Azərbaycanın ən qədim şəhəri yenidən öz qapılarını dünyanın dörd bir yanından gələn baykerlərin üzünə açır. 28-30 avqust tarixlərində Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalı baş tutacaq. Festival “Harley Davidson” “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Hər il olduğu kimi bu il də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şouları hamını heyran edəcək. Şəkidə çıxış edəcək dünya şöhrətli “Lady Qaqa”, “Elvis Presli”, “Beatles”, “Kiss” qruplarının “tribute”ları isə festivala xüsusi rəng qatacaq.

Qafqaz Moto festivalı çərçivəsində sərgi-yarmarka da təşkil olunacaq. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq. Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələrilə tanışlıq imkanı yaradılacaq.

Moto Festivala motobrendlər, motoklublar, moto mədəniyyət aləmi ilə maraqlananlar, ümumiyyətlə, maraqlı gün keçirmək istəyən hər kəs qatıla bilər. Festival Şəki Olimpiya Kompleksində təşkil olunacaq. İştirak pulsuzdur.