Avqustun 24-də Tbilisi şəhərində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndə heyətlərinin görüşü keçirilib. Bu barədə Ölkə.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Görüşdə Azərbaycanın Dövlət Gömrük Komitəsi və Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti arasında “Məlumat mübadilə sistemi üzrə texniki təminat sənədi” imzalanıb.

Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti İnformasiya Texnologiyaları Mərkəzinin sədrinin müavini Givi Murvanidze imzalayıb.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasındakı “Gömrük işi üzrə inzibati yardım” müqaviləsinə əsasən, imzalanan sənədin məqsədi iki ölkə arasında ticarətin asanlaşdırılmasına töhfə vermək, mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin həyata keçirilməsini təmin etməkdir.