Yayın ən qızmar ayında, az qalsın istidən buxarlanacağımız bir vaxtda gündəmin də buzları əridi. Avqust özü ilə ölüm, devalvasiya təhlükəsi, İŞİD qorxusu, ard-arda ev sahibliyi edəcəyimiz olimpiadalar, qiymət artımı kimi mövzular gətirmişdi.

Keçək əvvələ. Daha doğrusu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin şortik gündəminə.

“Şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub, qıçalarına “kislota” tökmək lazımdır ki, tövbə edib bir daha şortik geyinməsinlər”.

Sədrin bu cümləsi bütün sosial medianı ayağa qaldırdı. Sosial şəbəkələrdə şortik geyinənlərə dəstək kampaniyası keçirildi. Belə ki, sosial şəbəkə istifadəçiləri şortiklə şəkil çəkdirərək #MənŞortGeyinirəm haştaqları ilə paylaşımlar etdilər.

Nəticədə, şortik geyinənlərə dəstək kampaniyası keçirildi. Şortikə həsr olunan yürüyüş festivalı isə avqustun 2-də baş tutdu.

Bir qrup insanın başı şortik problemini həll etməyə qarışanda, məlum olur ki, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb. Üstəlik, keçid ballarının aşağı olması vəziyyəti bir az da qəlizləşdirdi. Kimisi günahı təhsil sistemində, kimisi uşaqlarda, kimisi də valideynlərdə gördü. Mövzu barədə fikirlər dəyişdi, bircə TQDK-nın təqdim etdiyi fakt dəyişmədi: Birinci mərhələ üzrə qəbul planı 83, 12 faiz doldu və 32 196 nəfər tələbə adını qazandı. Boş qalan yerləri isə mütləq doldurmaq lazım idi.

Qəbul prosesinin bu mərhələsini normal qəbul edən təhsil sistemi niyəsə az keçmir ki, xaricdə imtahansız formada qəbul olan abituriyentlərin biliyinə şübhə ilə yanaşır. Açıqlama verir ki, bu yolla oxumağa gedənlər 0-100 bal toplayanlardır. Bildirilir ki, onlar savadsız kadr kimi geri qayıdır və necəsə yenidən ölkədəki əmək bazarına daxil olurlar. Nazirlik bu işlə məşğul olan şirkətlərə görə heç bir məsuliyyət daşımadığını dedi.

Avqustun ilk yarısında, yəni ayın 15-də manatımız 23 yaşını qeyd etdi. Düşüş təkcə təhsil sistemində olmadı, manatın doğum gününə hədiyyə olaraq, 1 barrel neftin qiyməti 44 dollara qədər düşdü, manatın devalvasiyası təhlükəsi yarandı, hər kəs əlində olan manatları dollar dəyişmək üçün valyuta dəyişmə məntəqələrinin qarşısında növbəyə dayandı. Bir də xəbər çıxdı ki, ölkədə dollar yoxdur və banklar dolların satışına limit qoyub. Mərkəzi Bank isə yalnız 2 gündən sonra açıqlama verdi: “Yaxın zamanlarda, ən azı ilin sonuna kimi dəyişiklik gözlənilmir. Heç bir devalvasiyadan söz gedə bilməz”.

Düşən təkcə manat olmadı. Avqustun 25-də Tarif Şurasının keçirdiyi iclasda 801 dərman vasitəsinin yeni qiyməti təsdiqləndi. Bundan əlavə, 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salındı. Həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər endirildi.

Avqust ölümlər və həbslərlə də yadda qaldı. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə hökm oxundu. Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il yarım, Arif Yunus is 7 il həbs edildi.

Onlar dövlətə xəyanətdə, qanunsuz sahibkarlıq, dələduzluq, vergidən yayınmada ittiham olunurdular. Yunuslar ittihamları qəbul etmədilər, həbslərini siyasi sifariş adlandırdılar. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə cavabında bildirdi ki, məsələ məqsədyönlü şəkildə siyasiləşdirilir.

Avqustun sonlarına doğru qanlı xəbərlər gündəmi tutdu. Narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş vətəndaş Bəhruz Hacıyev özünü pəncərədən ataraq öldürdü. Qarşı tərəfin dedikləri belə idi. Ailəsi isə mərhumun döyülərək öldürüldüyünü iddia edirdi. Polis məntəqəsi qarşısında insanlar toplaşdı və etirazlarını bildirdiər. Onların çoxu saxlanıldı və nəzarətə götürüldü.

Hadisə ilə əlaqəli olan və polis sıralarından qovulan baş leytenant Şahlar Şahlarzadə həbs edildi. DİN-in rəsmi açıqlamasında bildirildi ki, polis baş leytenantı Şahlar Şahlarzadə cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozub.

Gündəmin ən qaynar mövzularından biri də jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi xəbəri oldu. İddialara əsasən, o, avqustun 8-də “Qəbələ”nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Məlum olub ki, xəstəxanaya yerləşdirilən Rasim Əliyev daxili qanaxma nəticəsində dünyasını dəyişib. Hadisələrin gedişatında Cavid Hüseynov həbs olundu. Jurnalistin həmkarları isə onun ölümündə ən azı futbolçu qədər həkimlərin “rolunun olduğunu” dedilər. Səhiyyə işçilərinin də istintaqa cəlb olunmasını tələb etdilər.

Avqustun qızmar günlərində müzakirə olunan mövzulardan biri də Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyevanın Əminə adlı balaca körpəni övladlığa götürməsi oldu. Maraqlıdır ki, bu xəbərin qarşılığında bir neçə gün sonra paylaşılan statistikada göstərilirdi ki, son 1 ildə 27 mindən çox abort faktı qeydə alınıb.

İnsanlar və gündəm dəyişkən olsa da, Bakı olimpiadalara ev sahibliyi etmək ənənəsini avqustda da dəyişmədi. Avropa Oyunlarında gümüş medal qazanan idmançılardan biri “qazancını”, yəni əldə etdiyi gümüş medalı “eBay” internet auksionunda 139 dollara satışa çıxaranda, “küləklər şəhəri” yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcəyini bildirdi.

Bundan əlavə, Bakı 47-ci Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi etdi.

Avqust ayı üçün ən sevindirici xəbərsə, Azərbaycanın “Microsoft Imagine Cup 2015”də ikinci olması idi. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycan ilk dəfə idi ki təmsil olunurdu. ABŞ-ın Sietl şəhərində keçirilən sonuncu – final mərhələsində ölkəmizi “NoObs” komandası təmsil edirdi.

Gündəmdə bir də Göygül vardı. Uzun zaman idi ki, turistlər Göygölün, Göygöl də turistlərin üzünə həsrət qalmışdı. Vətəndaşlar öz vətənində olan qoruğa girə bilməməkdən şikayətlənirdilər. Milli Parka turistlərin girişinə qoyulmuş məhdudiyyətlər aradan götürüldü. Elə həmin gün qoruğun çirkləndirilməsi, insanların oranı natəmiz saxlaması xəbəri yayıldı və fotolar çəkilərək sosial şəbəkələrdə paylaşıldı.

Avqust mövzularla qaynadı. Amma irəlidə payız var, görək, fəslin havası kimi gündəmin havası da sərinləyəcək, yoxsa qızmar istilər yenə davam edəcək?!

Nərmin Nöqtə