımdadır, qışda portfoliomu təzə-təzə tərtib etməyə başlayanda, rəfiqəmdən mənim fotoaparatım önündə pozalar göstərməyi xahiş etdim. Həmin gün hava olduqca soyuq idi, ancaq o, əynində minimal miqdarda paltar olmasına baxmayaraq, buna qəhrəmancasına dözüb məni pis vəziyyətdə qoymadı.

Amma bir müddət sonra əmin oldum ki, gözəl üz və incə bədənlər heç də həmişə uğurlu işin açarı və zəmini olmur. Ona görə də indi portfolio üçün professional— peşəkar modellərlə işləməyə çalışıram. Bir müddətdən sonra isə gözəl üzlər və incə bədənlərin uğurlu işin açarı olmadığına əmin oldum. Odur ki, indi portfolio üçün peşəkar modellərlə işləməyə çalışıram.

—Heç kimə sirr deyil ki, Qafqazda model peşəsinə yumşaq desək, həmişə şübhə ilə yanaşıblar. Açıq-saçıq obrazlarda çəkilənlərə isə,necə deyərlər, təhqiramiz və alçaldıcı yarlık yaxud etiketlər asmışlar. Vəziyyət dəyişibmi? Və Azərbaycanda sizin işlərə necə yanaşırlar?

— Azərbaycanda hələ də bu cür yaradıcılığı qəbul etmirlər. Mənim müşahidələrimə görə, respublikada əhali bir neçə insan qrupuna bölünür. Bəziləri Avropa dəyərləri üzrə yaşayan və həyatı boyu hər şeydə çox azad olan müasir insanlardır. Onlar açıq formatlı çəkilişlərdə səmimiyyət və məmnuniyyətlə iştirak edirlər. Əlbəttə, onlar azlıq təşkil edirlər. Digərləri bir növ qərarsızdırlar. Bir tərəfdən, mənim əsərlərimi sevirlər, digər tərəfdən, ictimaiyyətin qınaq və mühakiməsindın qorxub çəkinirlər.

Amma əhalinin əksəriyyəti mühafizəkar fikir və görüşlərə riayət edir, mən hətta cürət edib onları riyakar adlandırardım, onlar üçün mənim fotoşəkillərim eyib və rüsvayçılıqdır.

Xatırlayıram, vanna otağında bir hamilə qız şəkli çəkəndən sonra, mənə hətta qızlar da yazmağa başladılar ki, bu, əxlaqsızlıqdır və mən azərbaycanlı qadını bu rakursda göstərməkdən xəcalət çəkməliyəm. Bəziləri hətta mənim oriyentasiyama şübhə ilə yanaşırdı. Ancaq məni belə şeylər dayandırmır.

Bütün bunlarla yanaşı, sevindirici haldır ki, mənim çəkdiklərim daha az təvazölü olmağa başlamasına baxmayaraq , səhifəmdə müsbət reaksiyalar mənfi reaksiyalardan daha çoxdur. Dünya bir yerdə dayanmır, proseslər təkmilləşir, yeni məhsul və xidmətlər yaradılır və bütün bunlar insanların mədəniyyəti, davranış və baxışlarında öz əksini tapır. Azərbaycan sakinləri də istisna deyil. Bəlkə də, bu gün bütün Qafqaz və müsəlman ölkələrinin qadınları arasında ən kübar, daha dünyəvi, sərbəst və azad seçimə malik olanlar məhz Bакı qızlarıdır.

— Lakin bununla belə, Azərbaycanda adi ev paltarında çəkilməyə razı olan modellər tapmaq asan deyil.

— Bəli, ölkədə əsl mənada gözəl, yəni kosmetik və plastik tyunnengdən keçməmiş qızlar çoxdur. Lakin onların əksəriyyəti, məsələn, alt paltarında çəkilməkdən imtina edir. Odur ki, Qafqazda bu istiqamətdə inkişaf etmək asan deyil. Buna görə də, təyyarə ilə belə problemin olmadığı Moskvaya daha tez-tez uçmağa başlamışam. Amma bu, o demək deyil ki, mən əxlaqsızlıq və yüngül həyat tərzi arxasınca gedirəm. Mənim məqsədim vulqarlıq notları olmadan insan bədəninin gözəlliyini, qadın figürünün hamar cizgilərini göstərməkdir.

Könül Rüstəmova

— Sizin portfoliodan belə görünür ki, siz idmançı bədən biçiminə malik qızları çəkməyə üstünlük verirsiniz. Hərçənd, bu gün 90-60-90 parametrləri arxasınca düşənlərin sayı ildən-ilə azaldığı halda, siz nə üçün plus-size modelləri ilə ışləmirsizr?

— Həqiqətən də, bu gün moda dünyası təkcə incə sifət və zərif bədən cizgiləri olan gözəl qızlara məxsus deyil. Bir çox, necə deyərlər,canısulu, gombul ölçülü qadınlar da öz mövqe və təbii formalarına nail olmaq üçün modelinqə gəlməyə başlamışlar. Lakin mən plus-size modelləri ilə işləməyə daxilən hazır deyiləm. Məni ruhlandırmayan nəyisə çəkə bilmirəm.

Əgər mən başa düşürəmsə ki, şəkilləri, necə deyərlər, boğazdanyuxarı- həvəssiz işləyib hazırlamalı olacağam, onda bu işdən nə üçün yapışmalıyam?! Hətta karyeramın başlanğıcında, necə deyərlər, ağına-bozuna baxmadan, zahiri əlamətlərinə məhəl qoymadan hamını ucdantutma çəkməli olduğum zaman belə, mən ətli-canlı modellərlə işləmək arzusunda olmamışam. Ola bilsin, məndə belə zövqü həm yaxşı, həm də pis şəkillər görməyə imkan tapdığım model biznesindəki iş təcrübəsi yaratmış, ya da bu ondan irəli gəlir ki,mən özüm də arığam. Lakin bütün bunlar yalnız portfolio üçün işləmək halında qüvvəyə minir. Kommersiyada, təbii ki, müştəriləri xarici əlamətlərinə görə ayırmıram.

— Bu peşədə sizə hər şeymi xoş gəlir? Onun müsbət və mənfi cəhətləri haqqında danışa bilərsinizmi?

— Müsbət və mənfi cəhətlərdən danışmağa dəyməz. Axı, onsuz da aydındır ki, bu, maraqlı işdir. Bunu hər bir üçüncünün fotoqraf olduğu sosial şəbəkələrdəki akkauntlardan da başa düşmək olar. Razılaşın, əgər peşə darıxdırıcı olsaydı və qazanc gətirməsəydi, onda fotoqrafların sayı elə həmin kimyaçıların sayı ilə bərabər olardı (gülür).

Mənfi cəhətlərə gəlincə, onlar demək olar ki, yoxdur, amma elə məqamlar var ki, bəzən insanı qıcıqlandırır. İlk növbədə ağla gələn odur ki, — bu, necə deyərlər, tamamilə müştərinin çaldığı ilə oynamağın lazım gəldiyi kommersiya sifarişləridir. Əgər zövqlər üst-üstə düşərsə bəxtin gətirər, bəs gətirməsə necə?! Belə hallarda yalnız qonorar (işin haqqı) ürəyincə olmayan işi yerinə yetirməyə stimullaşdırır. Lakin bu, o demək deyil ki, təki pulu tez əldə etmək üçün belə sifarişləri başdansovutdu həyata keçirirəm. Mən daim maksimum keyfiyyətli iş təhvil verməyə çalışıram.

Bir də ki, fotoqrafın həyatı məsuliyyətsiz insanlarla doludur.Bəziləri çəkilmək üçün yazılır, ancaq təyin olunan saatda gəlmir, həm də, heç olmasa xəbərdarlıq da etmir, digərləri – iş razılaşmalarini pozurlar. Məsələn, yaxınlarda portfolionu slavyan tipli portretlə tamamlamaq üçün «yeni şəxs» sorağında Moskvaya getmişdim. Model ilə qabaqcadan razılığa gəlmiş, studiyanın icarə və vizajistin xidmət haqqını ödəmişdim. Çəkiliş anbaan başlamalı idi, lakin model gəlməmiş və heç zənglərə də cavab vermirdi. Məni, kobud desək, «aldadıb atmışdılar». Xoşbəxtlikdən, bir saat ərzində başqa bir qız tapıldı. Onun işinin haqqını ikiqat məbləğdə ödəməli oldum, çünki o, başqa bir meydançada təcili lazım idi. Ən kədərlisi, özümüzü vicdansız insanlardan qorumağın qeyri-mümkünlüyüdür.

— Sizin bir çox işləriniz bir pablikdən digərlərinə «köçür». Çox zaman, sizin özünüz də gördüyünüz kimi, bu fotoşəkillərin altında insanlar xoşagəlməz rəylər qoyurlar . Sizin modellər öz ünvanlarına olan tənqidlərə necə reaksiya göstərirlər?

— Heç də həmişə sakit qarşılamırlar. Elə hallar olur ki, model fotoları internetdən çıxarmağı və ya ümumiyyətlə orda nümayiş etdirməməyi xahiş edir, ona görə ki, «аnam məni danlaya bilər», «iş yerində düzgün başa düşməzlər», «adaxlım qəzəblənər» və c. Ancaq mən onlara etiraz edirəm. Bir var ki, müştəri onun şəkillərini sosial şəbəkələrdə nümayiş etdirməyə qadağa qoyur, ancaq modelin nəyi imzaladığını əvvəlcədən bilməsi və buna sonradan reaksiya göstərməsi isə lamamilə fərqli bir şeydir. Mən öz vaxtımı, əmək və pulumu kadrları şəxsi arxivdə saxlamaq üçün sərf etmirəm.

— Azərbaycan fotoqraflarının əksəriyyəti tamamilə kommersiya işinə keçmişlər. Siz bu sahəni inkişaf etdirən azlıqlardan birisiniz. Həmkarlarınız sizin yaradıcılığınıza neçə yanaşırlar?

— Ümumilikdə, müsbət. Amma bəzən qəribə bəyanatlar eşitməli olursan. Məsələn, bir yerli fotoqraf etiraf etdi ki, mənim işlərim onun xoşuna gəlir, amma o, belə acıq-saçıq kadrları öz işçi səhifəsinə qoymağa cəsarət etməzdi. Mənim « niyə?» sualıma o cavab verdi ki: «mən əsasən toyları çəkirəm. Əgər «polunyu» («полуню») üslubunda, sadə dillə desək, lüt, paltarsız foto-şəkillər qoysam, müştərilərim mənim barəmdə nə düşünərlər?!». Əlbəttə, hərənin öz fikri var, amma müxtəlif mövzulu portfolio mənə həm ailə, həm də toy çəkilişlərinə sifarişlər qəbul etməyə mane olmur.

— Bəs valideynləriniz sizin seçiminizi lap əvvəldən dəstəkləmişlər?

— Xeyr. Mən qızların fotoşəkillərini alt paltarlarında çəkəndə anam şok vəziyyət aldı. Mən onu kadrlardakilərin onun qızı olmaması, odur ki, başqaları ilə onun nə işi ola bilməsi ilə sakitləşdirdim. Atam isə normal qarşıladı. Mənə bir dəfə çəkilişdə reflektoru saxlamaq üçün köməkçisi lazım idi ki, atam gəlib yardım etdi. O, bütün çəkiliş zamanı bu reflektoru əlində səbrlə saxladı, hətta aşiqlər kamera qarşısında öpüşməyə başlayanda ağzını açıb bir kəlmə belə demədi (gülür).

— Sizin professional tabularınız varmı?

— Bunlar elə də çox deyil, lakin onlar var. Birincisi, mənim üçün «nyu»üslubunda çəkiliş maraqlı deyil . İkincisi, öz əsərlərimdə LGBT-ni heç vaxt təbliğ etməyəcəyəm.

— Yeni başlayan fotoqraflara nə tövsiyyə edərdiniz?

— Mənim müəllimimim dediyi kimi,– yaxşı çəkmək istəyirsənsə, – çox çək . Bu, əsl həqiqətdir. Kadrı yalnız kamera ilə tez-tez təmas sayəsində daha yaxşı qavramağa başlamaq olar. Və, əlbəttə ki, daim öz üzərində işləməklə. Öyrənmək üçün pul və gücü əsirgəməmək. Peşəkar fotoqrafların ustad-dərslərində iştirak etmək .

— Qarşınıza hansı məqsədləri qoyursunuz?

— Planlarımda dünyanın tanınmış jurnalları və markaları ilə işləmək durur. Hərçənd Azərbaycan şəkillər sahəsində istedadlarla zəngindir və bu sahə çox sürətlə inkişaf edir, burada öz arzularını həyata keçirmək son dərəcə çətin olacaq. Mən başa düşürəm ki, özünü sözün əsl mənasında tanıda bilmək üçün təcrübə toplamağa mənə iri meqapolislərdə olmaq kömək edə bilər. Odur ki, getmək üzərində ciddi düşünürəm. Bakıda əldə etmək istədiklərimin hamısına demək olar ki, nail olmuşam. İndi daha irəli getmək lazımdır.

 

Fəridə Мəmmədovа